Avstraliyanın daxili suları
- Yazar
- 08-apr-2025, 23:27
- 73 Baxış
• Cәhrayı Hiller gölü – Avstraliyanın cənub sahili yaxınlığındakı adada yerləşir. Göl vaxtilə okeana bitişik olmuş, sonradan ayrılmışdır. Göldə suyun rəngi tünd-çəhrayıdır. Gölün suyunu stəkana tökdükdə belə onun rəngi dəyişmir. Suya çəhrayı rəngi oradakı bakteriya və mikroskopik su yosunlarının həyat fəaliyyəti nəticəsində yaranan maddələr verir. Əvvəllər göldən duz çıxarırdılar. Hazırda isə göl təbiət abidəsi kimi turistləri cəlb edir.
Avstraliya iqliminin quraq olması materikdə çay və göllərin az olması ilə nəticələnir. İl ərzində bütün Avstraliya ərazisindən okeana cəmi 350 km3 su axır (dünya çaylarının ümumi axınının 1%-dən az).
Murrey-Darlinq çay sisteminə daxil olan çayların qidasını Böyük Suayırıcı dağlarına düşən yağış və yeraltı suları təşkil edir. Çayların ən bol sulu vaxtı ilin isti dövründə olur. Su anbarları və bəndlər tikilənə qədər Murrey çayının daşması fəlakətli xarakter alırdı. Bu zaman çaylar böyük miqdarda çöküntü materialları gətirirdi. Dərə boyunca toplanan materiallar tirələr şəklində uzanaraq qolların əsas çaya tökülməsinə mane olurdu. Hazırda Murrey və onun bütün qolları çay çöküntülərindən təmizlənmişdir. Çayların üzərində tikilən su anbarlarının sayı çoxdur.
Qışda Murrey çayında suyun səviyyəsi xeyli aşağı düşür, lakin bütün il ərzində fasiləsiz axın davam edir. Murrey-Darlinq çay sistemi böyük təsərrüfat əhəmiyyətinə malikdir. Onların suyundan Murrey düzənliyinin münbit, lakin quraq torpaqlarının suvarılmasında istifadə edilir. Burada taxıl, meyvə, üzüm, tərəvəz və s. yetişdirilir. Murrey çayı gəmiçilik əhəmiyyətinə malikdir.
Sərnişin gəmiləri Böyük Suayırıcı dağların cənub hissəsində yerləşən Olberi şəhərinə qədər 2000 km-ə yaxın məsafəni qət edə bilir.
Sakit okean hövzəsinə Böyük Suayırıcı dağlarının şərq yamacından axan çaylar aiddir. Daimi passat küləklərinin gətirdiyi yağıntı hesabına bu çaylar ilboyu bol sulu olurlar. Silsilənin şərq yamacı dik olduğundan Mərcan və Tasman dənizlərinə doğru qısa, sürətli və əyri-üyrü çaylar axır. Onların hamısı yuxarı axınlarında dar dərələrə malikdir. Silsiləni kəsən bir sıra çaylar astana və şəlalələr yaradır. Burada onlardan SES-lərin tikilməsində istifadə edilir.
Eyr gölü. Avstraliya
Avstraliyada göllər çoxdur, lakin onların çoxu axarsız və duzludur; böyük bir hissəsi yalnız yağış yağdıqdan sonra su ilə dolur. Şirin sulu göllər çox azdır.
Materikin ən böyük gölü olan Eyr Mərkəzi düzənlikdə okean səviyyəsindən 16 m aşağıda yerləşir. Göl çökəkliyinə çoxlu sayda kriklər (Kuper, Eyr və s.) axır. Fiziki xəritələrdə onun sərhədləri qırıq-qırıq xətlərlə verilmişdir.
Quraq dövrdə gölün sahəsi kiçilir. Eyr gölü – Eyr-Nord və Eyr-Soutz göllərindən ibarətdir. Yağışlı dövrdə kriklər dağlardan çoxlu su gətirir və göl vahid bolsulu sututara çevrilir. Ən rütubətli illərdə Eyr gölünün sahəsi 15 min km2-ə çatır. Göldəki sular buxarlanır, hər yer duzla örtülür. Göl dayaz hissələrə parçalanır. Qərbi Avstraliya yaylasında da çoxlu axarsız göllər var.
Avstraliya regionun ən böyük şirinsulu gölləri Tasmaniyada yerləşir. Əhalinin suya olan tələbatını ödəmək üçün Avstraliyada səth suları çatışmır. Lakin Avstraliya böyük yeraltı artezian sularına malikdir. Materikdə çoxlu sayda artezian hövzələri tapılaraq istifadə olunur. Onlar sənaye və kənd təsərrüfatının su təchizatında böyük rol oynayır. Avstraliyanın ən böyük artezian hövzəsi olan Böyük Artezian hövzəsi Karpentariya körfəzindən Darlinq hövzəsinə qədər uzanır. Yeraltı sulardan çox istifadə olunması bir çox sahələrdə onların tam tükənməsinə gətirib çıxarmışdır.
Aygün Qurbanova
MİQ,Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz. Əlaqə: 050-768-97-12