Fiziki coğrafiya

Azərbaycanın relyefi

  • Yazar
  • 02-noy-2024, 00:43
  • 16 Baxış

 

Azərbaycanın ərazisi relyef xüsusiyyətlərinə görə kəskin seçilən Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları, Kür-Araz ovalığı, Arazboyu düzənliklərdən ibarətdir.

Böyük Qafqaz Taman yarımadasından (Rusiya) Abşeron yarımadasına qədər 1500 km məsafədə şimal-qərbdən cənub-şərqə doğru uzanır. Azərbaycan ərazisində onun yalnız cənub-şərq hissəsi yerləşir. Bu hissə Tinov-Rosso zirvəsindən başlayaraq yastı yayla və alçaq sualtı tirələrlə Xəzər dənizinə keçərək Türkmənistan sahillərinə qədər uzanır.

Böyük Qafqaz dağlarında əsas yeri Baş Qafqaz silsiləsi tutur. Həmin silsilənin Babadağ (3629 m) zirvəsinə qədər olan hissəsi kəskin parçalanmışdır, daha hündürdür və ən yüksək zirvələr (Bazardüzü, 4466 m) burada yerləşir. Babadağdan cənub-şərqə doğru silsilə tədricən alçalır, yamaclar hamarlanır. Bunun səbəbi həmin istiqamətdə dağəmələgəlmə prosesinin zəifləməsidir.

Azərbaycanın ən hündür zirvəsi –
Bazardüzü (4466 m)
Bazardüzü Azərbaycanın Rusiya ilə sərhədində, Qusar rayonu ərazisində yerləşir. Onun koordinatları 41° şm.e. və 47° ş.u.-dur. Orta əsrlərdə zirvədən şərqdə yerləşən Şahnabad dərəsində hər il yarmarkalar keçirilərmiş. Buraya azərbaycanlı, rus, fars və hind tacirləri gələrmiş. Bazardüzü ətrafdakı zirvələrin fonunda daha əzəmətli göründüyü və uzaqdan seçildiyi üçün bazara gələn bütün karvanlar onun buzlu zirvələri görünən kimi sola dönərək yolu taparmış. Bu səbəbdən dağın adı Bazardüzü adlandırılmışdır.
Bazardüzü 1847-ci ildə rus topoqrafı A. Aleksandrov tərəfindən, 1993-cü ildə isə azərbaycanlı alpinistlər E.Rəhimov və Y.Əsədov tərəfindən fəth edilmişdir. Zirvə, demək olar ki, ilboyu buludlarla örtülü olur.

Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə münasibətilə Baş Qafqaz silsiləsində Bazardüzü zirvəsindən şərqdə yerləşən adsız yüksəkliyə “Zəfər zirvəsi” adı verilmişdir. Zirvə Qusar rayonu ərazisində yerləşir və hündürlüyü 4301 m-dir.

Böyük Qafqazın zirvələri
Zirvələrin adı Dəniz səviyyəsindən yüksəkliyi, m Yerləşdiyi dağ silsilələri
Bazardüzü 4466 Baş Qafqaz silsiləsi
Zəfər zirvəsi 4301 Baş Qafqaz silsiləsi
Şahdağ 4243 Yan silsilə
Yarıdağ 4116
Tufandağ 4191 Baş Qafqaz silsiləsi
Bazaryurd 4126
Ç.Mustafayev 4063
Raqdan 4020
Heydər zirvəsi 3755
Babadağ 3629
Salavat aşırımı 2915
Dübrar 2205

Kiçik Qafqaz dağları Böyük Qafqaza nisbətən az parçalanmışdır. Azərbaycan daxilində Kiçik Qafqaz dağlarının ən mühüm silsilələri Şahdağ, Murovdağ, Şərqi Göyçə, Qarabağ dağları və Qarabağ vulkan yaylası, həmçinin Naxçıvan ərazisində yerləşən Zəngəzur və Dərələyəz silsilələridir. Kiçik Qafqazın ən yüksək zirvəsi – Qapıcıq (3904 m) Zəngəzur silsiləsində yerləşir.

Kiçik Qafqazın zirvələri
Zirvələrin adı Mütləq yüksəklikləri, m Yerləşdiyi dağ silsilələri
Qapıcıq 3904 Zəngəzur sıra dağları
Qazangöldağ 3829
Biçənək aşırımı 2346
Gamışdağ 3724 Murovdağ sıra dağları
Hinaldağ 3367
Ömər aşırımı 3261
Kəpəz 3066
Dəlidağ 3616 Qarabağ vulkan yaylası
Böyük İşıqlı 3550
Qızılboğaz 3581
Böyük Kirs 2725 Qarabağ sıra dağları
Küküdağ 3120 Dərələyəz

Araz çayının sol sahilində yüksəkliyi 600 m-dən artıq olan Arazboyu (Orta Araz) maili düzənlikləri uzanır. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yaycı və Ordubad düzləri buradadır.

Talış dağları respublikamızın cənub-şərq qurtaracağında yerləşir. Bu dağ sistemi paralel uzanan Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Ən uca zirvələri Kömürköy (2493 m) və Qızyurdu (2433 m) Talış silsiləsində yerləşir. Dağlar tədricən Xəzər sahilinə doğru ensiz Lənkəran ovalığına keçir.

Kür-Araz ovalığı (Mərkəzi Aran) Böyük və Kiçik Qafqaz dağları arasında yerləşir. Bu ovalıq Kür çökəkliyinin çox hissəsini əhatə edir və qərbdən şərqə doğru tədricən genişlənərək Xəzər sahillərinə qədər uzanır. Ovalığın ərazisinin xeyli hissəsi okean səviyyəsindən aşağıda yerləşir.
Təsərrüfatın ayrı-ayrı sahələrini inkişaf etdirmək üçün Azərbaycanın relyefinin istifadə olunma imkanları eyni deyil. Ölkəmizin düzənlik və dağətəyi rayonları suvarma və dəmyə əkinçiliyi, qış otlaqları kimi istifadə edilir. Əsas sənaye mərkəzləri, iri şəhərlər, nəqliyyat magistralları da buradadır. Yüksəklik və yamacların meyilliliyi artdıqca ərazinin mənimsənilməsi də çətinləşir. Orta dağlıq ərazilərdə dəmyə əkinçiliyi üstünlük təşkil edir. 2000 metrdən yüksəkdə mürəkkəb relyef şəraiti, sıldırımlı yamaclar, dərin dərələr təbii sərvətlərin mənimsənilməsini və nəqliyyatın işini çətinləşdirir. Bu ərazilərdən otlaq və biçənək kimi istifadə olunur.

Azərbaycanın ekzogen relyef formaları.relyef formalarını endogen, nisbətən kiçik relyef formalarını isə ekzogen qüvvələr yaradır. Daxili və xarici qüvvələrin birgə təsirindən asılı olaraq relyef fasiləsiz dəyişir. Bu, əsasən, denudasiya (süxurların dağılması və daşınması) və akkumulyasiya (süxurların toplanması) prosesləri nəticəsində baş verir. Denudasiya yüksəklik, yayla və dağlıq, akkumulyasiya isə hamar düzənlik ərazilərdə baş verir.

Dağ yamaclarında sukeçirməyən gilli süxurların üzərində
sukeçirən qumlu-çınqıllı laylar üst-üstə yerləşdikdə sürüşmə
baş verir. Ağırlıq qüvvəsinin təsiri ilə sukeçirən süxur layı
sukeçirməyən süxurların islanmış səthinin üzəri ilə aşağı sürüşür.
Sürüşmələr gur yağışlar və qarların əriməsi nəticəsində baş
verir. Seysmik hadisələr və təsərrüfat işləri zamanı bu proses
daha da fəallaşır. Bu hadisə yüksək dağların daha çox meyilliliyə
malik olan yamaclarında tez-tez baş verir. Sürüşmələr
əkin sahələrinə, yaşayış məntəqələrinə, yollara böyük ziyan
vurur. Onların qarşısını almaq üçün yamacbərkitmə işləri görülür, terraslaşdırma
aparılır, drenajlar vasitəsilə sürüşmə zonalarında toplanan yeraltı sular axıdılır,
çılpaq yamaclarda meşə və kolluqlar salınır.

Quraq iqlimə malik ərazilərdə müvəqqəti axınların təsiri ilə yaranan relyef formaları arid-denudasiya relyefi adlanır. Bu relyef formaları gillərin və qumdaşlarının yayıldığı Ceyrançöl–Acınohur alçaq dağlığında, Abşeron–Qobustanda, Naxçıvanın orta dağlıq ərazilərində yayılmışdır. Arid-denudasiya relyef formalarına yarğanlar, qobular, bedlendlər aiddir. Yarğanlar – yağış və qar sularının süxurları yuması nəticəsində yaranan quru dərələrdir.

Arid-denudasion relyef
Yarğan
Qobu
Bedlend
Karda əmələ gəlmiş göl
Böyük Qafqazda troq dərələri

Qobu – yarğanın inkişafının son mərhələsində yaranan və dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.

Bedlend (ing. – “pis torpaqlar”) – səhra və yarımsəhra zonalarında gilli torpaqların külək və axar sular tərəfindən eroziyası nəticəsində yaranan əkinə yararsız ərazilərdir.

Yüksək dağlıq ərazilərdə nival-buzlaq relyef formaları (troq dərələri, karlar, morenlər, sirklər) yayılmışdır.

Relyefin eroziyası nəticəsində yaranan çay dərələri formalarına görə bir-birindən kəskin fərqlənir. Yumşaq əhəngdaşı süxurlarını kəsib keçən çaylar kanyonvarı dərələr yaradır. Belə dərələr Böyük Qafqazın şimal-şərq yamaclarında daha çoxdur.

Bərk süxurlarda yaranan çay dərələri dərin, dar, çox hallarda isə V-şəkilli olur. Böyük və Kiçik Qafqazda, həmçinin Naxçıvanın yüksək dağlıq zonalarında belə dərələr geniş yayılmışdır. Gilli süxurları kəsən çay dərələri, adətən, geniş olmaqla yamaclarının nisbətən az meyilliliyi ilə fərqlənir və U-şəkilli dərələr adlanır. Belə dərələr respublikamızın alçaq dağlıq və düzənlik zonaları üçün daha səciyyəvidir.

Ölkəmizin bütün düzənlikləri akkumulyativ relyef formalarına malikdir. Dağətəyi düzənliklərdə, xüsusilə Qanıx-Əyriçay çökəkliyində, Şirvan düzündə, Gəncə-Qazax və Qarabağ düzənliklərində çayların yaratdığı yelpikvarı gətirmə konusları yayılmışdır. Kür-Araz ovalığında allüvial çay düzənlikləri, Lənkəran, Samur-Dəvəçi ovalıqlarında və Kür-Araz ovalığının Xəzərsahili ərazilərində dəniz dalğalarının fəaliyyəti nəticəsində abraziya düzənliklər yaranmışdır

Dağlıq ərazilərdə karst mağaralarına rast gəlinir. Onlar suda həllolan yumşaq əhəngdaşı, gips, dolomit süxurlarının yeraltı sularda həll olaraq boşluqlar əmələ gətirməsindən yaranır

Düzən rayonlarında insanların təsərrüfat fəaliyyəti ilə əlaqədar antropogen relyef adlandırılan süni relyef formaları – kanallar, kollektorlar və drenajlar, su anbarları, bəndlər, yollar və s. yaradılmışdır.



           Aygün Qurbanova

Miq,Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.

Əlaqə : 0507689712

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?