Fiziki coğrafiya

Avstraliyanın relyefi

  • Yazar
  • 25-okt-2024, 02:02
  • 29 Baxış

 

Avstraliya, əsasən, düzənlik ərazidir. Bu materikdə cavan dağlar yoxdur. Materikin sahil xətləri litosfer tavasının sərhədi ilə üst-üstə düşmür. Ona görə də Avstraliya seysmik cəhətdən daha sabitdir. Materikdə fəaliyyətdə olan vulkan yoxdur.

Avstraliyanın böyük hissəsi qədim platformadır. Əvvəllər dağ olmuş ərazilərin platformaya çevrilməsi prosesi milyon illəri əhatə edir. Dağlar öz seysmik fəallığını itirir, tədricən dağılır, hündürlüyü azalır və onlar düzənliyə çevrilir.

Bu uzunmüddətli proses nəticəsində Yer qabığının fəal zonaları (geosinklinallar) sabit ərazilərə (platformalara) çevrilir.

• Avstraliya mineral xammal hasilatı üzrə dünyanın ilk beş ölkəsindən biridir. Faydalı qazıntı hasilatı ölkənin gəlirlərinin 1/3-ni verir. Avstraliya mineral ehtiyatlarını dünyanın 100-dən çox ölkəsinə, əsasən Yaponiyaya ixrac edir. Faydalı qazıntı yataqlarının səthə çox yaxın yerləşməsi ehtiyatların çıxarılmasının sərfəliliyini artırır. Çünki ehtiyatlar mədənlərdə “açıq üsulla” çıxarılır. Bu üsul daha mürəkkəb avadanlıqlar tələb edən “şaxta üsulu”ndan ucuz başa gəlir.


Qәrbi Avstraliyada Super Pit qızıl mәdәni. Burada qızıl açıq üsulla çıxarılır.

Materikin qərb hissəsində Avstraliya platformasının bünövrəsi qalxmışdır, burada çökmə süxur örtüyü yoxdur və kristallik bünövrə səthə çıxır. Qalxanlar üçün filiz faydalı qazıntıların Yer səthinə yaxın yerləşməsi səciyyəvidir. Qərbi Avstraliyada böyük miqdarda dəmir filizi, qızıl və nikel çıxarılır.

Avstraliya platformasının əyilmə zonalarında çökmə süxurlar toplanmışdır. Litosfer tavalarının bu hissələrində kristallik bünövrə çox dərində yerləşir.

Uran ən mühüm radioaktiv element olub nüvə enerjisinin alınmasında istifadə olunur. Ötən əsrdə radioaktiv elementlərdən nüvə silahı kimi istifadə edilməyə üstünlük verirdilərsə, hazırda ondan sülh məqsədilə istifadə olunur: atom-elektrik stansiyaları, atom mühərrikləri, sualtı atom qayığı və s.
• Uran filizi tərkibinə görə çox “kasıb”dır. Filizin tərkibində uranın miqdarı 0,02%-dir. Uranın saflaşdırılması, yəni filizdən uran elementinin ayrılması onun çıxarıldığı ərazilərdə həyata keçirilir.


Uran filizi.
Avstraliya uran vəboksit ixracına görə dünya liderlərindən biridir.

Qərbi və Mərkəzi Avstraliyanın relyefində plato və yastı yaylalar üstünlük təşkil edir. Onlardan ən nəhəngləri Böyük Qumlu və Böyük Viktoriyadır. Yaylaların yaranmasında küləyin (eol) fəaliyyəti və arid-denudasiya prosesi əsas rol oynayır.

Arid-denudasiya (“ arid ” – “quraq” deməkdir) quraq iqlim şəraitində xarici amillərin təsiri ilə süxurların parçalanmasıdır. Materikin şimal-qərb və mərkəzində olan Hamersli və MakDonnel dağları qədimdə baş vermiş tektonik hərəkətlər nəticəsində yaranmışdır. Platolar arasında ovalıqlar yerləşir.
Hamar düzənliklər üzərindən çox da hündür olmayan massivlər ucalır ki, bunlardan da ən məşhuru Ulurudur (və ya Eyrs-Rok).

Uluru. Avstraliyanın mərkəzi hissəsində yerləşir. Massiv qırmızı qumlarla örtülüdür. Ulurunun uzunluğu 3,6 km, eni 3 km-ə qədər, hündürlüyü isə 348 metrdir.

Şərqi Avstraliyada dağlar üstünlük təşkil edir. Materikin şərq sahilləri boyunca çox da yüksək olmayan qədim Böyük Suayırıcı silsilə dağları uzanır. O, ayrı-ayrı massivlərdən ibarətdir və onlardan da ən hündürü Avstraliya Alpları massividir. Burada ən yüksək zirvə hündürlüyü 2228 m olan Kostyuşko dağıdır. Bu regionun ən nəhəng düzənliyi Mərkəzi ovalıqdır (o, “Mərkəzi” adlanır, ancaq materikin şərqinə yaxın yerləşir). Murrey və Darlinq düzənlikləri eyniadlı çayların gətirdiyi çöküntülər nəticəsində yaranmışdır. Nə vaxtsa dənizin dibi olmuş alçaq düzənliklər okean sahillərində yerləşmişdir. Bu, şimalda yerləşən Karpentariya və cənubda yerləşən Nallarbor düzənlikləridir.

    

Aygün Qurbanova

Miq,sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz

Əlaqə:0507689712

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?