Fiziki coğrafiya

Yerin daxili quruluşu

  • Yazar
  • 25-sen-2024, 11:59
  • 50 Baxış

 

Yerin daxili hissələri nisbətən zəif öyrənilmişdir. Lakin aparılan müşahidələr və həyata keçirilən hesablamalar müəyyən nəticələr əldə etməyə imkan vermişdir. Yerin səthindən mərkəzinə doğru Yer qabığı, mantiya və nüvə təbəqələri ayrılır. Yerin daxilində onun nüvəsi yerləşir. Nüvəyə doğru getdikcə temperatur və təzyiqin artması güman edilir. Nüvə ağır metal olan dəmir və nikeldən təşkil olunmuşdur. Maddələrin temperaturu nüvədə 4000-6000°C-yə çatır.

Yerin daxili quruluşu

Yerin nüvəsinin üzərində yerləşən mantiya qatı təxminən 2900 km qalınlığa malikdir. Yunancadan tərcümədə “üst geyim” mənasını verən mantiyanın əsasən dəmirin birləşməsindən ibarət olması ehtimal olunur. Mantiya planetimizin həcminin 80%-dən çoxunu təşkil edir. Mantiyada olan maddələr yer qabığına nisbətən yüksək temperatura malikdir və 2000°C-yə çatır. Belə yüksək temperatur şəraitində maddələr sıx haldadır.

Mantiyada maqma ocaqları yaranır və çatlarla Yerin səthinə çıxır. Ona görə də Yer səthində baş verən vulkan püskürmələri və zəlzələlərin ocağı mantiyada yerləşir.

Yerin daxili qatlarının öyrənilməsi üçün müxtəlif üsullar tətbiq olunur. Dağların yamaclarında üzə çıxan qayaların yatım ardıcıllığı, çayların və dənizlərin sahillərində sıldırım qayalar yerin daxili hissələrinin öyrənilməsi üçün istifadə olunur. Lakin Yerin daxili qatlarının öyrənilməsi üçün qazılan xüsusi quyuların köməyi ilə alınan məlumatlar daha böyük əhəmiyyət kəsb edir. XX əsrin 70-ci illərindən başlayaraq, Rusiyada yerləşən Kola yarımadasında dərinliyi 12262 m-ə çatan quyu qazılmışdır. 2008-ci ildə Qətərdəki Əl-Şahin neft yatağında 12290 m dərinlikdə, 2017-ci ildə Saxalin adasında 15 km dərinlikdə neft quyusu qazılmışdır. Belə quyu Azərbaycanda Saatlı rayonunda da qazılsa da, çox dərin olmamışdır. Onlar yer qabığının quruluşu, tərkibi, süxurların mənşəyi və dəyişməsi haqqında məlumatlar əldə etməyə imkan verir.
Planetimizin səthini nüvə və mantiya ilə müqayisədə çox nazik olan yer qabığı örtür. Mantiyanın üst hissəsində yerləşən yer qabığı bərk halda olan minerallar və dağ süxurlarından ibarətdir. Onun çox hissəsi okean suları ilə örtülür. Yer qabığının qalınlığı okeanların altında 5-10 km, dağlarda 70-80 km-ə qədərdir. Yer qabığı ilə üst mantiya birlikdə litosfer (yun. litos-daş, sfera-təbəqə) təbəqəsini əmələ gətirir. Onun qalınlığı materikdə 150-200 km-ə qədər, okeanlarda isə 90 km-ə çatır.

Müxtəlif kimyəvi elementlər birləşərək eyni fiziki xassəyə malik olan mineralları əmələ gətirir. Mineralların birləşməsindən süxurlar yaranır. Deməli, süxur eyni təbii xassəyə malik olan mineralların birləşməsidir. Minerallar eyni tərkibə malikdir. Dağ süxurlarının tərkibi daha mürəkkəbdir. Hər ikisinə daxil olan təbii birləşmələr tərkibinə, möhkəmliynə, rənginə, sıxlığına, parlaqlığına və ərimə temperaturuna görə fərqlənir. Çünki, onların yer qabığında və onun daxilində əmələgəlmə və dəyişmə şəraiti müxtəlif olur. Süxurlar maqmatik, çökmə və metamorfik mənşəli olur.

Maqmanın Yer səthinə çıxması və ya müəyyən dərinlikdə soyuması nəticəsində maqmatik süxurlar yaranır. Onlar sıx, möhkəm və ağır olur. Bu zaman əmələ gələn süxurların daxili quruluşu maqmanın soyuma sürətindən asılıdır. Bazalt, vulkan şisti, pemza, qranit maqmatik süxurlardır.

 

Çökmə mənşəli süxurlar Yer səthində əmələ gəlir, ağırlıq qüvvəsinin təsiri ilə qurudakı alçaq ərazilərdə və su hövzələrinin dibində çökür. Bu süxurlar tərkibinə və mənşəyinə görə muxtəlif olur.

Bu süxurların bir qrupunun əmələ gəlməsi möhkəm süxurların aşınma və yuyulma prosesində dağılması, axar sular, buzlaqlar və külək vasitəsilə alçaq sahələrə aparılması ilə əlaqədardır. Daşınma zamanı onlar bir az da xırdalanır, aşınır və cilalanır. Nəticədə qum, gil, çınqıl, lil kimi çökmə süxurları yaranır. Su hövzələrinin dibində mineral maddələrin çökməsi nəticəsində gips, kalium və xörək duzları yaranır.

Göllər, dənizlər, okeanların dibində bitki və heyvan qalıqlarının milyon illər ərzində toplanması ilə kömür, torf, yanar şist, neft, təbii qaz, əhəng daşı, dolomit, fosforit, təbaşir əmələ gəlir.

Metomorfik süxurlar yüksək təzyiq və temperatur şəraitində maqmatik və çökmə mənşəli süxurların dəyişməsindən yaranır. Bəzən maqmanın yer qabığı qatlarına daxil olması və ya yer qabığının müəyyən sahələrinin çökməsi nəticəsində süxurlar dəyişilir. Nəticədə onlar yeni xassələrə malik olur. Belə dəyişmə prosesində süxurların kimyəvi tərkibi az, fiziki xassələri isə tam dəyişilir. Metamorfizm prosesi (metamorfoz – yun. çevrilmə) nəticəsində kristallik quruluşlu, möhkəm və davamlı süxurlar yaranır. Bu proses nəticəsində əhəng daşından mərmər, qum daşından kvarsit, qranitdən qneys, gildən gilli şist, kömürdən almaz yaranır.

 

Müəyyən vaxtdan sonra möhkəm xassələrə malik olan maqmatik və metamorfik süxurlar yer səthinə çıxır, uçulub dağılır, nəticədə qırıntı mənşəli süxurlara çevrilir. Yer qabığı, əsasən, maqmatik və metamorfik süxurlardan təşkil olunur, yer səthinin çox hissəsi çökmə süxurlarla örtülür.

Materik və okean tipli yer qabığı. Yer qabığının ayrı-ayrı sahələrində süxurların tərkibi və qalınlığı müxtəlifdir. Materiklərin və okeanların altında yerləşən Yer qabığı həm quruluşuna, həm də qalınlığına görə fərqlənir. Ona görə də materik və okean tipli Yer qabığına ayrılır.

Materik tipli Yer qabığı materiklərin bünövrəsini tutur. Materik Yer qabığının qalınlığı düzənliklərdə 30-40 km, dağlarda isə 70-90 km götürülür. Materik Yer qabığı 3 laydan – yuxarıda yerləşən çökmə süxurlardan, ondan aşağıda yatan qranit qatından və nəhayət, bazalt laylarından ibarətdir. Materiklərdə Yer qabığının ən qalın yeri Himalay dağlarında 90 km-ə çatır.

Okean tipli Yer qabığı planetimizin səthinin 60%-ə qədərini əhatə edir. Onun əsas cəhəti nazik olmasıdır, orta qalınlığı 5-7 km-dir. Lakin bu nazik qat da iki laydan - çökmə süxurlar və bazalt layından ibarətdir. Ən nazik Yer qabığı Marian çökəkliyində 5 km-ə çatır.

Materik və okean yer qabığı

       
                Aygün Qurbanova

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?