Kartoqrafik təsvir vasitələri
- Yazar
- 27-avq-2024, 21:27
- 89 Baxış
Yer səthində olan obyektləri, onların ölçülərini və istiqamətlərini müəyyən etmək üçün coğrafiya xəritələri tərtib edilir. Coğrafiya xəritəsi - Yer səthinin və ya onun bir hissəsinin müstəvi üzərində, şərti işarələrlə, kiçildilmiş və ümumiləşdirilmiş təsviridir. Planda olduğu kimi, xəritədə də yer səthində olan obyektlər şərti işarələrin köməyi ilə, müstəvi üzərində təsvir olunur. Xəritələr plandan bir neçə əlamətinə görə fərqlənir. Bunun bir neçə səbəbi vardır.
Xəritələrin üzərində sahəsinə görə fərqlənən müxtəlif ərazilər təsvir olunur. Bu ərazilərə bütün yer səthi daxil ola bilər, onun müəyyən hissəsi verilə bilər, əksər hallarda ayrı-ayrı ölkələrin xəritələri tərtib olunur. Bu xəritələrin müəyyən ölçüdə olması üçün əraziləri müxtəlif dərəcədə kiçiltmək lazım gəlir. Ona görə də xəritələrin miqyası müxtəlif olur. Coğrafiya xəritələrinin miqyası məhəllin planının miqyasına nisbətən kiçik olur. Xəritənin üzərindəki 1 sm-ə yer səthində onlarla və yüzlərlə km məsafə uyğun gəlir. Məsələn, Azərbaycanın fiziki xəritəsi 1:600 000 miqyasda, dünyanın fiziki xəritəsi 1:20 000 000 miqyasda olur.
Xəritələrdə yer səthində olan bütün obyektlər və hadisələr deyil, yalnız xəritənin məzmununa uyğun olan vacib elementlər göstərilir. Məsələn, faydalı qazıntıların yerləşməsi, bitki və ya heyvan növlərinin yayılma arealı verilir.
Xəritələrin yaradılması üçün müxtəlif şərti işarələr və təsvir üsullarından istifadə olunur. Xəritələrdə də məhəllin planında olan şərti işarələr vardır. Bataqlıqlar, qumluqlar, dənizlərin və göllərin sahilləri hər ikisində eyni işarələrlə verilir. Bəzi şərti işarələr xəritələrdə və planda istifadə olunur. Lakin onlar müxtəlif obyektləri təsvir edir. Məsələn, məhəllin planında yaşıl rənglərlə meşələr göstərilirsə, xəritədə bu rənglə 200 m-ə qədər olan hündürlüyə malik düzənlik sahələr göstərilir.
Planda yaşıl rənglə meşə və kolluq sahələr təsvir olunur.
|
Xəritədə yaşıl rənglə ovalıq
ərazilər təsvir olunur. |
Biz bilirik ki, xəritələrdə Yerin quru səthinin quruluşu müxtəlif rənglərlə təsvir olunur. Düzənliklər - yaşıl, alçaq düzənliklər - tünd yaşıl, dağlar - qəhvəyi, hündür dağlar - tünd qəhvəyi rənglə rənglənir. Okeanlar və dənizlər isə mavi rəngdə təsvir olunur. Lakin okeanların və dənizlərin dərin yerləri - tünd mavi, dayaz yerləri - açıq mavi rəngdə göstərilir.
|
Xəritələr müxtəlif məqsədlər üçün hazırlandığına görə onların məzmunu da müxtəlifdir. Hər bir xəritədə çoxlu sayda şərti işarələrdən istifadə olunur. Plan və xəritədə olan ən mühüm fərqli şərti işarələrdən biri yaşayış məntəqələrinin verilməsidir. Xəritələrdə əhalinin sayından asılı olaraq, yaşayış məntəqələri müxtəlif ölçülü dairələr ilə, planda isə səmadan göründüyü kimi verilir. Bəzən planda küçələr, ayrı-ayrı obyektlər, binalar da göstərilir.
Xəritələrdə müxtəlif obyektlərin təsviri, eyni bir hadisənin müxtəlif dərəcədə olan keyfiyyətini göstərmək üçün rənglərdən, onların müxtəlif çalarlarından istifadə olunur. Eyni zamanda, hərəkət istiqamətini göstərmək üçün oxlar çəkilir. Onlar küləklərin, səyyahların hərəkət istiqamətini göstərmək üçün verilir.
Xəritələrin əhəmiyyəti. Xəritələr yer səthinin və onun ayrı-ayrı ərazilərinin coğrafiyasını öyrənmək üçün mühüm mənbələrdir. Bu səbəbdən xəritə coğrafiyanın “ikinci dili” hesab olunur. Ərazilərin öyrənilməsi xəritə ilə başlanır, xəritə ilə də başa çatır. Bu isə o deməkdir ki, müəyyən ərazilərin mənimsənilməsi, faydalı qazıntıların çıxarılması, şəhər və kəndlərin salınması üçün xəritələrdən istifadə olunur. Bu zaman xəritədə onların relyefi, daha əlverişli istiqamətlərdə getmək
Geniş əraziləri əhatə edən iri layihələrdə də xəritələrin əhəmiyyəti böyükdür. Məsələn, müstəqillik illərində Xəzər dənizinin Azərbaycana aid olan hissəsində neft və təbii qazın çıxarılmasının genişlənməsi boru kəmərlərinin çəkilməsini tələb edirdi. Artıq Türkiyə Respublikasının Aralıq dənizi sahillərinə bir neçə neft və qaz kəmərləri çəkilmişdir. Bu işlərdə coğrafiya xəritələrindən istifadə etmək çox vacibdir. |
Coğrafiya xəritələri tədris prosesində geniş istifadə olunur. Bunun üçün təsvir edilən ərazilərdə xəritənin üzərində obyekt və hadisələrin sayı nisbətən az olur, bəziləri sadə formada verilir. Bütün tədris prosesində coğrafiya xəritələrindən istifadə etmək vacibdir. Xəritələr mövzuların dərk edilməsi üçün əyani vasitələrdən biridir.
Coğrafiya xəritələri informasiyaların saxlanması, qorunması və ötürülməsi üçün mühüm vasitədir. Bu informasiyaları daim yeniləmək mümkündür. Bu isə xəritələrdən istifadə etmək imkanlarını genişləndirir.
Dövrümüzə qədər gəlib çatan ən qədim xəritə Qədim Misirdə papirus üzərində çəkilmişdir (b.e.ə. 1160- cı il). Onun üzərində Nil çayının sağ qolunun (Vadi-Hamamət) quruyan bir hissəsi (15 km ərazi) verilir. Burada kəndlərin və təpələrin adı, daş karxanalar təsvir olunur.
Coğrafiya xəritələrinin rolu böyükdür. Xəritələr coğrafi biliklərin ən mühüm mənbəyidir. Xəritələrin köməyi ilə ərazi haqqında məlumat əldə edilir, təbiətdə baş verən hadisə və proseslər öyrənilir, coğrafi obyektlərin yeri müəyyən edilir. İnsanların gündəlik həyatında coğrafiya xəritələri böyük əhəmiyyət kəsb edir. Xəritələrdə informasiyaların verilməsi, biliklərin əldə edilməsi imkanları onların miqyası ilə yanaşı, məqsədindən, məzmunundan, təsvir edilən ərazilərin sahəsindən də asılıdır.
Tədris xəritələrində coğrafi obyekt və hadisələr xüsusi olaraq seçilir. Ona görə yalnız ən vacib olanları göstərilir. Bu zaman, əsasən, fiziki, siyasi və kontur xəritələr daha böyük əhəmiyyət kəsb edir.
Yer səthini təsvir etmək üçün coğrafiya xəritələrindən geniş istifadə olunur. Coğrafiya xəritələrində plandan fərqli olaraq, yerin bütün səthini və ya onun böyük hissələrini görə bilərsiniz. Məsələn, fiziki xəritələrdə dağlar, düzənliklər, dənizlər, çaylar, bəzən faydalı qazıntıların yerləşməsi əks etdirilir. Ölkələri, onların sərhədlərini, paytaxtlarını əks etdirən xəritələr siyasi xəritələr adlanır. Fiziki və siyasi xəritələrlə yanaşı, xüsusi bir növ kontur xəritələr də var. Kontur xəritələrdə yalnız coğrafi obyektlərin sərhədləri və dərəcə toru göstərilir. Bu cür xəritələrdən istifadə etməklə coğrafi obyektlər öyrənilir və onlar müstəqil olaraq qeyd edilir.
Bu gün insanların fəaliyyətinin bütün sahələrində plan və xəritələrdən istifadə olunur. Onların üzərində obyekt və hadisələr müxtəlif ölçülərdə təsvir olunur. Xəritələrdə obyektlərin qarşılıqlı vəziyyəti və yerləşməsi aydın görünür. Eyni bir ərazinin fiziki xəritəsini iqlim, torpaq, sənaye, kənd təsərrüfatı, əhalinin sıxlığı xəritələri ilə müqayisə edək. Bu zaman kənd təsərrüfatının iqlim, su obyektləri və torpaqdan asılı olduğu görünür. Əhalinin yerləşməsi isə relyef, su obyektləri, atmosfer yağıntıları və temperaturun paylanmasından asılı olaraq dəyişir.
Hava proqnozu, təbiətin mühafizəsi işlərində, tikinti layihələrinin hazırlanmasında xəritələrin əhəmiyyəti böyükdür. Əlverişli istiqamətlərdə yollar çəkilməsi, bu zaman torpaq daşınması işlərinin həcminin müəyyən edilməsi, lazım gəldikdə tunellər çəkilməsi xəritələr üzərində müəyyən edilir.
Plan və xəritələr üzərində hesablama aparılır. Hərbi əməliyyatların aparılması zamanı qoşunların yerləşdirilməsi və hərəkət istiqaməti əvvəlcə topoqrafik xəritələr üzərində çəkilir.
Faydalı qazıntıların axtarışı, meliorasiya işləri aparılması və coğrafiyanın tədrisini xəritəsiz təsəvvür etmək olmaz. Təyyarələr və gəmilər xəritələrə görə hazırlanmış xüsusi marşrutlarla hərəkət edir.
Ərazilərin mənimsənilməsi prosesində ilk növbədə xəritələr tərtib edilir. Sonra onun əsasında yaşayış məntəqələrinin, təsərrüfat obyektlərinin və yolların salınması yerləri müəyyən edilir. Ona görə də “xəritələr coğrafiyanın ikinci dili və əsas istiqamətləndiricisi hesab olunur”.
Əksər hallarda xəritələrdə bir mövzu üzrə yaxın olan bir neçə proses və hadisələr təsvir olunur. Təbiətdə və cəmiyyətdə müşahidə edilən proseslərin xəritəyə köçürülməsi onlar arasında əlaqə qurmağa, inkişafı izləməyə, nəticələr çıxarmağa imkan verir. Toplanmış məlumatların xəritəyə köçürülməsi zamanı müxtəlif üsullardan istifadə olunur. Məsələn, torpaq ehtiyatlarından istifadə, onların ərazi üzrə paylanması haqqında informasiyaların toplanması, xəritələr üzərinə köçürülməsi və təhlili lazım gəlir. Xəritələrə məlumatlar xüsusi şərti işarələrin köməyi ilə köçürülür, legendadan (şərti işarələrə verilən izah) istifadə olunur.
Tədris və praktik işlərdə geniş istifadə edilən fiziki-coğrafi xəritələrdə ərazilərin mütləq
Gündəlik həyatda və təsərrüfat işlərində xüsusi əhəmiyyəti olan xəritələrə sinoptik, torpaq ehtiyatları, ekoloji və s. xəritələri aid etmək olar. Bir və ya bir neçə sutka üçün tərtib edilən sinoptik xəritələrdə atmosfer yağıntılarının növü, buludluluq, alçaq və yüksək
Təsərrüfat əhəmiyyətinə görə topoqrafik plan* xüsusilə seçilir. Topoqrafik plan - 1: 2000 və daha böyük miqyaslarda tərtib edilir. Onlardan mühəndis qurğularının, texniki layihələrin hazırlanması və tikintisində istifadə edilir. O, faydalı qazıntıların çıxarılması, şəhər təsərrüfatı işlərinin görülməsi zamanı da əhəmiyyətlidir.
Topoqrafik planda kiçik ərazilər təsvir olunduğuna görə mükəmməl verilir. Ona görə də ərazi planlaşdırılması işlərində onların əhəmiyyəti böyükdür.
Yer səthinin fotoşəkillərlə təsviri. Bu təsvir formasının hazırlanması üçün təyyarələrə və ya kosmik gəmilərə xüsusi aparatlar quraşdırılır. Bu aparatların köməyi ilə müəyyən məsafədən ərazinin fotoşəkilləri çəkilir, sonra onlar birləşdirilir. Bu şəkillərə əsasən dağların, düzənliklərin, bitki örtüyünün, su hövzələrinin, yolların, yaşayış məntəqələrinin yerləşdiyi ərazi müəyyən edilir.
|
Qlobus – Yerin kiçildilmiş modelidir. Qlobus latın sözü olub, – kürə deməkdir. Yerin ölçülərini təyin etmək üçün qlobusdan istifadə olunur. Qlobusun üzərində materiklər, okeanlar, dövlətlər, adalar, çaylar yer səthində olduğu kimi təsvir olunur. Qlobus üzərində fiziki və siyasi xəritələr verilir. Ən qədim kürə şəklində Yerin modelini yunan alimi, Aristotelin davamçısı, maloslu Kratos b.e.ə. 150-ci ildə hazırlamışdır. Lakin Yerin bu modeli bizə gəlib çatmamışdır. Yer kürəsinin qlobusu (“Relyef qlobusu”) X əsrdə özbək alimi Əl-Biruni tərəfindən hazırlanmışdır. Əl-Biruninin qlobusunun diametri 5 m-ə yaxın olmuşdur. Dünyada ən qədim qlobuslardan biri “Ulduzlu səmanın qlobusu” azərbaycanlı alim Nəsirəddin Tusinin rəhbərliyi altında, XIII əsrdə Kəriməddin Səlmas tərəfindən Marağa rəsədxanasında hazırlanmışdır. |
M. Behaymın qlobusu
|
|
Avropada isə bizə gəlib çatan ilk qlobusu (“Yer alması qlobusu”) 1492-ci ildə alman alimi Martin Behaymhazırlamışdır. M.Behaym qlobusu hazırlayarkən Ptolomeyin xəritələrindən və Portuqaliya ekspedisiyalarının məlumatlarından istifadə etmişdir. M.Behaym tərəfindən hazırlanan qlobus hazırda Nürnberq şəhərində yerləşən Alman Milli Muzeyində saxlanılır.
Müasir qlobuslar coğrafi baxımdan qədim dövr və orta əsrlərdə olan qlobuslardan çox fərqlənir. Çünki əvvəlki qlobuslarda o dövrlərdə kəşf olunmamış ərazilər göstərilmirdi. İndiki qlobuslarda isə hər bir ərazi dəqiqliyi ilə təsvir edilir.
Aygün Qurbanova