Fiziki coğrafiya

Cənubi Amerikanın daxili suları

  • Yazar
  • 16-mar-2025, 00:47
  • 49 Baxış

 

Cənubi Amerika ən sıx çay şəbəkəsinə malikdir və burada planetin ən bolsulu çayı olan Amazon axır. Amazonun uzunluğu Maranyon və Ukayali çaylarının birbirinə qovuşduğu yerdən hesablanır. Çayın mənbəyi And dağlarından başlayan Ukayalidən hesablandığı halda, o həm də dünyanın ən uzun çayı kimi qəbul edilir. Amazon Atlantik okeanına tökülür. Əsasən, yağış suları ilə qidalanır. Çay ilboyu bolsulu olur. Buna səbəb Amazonun ekvatorial iqlim qurşağında olması çayın sol qollarınn şimal subekvatorial, sağ qollarının isə cənub subekvatorial iqlim qurşağında yerləşməsidir.

Аmazon hidroenerji potensialı ilə zəngindir. Çayın üzərində SES yoxdur, lakin onun qolları üzərində bəndlər və SES-lər tikilmişdir. Eninin, dərinliyinin çox və ilboyu bolsulu olması Amazon çayını gəmiçilik üçün əlverişli edir. Nəhəng okean gəmiləri çaya daxil olur və mənsəbdən 1700 km-dək məsafədə yerləşən Manaus limanına qədər qalxır. Аmazon nadir endemik heyvan və bitkilərin yaşadığı yerdir.


Anakonda. Amazon çayının ən məşhur canlısı anakondanın uzunluğu 12 m-dir. Anakondanın zəhəri yoxdur, o, şikarını diri-diri udur.

Viktoriya Regiya. Dünyada ən böyük zanbaqdır. Yarpağının diametri 1,5 mdir. O üstündə 12–13 yaşlı uşağı saxlaya bilir.

Piranya. 20 sm-lik kiçik balıqdır. Piraniyalar sürü ilə hücum edir və bir neçə dəqiqə ərzində iri heyvanı parçalaya bilirlər.

Piraruka balığının uzunluğu 5 m-ə, çəkisi isə 200 kq-a çatır.

Materikin digər iri çayı – Paranadır. Onun mənbəyi Braziliya yaylasındadır. Cənuba doğru axaraq subekvatorial, tropik və subtropik iqlim qurşaqlarından keçir və La-Plata körfəzinə tökülür. Əsasən, yağış suları ilə qidalanır. Parana çayının bolsululuq dövrü Cənub yarımkürəsinin yay ayları olan dekabr–fevral aylarına düşür.

• Parana çayının Braziliya və Argentinanın iqtisadiyyatında rolu böyükdür. Çayın təsərrüfatda rolu yalnız enerji istehsalı ilə məhdudlaşmır. Parana və onun qolları ağac axıdılması, suvarma, balıqçılıq, nəqliyyat və məişət məqsədilə istifadə edilir.

• İtaypu – Braziliya və Paraqvay sərhədində Parana çayı üzərində SES-dir. Burada istehsal olunan elektrik enerjisi Braziliyanın tələbatının 20%-ni, Paraqvayın isə 90%-ni ödəyir.

Cənubi Amerikanın şimalında Qviana yaylasından başlayaraq eyniadlı düzənliklə Orinoko çayı axır. Çay mənsəbində delta yaradır. Şimal yarımkürəsinin subekvatorial iqlim qurşağında yerləşdiyinə görə Orinokonun hövzəsinə yay aylarında bol yağıntı düşür. Dünyanın ən hündür şəlaləsi olan Anhel (1054 m) Orinoko çayının qolu üzərində (Çurun qolu) yerləşir. Çayın hövzəsi sıx meşələrlə örtülmüşdür. Orinokonun yerləşdiyi Venesuelanın meşə məhsulları ixracatçısı olması da bununla əlaqədardır. Çayın hidroenerji resurslarından az istifadə edilir.

• Anhel şəlaləsi YUNESKO-nun ümumdünya irs siyahısına daxil olan Kanayına Milli Parkının ərazisində yerləşir. Bu, dünyada sahəsinə görə ən böyük parklardan biridir və buraya hər il milyonlarla turist gəlir.

Anhel şәlalәsi. Venesuela

Cənubi Amerika çaylarının əksəriyyəti Atlantik okeanı hövzəsinə aiddir. Bu, materikin qərbdən şərqə doğru meyilli və And dağlarının Atlantik və Sakit okeanlar arasında suayırıcısı olması ilə əlaqədardır. Materikdə Sakit okeana tökülən iri çayların formalaşması mümkün deyil.

Cənubi Amerikanın gölləri çox deyildir. Burada iri göllər yoxdur. Sahəsinə görə ən böyük gölləri Marakaybo və Titikaka gölləridir.

 Titikaka - dünyanın ən hündür dağ göllərindən sayılır. Çox yüksəkdə yerləşdiyi üçün onun suyu həmişə soyuq olur.


Titikaka gölü.
Gölün ətrafında Cənubi Amerikanın endemik heyvanı olan lamaya(alpaqa) rast gəlinir.
Marakaybo gölü materikin şimalında yerləşir, ensiz və dayaz kanal vasitəsilə Venesuela körfəzi və Karib dənizi ilə birləşsə də, göl adlanır. O, Cənubi Amerikanın ən iri gölüdür.
 Katatumbo çayının Marakaybo gölünə töküldüyü yerdə il ərzində 1,2–1,6 milyon dəfə, yəni hər gecə 7–10 saat şimşək çaxır. Bu hadisə And dağlarından gələn hava kütlələri ilə yerli bataqlıqdan qalxan metan qazının toqquşması ilə izah edilir. Şimşək 400 km uzaqlıqdan görünür. Bu, ətraf sularda üzən gəmilər üçün “təbii mayak”- dır.
Marakaybo gölündə neft hasilatı
“Katatumbomöcüzәsi”. Marakaybo gölü üzərində ildırım hadisəsi
                                                                                                                   Aygün Qurbanova
MİQ. Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz
Əlaqə: 050-768-97-12
img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?