Fiziki coğrafiya

Məkan anlayışı,Məhəllin planı və Şərti işarələr

  • Yazar
  • 20-avq-2024, 21:39
  • 221 Baxış

Harada yaşayırıq?


Məkan coğrafiyanın əsas anlayışlarından biridir.Otağımız, yaşadığımız bina, kənd, şəhər , ölkə və Yer kürəsi məkandır.Coğrafi məkanda obyektlərin yerləşməsini , onların nə üçün burada olduğunu və zamanla necə dəyişdiyini öyrənir. Məkanı fiziki ,xəyali və virtual qruplaşdırmaq olar.


Fiziki məkan-ətrafda olan obyekt və hadisələri əhatə edən maddi məkandır. Fiziki məkan təbii və sosial-iqtisadi ( insan fəaliyyəti nəticəsində yaradılan ) obyektlərdən ibarətdir. Dağlar, düzənliklər, çaylar və s. təbii məkanı əmələ gətirən komponentlərdir. Binalar, parklar, istirahət zonaları sosial məkana, müəssisələr, banklar, zavodlar , fabriklər isə sosial-iqtisadi məkana  aiddir.


Xəyali məkan-zehnimizdə, təsəvvürümüzdə yaratdığımız məkandır. Təbii və sosial-iqtisadi obyektləri xəyalımızda müxtəlif formada (şəkillə, sözlə) canlandıra bilirik. Məsələn, məktəbdən evimizə qədər olan ərazinin xəyali təsviri, yaşadığınız yerin təsəvvürünüzdə canlandırdığınız xəritəsi ( zehni və ya mental xəritə) , istirahət etmək istədiyiniz yerin sözlə təsviri və s. xəyali məkan əmələ gətirir.


Virtual məkan- fiziki olaraq içində olmadığımız məkandır. Məsələn,internet və veb səhifələrdə təqdim olunan qlobus və xəritələr , onlayn xidmətlər ( e-ticarət,e-hökumət, e-dərslik və s.), CİS və s. virtual məkanın vasitələridir. Bunlar müasir texnologiyalar və internet məkanlarıdır. Bunlar müasir texnologiyalar və internet məkanlarıdır. Fərqli ölkələrdən olan insanlarla bu məkanlar vasitəsilə əlaqə qurmaq mümkündür. 


 Fiziki, xəyali və virtual məkana aid bilik və bacarıqlarınız obyektlərin mövqeyini ( yerləşdiyi ərazini) və formasını , onların bir - biri ilə əlaqəsini müəyyən etməyə imkan verir. Bu isə məkanı aydır təsəvvür etməyə şərait yaradır.


Məhəllin planında Yer səthinin kiçik sahələri təsvir olunur. Planaalma zamanı bütün obyektlər dəqiq və dolğun əks olunmalıdır. Onun miqyası 1:10 000-ə qədər olur.


Planda kiçik ərazilər böyük miqyasda verildiyinə görə, daha dəqiq təsvirdir. Planda meridian və parallel çəkilmir, relyef isə horizontallarla təsvir olunur.

Planaalma iki üsulla aparılır. Havadan planaalma orbital stansiyalar, kosmik peyklər, təyyarə və helikopterlərdən çəkilmiş şəkillər əsasında yerinə yetirilir. Bu üsuldan geniş ərazilərin, əlçatmaz obyektlərin planının çəkilməsində istifadə edilir.

Yerüstü planaalma Yer səthində aparılan ölçmə işləri ilə həyata keçirilir. Yerüstü planaalma sadə alətlərlə aparıldıqda gözəyarı planaalma adlanır.

Gözəyarı planaalma iki üsulla yerinə yetirilə bilər. Ətrafdakı obyektlərin aydın göründüyü kiçik və açıq ərazilərdə planaalma qütb üsulu ilə həyata keçirilir. Bunun üçün ərazidə qütb nöqtəsi seçilir. Ətrafdakı obyektlər həmin nöqtədən planşetə köçürülür.

Qütb nöqtəsində menzula yerləşdirilir. Menzula üzərində yerləşdirilən xüsusi cihaz məhəldə görünən obyektlərə qədər olan məsafələri ölçməyə imkan verir. Obyektlər seçilən miqyasa uyğun olaraq kiçildilir və şərti işarələrlə qeyd edilir.

Yürüş və ekskursiyalarda marşrut planaalmasından istifadə olunur. Bu üsul daha geniş, mürəkkəb relyefə malik ərazilərin planaalınması üçün əlverişlidir. Marşrut üsulu ilə planaalma zamanı menzula bir neçə nöqtədə qurulur və hər bir nöqtədən obyektlər plana köçürülür.

    Qütb planaalması

Marşurut planaalması


Hazırda planaalma işləri mürəkkəb cihaz və alətlərdən istifadə edilməklə daha dəqiq aparılır. Belə təsvirlərdən əraziyə aid əksər məlumatları əldə etmək mümkündür.

Teodolit -ölçmə aparatıdır.


Bussol-cəhət bucaqlarını ölçmək üçün istifadə olunan alətdir

 

Məhəllin planında istifadə edilən şərti işarələri üç qrupa bölmək olar: sahəvi (konturlu), xətti və miqyassız. Şərti işarələrin hər birinə görə obyektin yerini müəyyən etmək olar.


1. Sahəvi şərti işarələr müəyyən ərazini tutur. Onların köməyi ilə meşə, bağ, çəmən, bostan, gölün sahəsi kiçildilərək planda qeyd edilir. Ona görə də planda müəyyən sahə tutan obyektlərin yer üzərindəki sahəsini hesablamaq olar.


2. Xətti şərti işarələrə yol, kanal, rabitə xətləri, çaylar və s. aiddir


3. Miqyassız şərti işarələrə zavodların tüstü boruları, bulaqlar, su quyuları, evlər, məktəb aiddir. Miqyassız şərti işarələrin tutduğu yer çox kiçik olduğu üçün onları miqyasa əsasən planda göstərmək mümkün olmur. Bu işarələrə əsasən obyektlərin yalnız yerini müəyyən etmək olar. Miqyassız şərti işarələrin vasitəsilə həmin obyektin ölçüsünü təyin etmək mümkün deyil.


 Aygün Qurbanova

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?