Fiziki coğrafiya

Coğrafiya elminin sahələri və tədqiqat metodları

  • Yazar
  • 16-avq-2024, 11:21
  • 106 Baxış

 
Yunan dilindən tərcümədə “coğrafiya” – “geo” – "yer", “qrafos” – "təsvir edirəm" deməkdir. Uzun illər ərzində coğrafiya elmi təsviri xarakter daşımış və fiziki coğrafiyadan ibarət olmuşdur. XVIII əsrin ortalarında fəaliyyət sahələrini və əhalini öyrənən iqtisadi coğrafiya yaranmışdır. Hazırda coğrafiya yer səthinin təbiətini, əhalisini və insanların fəaliyyət sahələrini öyrənən elmdir. Bu elm sahəsi təbiətdə və cəmiyyətdə baş verən hadisələri, onların səbəb və nəticələrini, müxtəlif səbəblərdən yaranan ekoloji problemləri öyrənir.

 

Təbii tarazlığın qorunması üçün ayrı-ayrı komponentlər arasında qarşılıqlı əlaqələrin öyrənilməsi vacibdir. Bu sahədəki tədqiqatları ekoloji coğrafiya elmi aparır.

Yerşünaslıq – fiziki coğrafiyanın Yerin ümumi fiziki-coğrafi qanunauyğunluqlarını öyrənən bölməsidir.
Geomorfologiya – Yer səthinin relyefini öyrənir.
Paleocoğrafiya –Yer səthinin geoloji keçmişdəki təbiəti öyrənən elmdir.
Meteorologiya- Yer atmosferində baş verən fiziki-kimyəvi proseslərin, havanın dəyişməsi haqqında elmdir.

Okeanologiya – bütövlükdə okeanda və onun hissələrində fiziki, kimyəvi və bioloji prosesləri öyrənən elmlərin məcmusudur.

İqlimşünaslıq – Yer kürəsinin iqlimini öyrənir.
Hidrologiya – quru suları, onların digər Yer təbəqələri ilə qarşılıqlı əlaqəsini öyrənir.
Landşaftşünaslıq- Yer landşaftlarının quruluşunu və dəyişməsini öyrənən elmdir.

Torpaq coğrafiyası – Yer səthində torpaqların paylanması qanunauyğunluqları haqqında elmdir.

Biocoğrafiya – bitki, heyvan və mikroorqanizmlərin paylanması qanunauyğunluqlarını öyrənir.

Kartoqrafiya-xəritələrin tərtib olunması üsullarını öyrənir.
İqtisadi və sosial coğrafiya – cəmiyyətin iqtisadi həyatının ərazi təşkilini öyrənən elmdir.

Əhali coğrafiyası –əhali və onun inkişaf qanunauyğunluqları, əhalinin say tərkibinin göstəriciləri, onun dəyişməsi, yerləşməsi və s haqqında elmdir.
Turizm coğrafiyası – rekreasiya coğrafiyasının bölməsi olub turizmin ərazi təşkili amillərini və qanunauyğunluqlarını öyrənir.
Ölkəşünaslıq – ayrı-ayrı ölkələrin təbiətini, iqtisadiyyatını, sosial quruluşunu, dilini və mədəniyyətini öyrənən elmdir.
Kənd təsərrüfatı coğrafiyası – iqtisadi coğrafiyanın kənd təsərrüfatının yerləşməsini, onun amillərini və qanunauyğunluqlarını öyrənən sahəsidir.
Siyasi coğrafiya – siyasi hadisə və proseslərin ərazi fərqlərini öyrənən elmdir.
İqtisadi və sosial coğrafiya – cəmiyyətin iqtisadi həyatının ərazi təşkilini öyrənən elmdir.
Əhali və onun inkişaf qanunauyğunluqları, əhalinin say tərkibinin göstəriciləri, onun dəyişməsi, yerləşməsi və s. haqqında elmdir.
Sənaye coğrafiyası – iqtisadi coğrafiyanın qolu olub sənaye sahələrinin dünya və müxtəlif regionlar üzrə yerləşməsini öyrənir.
Nəqliyyat coğrafiyası – iqtisadi coğrafiyanın nəqliyyat növlərinin ərazilər üzrə inkişafını öyrənir.

İnsanların sağlamlığının qorunması daim aktualdır. Bu məqsədlə istirahət-turizm kompleksləri yaradılır. Coğrafiyanın xüsusi sahələri kimi ayrılan tibbi coğrafiya rekreasiya coğrafiyası xüsusi əhəmiyyət kəsb edir. Rekreasiya coğrafiyası turizm-rekreasiya ehtiyatlarının yerləşməsi və istifadə yollarını öyrənir.

Əhali coğrafiyasının öyrənilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu sahə əhalinin məskunlaşması, onun təbii şəraitdən asılı olması və məntəqələrin inkişaf yollarını öyrənir. Hazırda dünyanın əksər ölkələrində təbii artımın və şəhərlərin inkişafının idarə edilməsi problem olaraq qalır. Onların həlli ilə şəhərlərin coğrafiyası(urbanizasiya coğrafiyası) elmi məşğul olur.

Azərbaycanda əhalinin öyrənilməsində XX əsrin 80-90-cı illərindən başlayaraq genişmiqyaslı tədqiqatlar aparılmışdır.

Şəhər (rayon) və landşaft planlaşdırılması yaşayış və təsərrüfat ərazilərinin səmərəli qurulmasına xidmət edir. İqtisadi coğrafiya elmləri sırasında sosial coğrafiya əhaliyə göstərilən sosial-mədəni və məişət xidmətinin yüksəldilməsini, bu xidmətləri həyata keçirən obyektlərin yerləşməsi prinsiplərini öyrənməklə məşğul olur.


Azərbaycanın yaxın ölkələrlə münasibətlərinin müəyyən edilməsində siyasi coğrafiya elminin əhəmiyyəti artır. Siyasi coğrafiya ölkələrin yaranmasını, siyasi xəritənin formalaşmasını, sərhədlərin dəyişməsini, ölkələrin siyasi quruluşunu və s. öyrənir.


Son vaxtlarda coğrafi məlumatların toplanması və təhlil edilməsində kompüter və texniki vasitələr geniş tətbiq edilir. Onların xəritələrə köçürülməsi ilə coğrafi informasiya sistemi məşğul olur. Bu sahədə riyazi coğrafiya xüsusi əhəmiyyət kəsb edir.


Yeni ərazilərin kəşf edilməsi, onların xəritəyə köçürülməsi kartoqrafiya elminin də inkişafına təkan verdi. Böyük Coğrafi kəşflər kartoqrafiyanın inkişafında yeni mərhələnin əsasını qoydu. Vaxt keçdikcə xəritələrdə olan “ağ ləkələr”in sahəsi azalmış, praktik əhəmiyyəti olan müxtəlif məzmunlu xəritələr hazırlanmışdır. Tərtib edilmiş xəritələri toplu halında hazırlayan kartoqraf Herard Merkator onu “Atlas” adlandırdı və az sonra çap olundu.

G.Merkatorun 1595-ci ildə çap olunmuş  “Atlas” nın üz qabığı

XIX əsrin əvvəlində Aleksandr Humboldtun Cənubi Amerikaya səfərindən sonra iqlimşünaslıqbitki coğrafiyası (biocoğrafiya) elmləri haqqında məlumatlar toplandı. 1872-1876-cı illərdə İngiltərənin “Çellencer” tədqiqat gəmisinin səyahətindən sonra okeanoqrafiya(okeanologiya) elmi sürətlə inkişaf etmişdir.

Çellencer gəmisi

Torpaq coğrafiyası elmi XIX əsrin sonu, XX əsrin əvvəlində V.Dokuçayevin Şərqi Avropa düzənliyində apardığı tədqiqatlardan sonra yaranmışdır.

 Təbiət elmlərinin təbii hadisə və proseslərə yanaşması müxtəlifdir. Onların hər biri təbiət obyekti və ya hadisələrinin yalnız bir xüsusiyyətini öyrənir. Coğrafiyanı bu elmlərdən fərqləndirən əsas xüsusiyyət təbii hadisə və prosesləri kompleks şəkildə və müəyyən məkan daxilində öyrənməsidir. Məsələn, biologiya - bitki və heyvanların quruluşunu, coğrafiya isə onların Yer kürəsində paylanmasını, astronomiya - Yeri səma cismi kimi, coğrafiya isə Yerin kosmik fəzada hərəkətini, onun nəticələrinin Yerdə təbii şəraitin formalaşmasına təsirini öyrənir.

Qədim yunan filosofu Platon çoxüzlü həndəsi fiqurları kainat, Yer və təbiətlə əlaqələndirirdi.


Digər təbiət elmləri kimi coğrafiyanın da insanların həyatında rolu böyükdür. Hər hansı layihənin həyata keçirilməsi – şəhərlərin salınması, su anbarlarının tikilməsi, tunellərin çəkilməsi və s. zamanı coğrafi biliklərə böyük ehtiyac duyulur. Müasir dövrdə tələbatın böyük olduğu bir çox ixtisaslara yiyələnmək üçün coğrafi bilikləri əldə etmək vacibdir. Məsələn, meteorologiya, turizm, beynəlxalq münasibətlər, sosiologiya, politologiya, ekologiya, biznes, marketinq və s. ixtisaslar coğrafiya ilə müxtəlif dərəcədə bağlıdır.

Coğrafiya elminin tədqiqat metodları:


Coğrafi tədqiqatların aparılması üçün ənənəvi və müasir üsullardan istifadə edilir. Bu metodlar təbii və sosial-iqtisadi proseslərin öyrənilməsi, təhlili və proqnozlaşdırılması məqsədilə tətbiq olunur.


 

Kartoqrafik metod coğrafi tədqiqatlar zamanı müxtəlif məzmunlu xəritələrin öyrənilməsinə və təhlilinə əsaslanır.

Tarixi metod vasitəsilə coğrafi obyekt və ya hadisədə müəyyən tarixi dövr ərzində baş verən dəyişikliklər öyrənilir və təhlil edilir:
Aşağıdaki plan üzrə aparılır

1)Təbii obyektin mənşəyi və yaranması
2)İnkişaf mərhələləri
3)Müasir vəziyyəti
Müqayisə metodu – coğrafi obyekt və hadisələrin fərqli və oxşar xüsusiyyətlərini təhlil etməklə yeni elmi nəticələrə gəlməyə imkan verir.

Riyazi-statistik tədqiqat metodu – coğrafi obyekt və hadisələri kəmiyyət göstəriciləri və riyazi hesablamalar vasitəsilə tədqiq edir. Nəticədə öyrənilən obyekt və hadisələrin planlaşdırılması və layihələşdirilməsi həyata keçirilir.

Coğrafi modelləşdirmə – coğrafi obyekt və hadisələrin modelinin hazırlanmasına və öyrənilməsinə əsaslanır. Coğrafi modellər qrafik və təsviri formada, həmçinin sözlər və simvollar vasitəsilə qurulur.

Coğrafi proqnozlaşdırma təbii və antropogen təsirlər nəticəsində konkret ərazidə baş verə biləcək dəyişikliklərin əvvəlcədən müəyyən edilməsidir. Məsələn, su anbarının tikilməsi ilə ətraf ərazilərdə baş verə biləcək dəyişiklikləri proqnozlaşdırmaq mümkündür.

Su anbarlarının tikilməsi nəticəsində ərazidə baş verə biləcək dəyişiklikləri məntiqi ardıcıllıqla proqnozlaşdırın. Məntiqi əlaqə aşağıdakı şəkildə ola bilər.

1)Su anbarının tikilməsi

2)Ətraf ərazilərin su altında qalması

3)Yeraltı suların səviyyəsinin artması

4)Ərazilərin bataqlıqlaşması

Aerokosmik metod vasitəsilə aero və kosmik şəkillərdən alınan informasiyalar əsasında müasir xəritələr tərtib edilir və coğrafi proseslər öyrənilir.
Geoinformasiya metodu (coğrafi informasiya sistemi – CİS) müasir informasiya texnologiyaları vasitəsilə coğrafi məlumatların toplanması, işlənməsi və rəqəmsal xəritələrin tərtib edilməsidir.


Çöl tədqiqatları metodu – (ekspedisiya) vasitəsilə ərazidə müşahidələr, yaxud cihazların köməyi ilə məlumatlar toplanır, onların təhlili əsasında bir sıra coğrafi qanunauyğunluqlar müəyyən edilir.

 Aygün Qurbanova

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?