Fiziki coğrafiya

Kartoqrafik proyeksiyalar və təhriflər

  • Yazar
  • 30-avq-2024, 22:57
  • 189 Baxış

 

Yer kürə formasında olduğu üçün onu qlobusda daha düzgün təsvir etmək mümkündür. Coğrafi obyektlər qlobusda paralel və meridianların əmələ gətirdiyi şəbəkənin (dərəcə torunun) köməyi ilə təsvir edilir. Bu, coğrafi şəbəkə adlanır. Qlobusda bütün böyük və kiçik əraziləri – materiklərı, okeanları, adaları və s.-ni eyni dərəcədə kiçiltmək mümkündür. Xəritə müstəvi üzərində təsvir olduğu üçün bunu etmək olmur. Coğrafi şəbəkə müstəviyə köçürülərkən meridian və paralellərin forması dəyişir. Xəritədə meridian və paralellərin yaratdığı şəbəkə kartoqrafik şəbəkə adlanır.

Qlobus səthini müstəviyə açarkən onun “dilimlərə” bölünən hissələri arasındakı boşluqların yerini dolduran zaman təhriflər, yəni xətalar yaranır.

Yer səthi xəritədə təsvir olunduqda aşağıdakı təhriflər meydana gəlir:
1. Bucaq (istiqamət) təhrifləri.
2. Sahə təhrifləri.
3. Məsafə (uzunluq) təhrifləri.
4. Forma təhrifləri.

Xəritədə təhriflərin ədədi qiymətini sıfıra endirmək mümkün deyil, lakin onları azaltmaq və ya birini aradan qaldırmaq olar. Bunu kartoqrafik proyeksiyaların köməyi ilə etmək mümkündür.

Kartoqrafik proyeksiyalar. Yerin kürə səthinin müstəvi üzərində təsvirinin riyazi üsullarıdır. Yəni kartoqrafik proyeksiyalar vasitəsilə Yerin kürəvi səthi müstəvi səthə köçürülür.

Kartoqrafik proyeksiyalar təhrif xüsusiyyətlərinə görə üç qrupa ayrılır: bərabərbucaqlı, bərabərsahəli, ixtiyari.

Bərabərbucaqlı proyeksiyalarda tərtib edilən xəritələrdə istiqamət və ya bucaqlar, demək olar ki, təhrif edilmir, lakin sahə, məsafə və forma tamamilə təhrif olunur. Bu xəritələr dəniz nəqliyyatında və aviasiyada istifadə edilir. H.Merkatorun 1569-cu ildə tərtib etdiyi dəniz naviqasiya xəritəsi buna misal ola bilər.

Bərabərsahəli proyeksiyalarda ərazilərin sahəsi çox az, lakin bucaq (istiqamət), məsafə və forma tamamilə təhrif olunur. Bu xəritələr materik və okeanların sahələrini hesablamaq üçün əlverişlidir.

İxtiyari proyeksiyalarda (b) sahə və bucaqlar az təhriflə verilir, uzunluq və forma isə tam təhrif olunur. Belə xəritələr tədris prosesi üçün daha əhəmiyyətlidir.

İxtiyari proyeksiyalar içərisində bərabəraralıqlı proyeksiyalar ayrılır ki, burada məsafə (uzunluq) düzgün verilir, digər təhriflər isə saxlanılır.

Yerin kürə səthinin müstəviyə köçürülməsi üçün müxtəlif həndəsi fiqurların səthlərindən istifadə olunur. Bu səbəbdən həndəsi fiqurlara görə kartoqrafik proyeksiyalar aşağıdakı qruplara bölünür:

1. Silindrik. 2. Konus. 3. Azimutal. 4. Çoxüzlü.
Bərabərbucaqlı proyeksiyada tərtib olunmuş xəritə

Silindrik proyeksiyalarda (c) qlobus şəffaf silindrin daxilinə yerləşdirilir. Bu zaman Yer səthinin ekvatorboyu əraziləri silindrin səthinə toxunur. Toxunma xəttində bütün təhriflər sıfıra yaxın olur.

Xəritədə təhriflərin olmadığı xətt və ya nöqtə sıfır təhriflər xətti və ya sıfır təhriflər nöqtəsiadlanır.

Silindrik proyeksiyalarda, əsasən, dünya xəritələri, həmçinin ekvatorboyu ərazilərin xəritələri çəkilir, paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişən düz xətlər şəklində təsvir olunur.

Konus proyeksiyalarında (d) xəritə tərtib olunarkən qlobus konusun səthi ilə 60° və ona yaxın paralellərdə kəsişir, ona görə də bu paralellər boyunca təhriflər demək olar ki, olmur. Sıfır təhrif xəttindən uzaqlaşdıqca təhriflər artır. Bu proyeksiyalarda qütbətrafı və mülayim enliklərdə yerləşən ərazilərin xəritələri tərtib edilir. Belə xəritələrdə paralellər qövsvarı, meridianlar isə bir mərkəzdən çıxan düz xətlər şəklində təsvir olunur.

Azimutal proyeksiyalar (e) üçün köməkçi həndəsi səth kimi müstəvidən istifadə olunur. Müstəvinin kürəyə toxunma nöqtəsində təhrif olmur. Antarktida və Şimal Buzlu okeanının bu proyeksiyada tərtib edilən xəritələrində paralellər - çevrələr şəklində, meridianlar isə bir mərkəzdən çıxan radiuslar kimi təsvir olunur. Yarımkürələrin xəritəsi də azimutal proyeksiyada tərtib edilir.

Çoxüzlü proyeksiyada (f) Yer kürəsinin səthi kürə deyil, çoxlu sayda trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul edilir. Bu proyeksiyalar kiçik ərazilərin təsvirində, yəni, əsasən, topoqrafik xəritələrin tərtibi zamanı istifadə olunur. Xəritələrin miqyası böyük və orta, təhriflər isə çox az olur.


 
Azərbaycanın xəritələri bərabərbucaqlı, konus və çoxüzlü proyeksiyalarda tərtib olunur.

Təhriflərin dərəcəsi təsvir olunan ərazinin böyüklüyündən və coğrafi enlikdən asılıdır. Xəritədə təhrifləri müəyyən etmək üçün sadə üsullardan istifadə olunur; məsələn, uzunluq təhrifi özünü meridian və paralellərin arasındakı parçaların uzunluqlarının müxtəlifliyində göstərir.

Meridian və paralellər arasındakı bucaqlar 90°-dən fərqli olarsa, deməli, bucaqlar təhrif edilmişdir. Bucağın təhrifi isə bütün coğrafi obyektlərin formalarının təhrifinə səbəb olur.

   Aygün Qurbanova

Fərdi və ya qrup şəklində keçilən MİQ , sertifikasiya və abituriyent hazırlıqlarımıza qoşulmaq üçün müraciət edə bilərsiniz 

Əlaqə:0507689712


img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?