Qırışıqlıq vilayətləri və platformalar
- Yazar
- 30-sen-2024, 01:37
- 84 Baxış
Litosfer tavalarının hərəkətinin nəticəsində Yer səthində iri tektonik strukturlar – geosinklinallar və platformalar yaranmışdır. Geosinklinallar – Yer səthinin cavan və mütəhərrik (hərəkətli) sahələri, platformalar isə Yerin qədim və sabit (hərəkətsiz) hissələridir.
Geosinklinallar Yerin geoloji inkişafının son və müasir mərhələsində – Kaynozoy erasında formalaşmışdır. Geosinklinalın inkişafında 4 mərhələ ayrılır.
Birinci mərhələdə (1) Yer qabığının böyük bir hissəsi enməyə başlayır. Burada dəniz hövzəsi yaranır, onun dibində qalın çökmə süxurlar toplanır. Yer qabığında təzyiq və temperaturun artması bu süxurların qismən metamorfizləşməsınə (yüksək təzyiq və temperatur şəraitində dəyişməsi) səbəb olur.
İkinci mərhələdə (2) Yer qabığının enməsi davam edir, lakin ayrı-ayrı hissələrdə qalxma baş verir. Çökmə süxurların toplanması ilə yanaşı, vulkanizm fəaliyyəti də artır. Bu mərhələ çökmə süxur qatlarının parçalanması, çoxlu sayda enmə (sinklinal) və qalxmaların (antiklinal) yaranması ilə nəticələnir.
Üçüncü mərhələdə (3) Yer qabığının enməsi dağəmələgəlmə prosesləri ilə əvəz olunur. Sadə qırışıqlıqların, yəni sinklinal və antiklinalların birləşməsi nəticəsində iri dağ sistemləri əmələ gəlir.
Dördüncü mərhələdə (4) daxili proseslər zəifləyir, xarici proseslərin təsiri ilə dağlar milyon illər ərzində tədricən dağılaraq düzənliklərə çevrilir. Geosinklinalın inkişafının bu mərhələsinə platforma mərhələsi deyilir.
Müasir geosinklinal vilayətlər litosfer tavalarının sərhəd zonalarında yerləşir, cavan dağlara və seysmik ərazilərə uyğun gəlir. Bu vilayətlər geosinklinalın inkişafının 3-cü mərhələsindədir, yəni burada fəal dağəmələgəlmə prosesləri gedir və bu proseslər özünü zəlzələ və vulkanizm hadisələrində göstərir. Qədim dağlar isə geosinklinalın son inkişaf (platforma) mərhələsindədir.
Seysmik qurşaqlar hesab olunan Alp-Himalay və Sakit okean odlu halqası (And- Kordilyer və Avraziyanın şərqi) eyni zamanda geosinklinal qurşaqlardır.
Platformalar Yer qabığının daha sabit sahələri olub, tavaların mərkəzi hissələrində yerləşir. Onlar geosinklinalın inkişafının son mərhələsində yaranmış, Yer qabığında çökmə süxurların üfüqi şəkildə toplandığı və qalın olduğu hamarlanmış ərazilərdir.
Platformalar quruluşuna görə iki qatdan – kristallik bünövrə və örtük qatlarından ibarətdir. Kristallik bünövrə maqmatik (əsasən, qranit) və metamorfik süxurlardan təşkil olunmuşdur. Onun üzərində isə çökmə süxurlardan ibarət qat yerləşir.
Platformaların əyilmiş hissələrində qalın çökmə süxurlar toplandığından bu ərazilərdə çökmə mənşəli (neft, təbii qaz və s.) faydalı qazıntılar yayılmışdır. Sipər və qalxmış ərazilərdə isə maqmatik və metamorfik süxurlar səthə çıxdığından filizlər və digər vulkanik mənşəli faydalı qazıntılara rast gəlinir.
Platformalar geoloji yaşına görə qədim (Şərqi Avropa, Afrika-Ərəbistan, Antarktida, Sibir və s.) və cavan (Turan, Qərbi Sibir) olur. Qədim platformaların bünövrəsi Kembriyəqədərki dövrdə (Arxey, Proterozoy), cavan platformalarınkı isə Paleozoy erasında əmələ gəlmişdir
Aygün Qurbanova