Lənkəran və Orta Araz vilayəti
- Yazar
- 07-sen-2025, 14:25
- 7 Baxış
Lənkəran vilayəti Azərbaycanın cənub-şərqində, Xəzər dənizi sahilləri ilə Talış dağlarının suayırıcısı arasında yerləşir. Vilayətin ən hündür nöqtəsi Kömürköy zirvəsidir (2493 m).
Lənkəranda Kaynozoy yaşlı süxurlar üstünlük təşkil edir. Talış dağlarında, əsasən, Paleogenin vulkan mənşəli süxurları geniş yer tutur. Lənkəran vilayəti faydalı qazıntılarla zəif təmin olunmuşdur. Burada, əsasən, tikinti materialları və mineral sular yayılmışdır. Onlara Donuzütən, Ərkivan, Qotursu, Aşağı Ağkörpü, İstisu, Meşəsu və s. aiddir.
Orta Araz (Naxçıvan) vilayəti respublikamızın cənub-qərbində yerləşir. Ərazi Araz çayı ilə Zəngəzur və Dərələyəz dağlarının suayırıcısı (600–3904 m) arasındadır. Vilayətin ərazisi dağlıq və düzənlik relyefdən ibarətdir və geoloji quruluşunun mürəkkəbliyi ilə seçilir. Orta Araz vilayətində ərazinin 60%-dən çoxu 1000 m-dən yüksəkdə yerləşir. Zəngəzur və Dərələyəz dağlarından başlayaraq Araz çayına doğru uzanan silsilələr kəskin parçalanmış eroziya və arid-denudasiya relyef formaları ilə fərqlənir. Orta Araz vilayətində Kaynozoy yaşlı süxurlar üstünlük təşkil edir. Naxçıvanın dağlıq ərazilərində Paleogenin vulkan mənşəli süxurları geniş yer tutur. Azərbaycanda ən qədim süxurlar bu vilayətdə aşkar edilmişdir. Zəngəzur dağları fəal zəlzələ zonasına daxildir. Orta Araz vilayəti müxtəlif filiz, qeyri-filiz və tikinti materialları ilə zəngindir. Vilayəti mineral suların muzeyi adlandırırlar. Lənkəran vilayətində rütubətli subtropik iqlim hakimdir. Havanın orta illik temperaturu 14°C-dir. Azərbaycanda ən çox yağıntı bu vilayətdə müşahidə edilir. İllik yağıntıların miqdarı 400–1800 mm arasında dəyişir və onun 80%-i ilin soyuq dövründə düşür. Ona görə də ilin isti dövründə çaylarda su azalır və suvarmada ciddi çətinliklər yaranır. Çay şəbəkəsi sıxdır. Çayları birbaşa Xəzərə tökülür və onların qidalanmasında yağış və qismən yeraltı sular əsas yer tutur. Lənkəran ovalığı qrunt suları ilə zəngindir.
Orta Araz vilayətinin iqlimi kontinentaldır. Ən çox ümumi günəş radiasiyası, ən aşağı və ən yüksək temperatur bu vilayətdə müşahidə edilir. Yağıntıların orta illik miqdarı 200–900 mm arasında dəyişir. Orta Araz vilayətində iqlimin kontinentallığı çay şəbəkəsinə də öz təsirini göstərir. Ərazinin çayları, əsasən, qar, yağış, yeraltı sularla qidalanır və palçıqlı sellər yaradır. Çaylardan suvarmada geniş istifadə olunur. Naxçıvanda göllər uçqun mənşəli olub (Batabat, Qanlıgöl) dağ-çəmən landşaftında yerləşir.
Lənkəran vilayətində ovalıqda və dağətəyində sarı torpaqlar üzərində meşələr geniş yer tutur. Meşələrdə çoxlu endemik və relikt bitkilər vardır. Digər vilayətlərdən fərqli olaraq Talış dağlarının ətəklərində meşələr, onlardan yuxarıda isə dağ çölləri və kserofit kolluqlar kimi quraq lanşaftları yayılmışdır. Bu, landşaft inversiyası * adlanır. Bunun səbəbi Talış dağlarında hündürlüyə doğru yağıntıların azalmasıdır. Dağların alçaq hissələrində qonur-meşə, yuxarı hissələrində qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.
Orta Araz vilayətində torpaq, bitki örtüyü, landşaft qurşaqları yüksəklik qurşaqlığı üzrə dəyişir. Dağlıq ərazilərdə arid iqlim yayıldığı üçün meşə landşaftı zəif inkişaf etmişdir. Meşələr yalnız çay dərələrində talalar şəklində yayılmışdır. Yarımsəhra landşaftında boz, boz-çəmən, şoran və şorakət torpaqlar, dağlıq ərazilərdə şabalıdı, qəhvəyi-meşə, dağ-çəmən torpaqları üstünlük təşkil edir. Naxçıvanda yarımsəhra, çəmən-kol, bozqır və kserofit bitkilər yayılmışdır.
Aygün Qurbanova
MİQ,Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə: 050-768-97-12