Litosfer tavaları və onların hərəkətinin nəticələri
- Yazar
- 25-sen-2024, 14:46
- 821 Baxış
Bir zamanlar okean və dənizlərin dibində toplanan canlıların qalıqlarına müxtəlif ərazilərdə və süxurların arasında laylar formasında rast gəlinir. Onlar bir çox hallarda hazırkı su hövzələrindən yüzlərlə kilometr kənarda yerləşir.
Sərhədlərinin keçməsindən asılı olaraq materik və okean tipli litosfer tavaları ayrılır. Əhatə etdiyi əraziyə görə litosfer bir neçə iri tavaya bölünür. Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Afrika, Hind-Avstraliya, Antarktida və Sakit okean Yer üzərində ayrılan böyük litosfer tavalarıdır. Yerdə bir neçə kiçik litosfer tavaları da ayrılır (Filippin, Karib, Ərəbistan, Kokos və Naska). Sakit okean yalnız okean yer qabığına, digər böyük litosfer tavaları həm materik, həm okean yer qabığına malikdir. Kiçik tavalardan Ərəbistan materik tipli, qalanları isə okean tipli yer qabığına malikdir. Litosfer tavalarının yaxınlaşma sərhədləri konvergent sərhədlər* adlanır. Litosfer tavalarının kənarlaşma sərhədlərinə divergent sərhədlər* deyilir.
Litosfer tavalarının hərəkət sxemi
Alfred Vegener 1912-ci ildə materiklərin üfüqi hərəkət etməsi fikrini irəli sürmüşdür. XX əsrin 60-70- ci illərində Yerin tektonik quruluşu haqqında fikirlərin inkişaf etməsi və kosmosdan çəkilən şəkillər A.Vegenerin nəzəriyyəsinin doğruluğunu sübut etdi. Litosfer tavaları sərhədlərinin yerləşməsindən asılı olaraq üç hərəkət istiqaməti fərqləndirilir:
1) Okean tipli yer qabığına malik olan iki litosfer tavası bir-birindən kənarlaşır. Nəticədə vulkan püskürməsi ilə orta okean silsilələri* yaranır (məsələn, Şimali və Cənubi Atlantika silsilələri). Onların zirvələri olan Azor,
İslandiya, Müqəddəs Yelena, Pasxa adaları okeanın səthindən yuxarı qalxaraq adalar əmələ gətirir. Litosfer tavalarının uzaqlaşması nəticəsində Atlantik və Hind okeanlarının sahələri
2) Materik tipli yer qabığına malik olan iki litosfer tavası toqquşur. Bu zonalar konvergent sərhədlər adlanır. Nəticədə quruda iri dağ sistemləri yaranır. Avrasiya, Afrika və Hind-Avstraliya tavalarının toqquşması nəticəsində Alp-Himalay qurşağına aid dağlar yaranır.
3)Materik və okean tipli yer qabığına malik olan iki litosfer tavası bir-birilə toqquşarkən sahilboyu quruda dağlar, okeanda dərin okean çökəklikləri * (novlar) yaranır. Məs.: And dağları və Peru çökəkliyi. Bəzən novlara paralel olaraq adalar qövsü * əmələ gəlir. Məs.: Aleut adaları və Aleut novu, Marian adaları və Marian novu.
Materik və okean tipli yer qabığına malik olan litosfer tavalarının hərəkəti nəticəsində Sakit okeanın sahəsi tədricən azalır.
Yerin geoloji inkişafının ilkin mərhələsində onun səthi əsasən su ilə örtülmüş, qurunun sahəsi kiçik olmuşdur. Litosfer tavalarının bir-birindən kənarlaşması nəticəsində onların səthində dərin çatlar əmələ gəlmiş, güclü vulkan püskürməsi baş vermişdir. Sonrakı mərhələdə isə litosfer tavalarının bir-biri ilə toqquşması nəticəsində dağəmələgəlmə prosesi güclənmiş, Yerin səthində qalxmalar baş vermişdir. Qalxmalar nəticəsində qurunun sahəsi genişlənmiş, okeanın səthi isə kiçilmişdir.
Avrasiya və Ərəbistan litosfer tavalarının sərhədində yerləşən Azərbaycanda da tektonik proseslər müşahidə olunur. Burada qırılma zonaları yaranmışdır.
Aygün Qurbanova