Fiziki coğrafiya

Coğrafiya elminin inkişafı

  • Yazar
  • 13-avq-2024, 00:42
  • 176 Baxış

     

Qədim insanlar özlərinə yaşayış yeri seçmək üçün oradakı meşələrdə meyvənin, ov etmək üçün heyvanların, içməli suyun olmasını öyrənir, fəlakətli təbiət hadisələrinin az olduğu ərazilərə üstünlük verirdilər. Deməli, insanlar lap qədimdən coğrafi bilikləri öyrənməyə məcbur idilər.

İnsanlar – zəlzələnin, vulkan püskürmələrinin, ildırımın və s.-nin baş vermə səbəblərini bilmədiklərindən onları müxtəlif ilahi qüvvələrin yaratdığını güman edirdilər. İnsanlar qədim dövrlərdən başlayaraq ətraf əraziləri və təbiətdə baş verən hadisələri öyrənməyə cəhd etmişlər. Onlar öz biliklərini daşlar, qayalar üzərində və yaşadığı mağaraların divarlarında təsvir edirdilər. Bu insanların təsəvvüründə Yer müxtəlif formalarda idi. Zaman keçdikcə onlar təbiəti daha yaxşı öyrənməyə, yeni ərazilərdə yaşamağa, təbiətdən daha yaxşı istifadə etməyə çalışırdılar.

Əhalinin sayının artması, müxtəlif ərazilərdə yaşayan tayfaların birləşməsi qədim dövlətlərin yaranmasına səbəb oldu. Bu dövlətlərə qədim Misir, Babilistan, Yunanıstan, Roma, Çin və Hindistan aiddir. 

Coğrafiya elmi uzun tarixi inkişaf yolu keçmişdir

1) İlkin təsəvvürlər dövrü ( e.ə III-II əsrlərdən b.e-nın V əsrinə qədər)

Ticarət əlaqələri məqsədilə yeni ərazilərin axtarışı, hərbi yürüşlərin təşkili Yer haqqında biliklərin inkişafına kömək edirdi. Ətraf ərazilərə ilk səyahətlər və onlar haqqında məlumatların toplanması qədim misirlilərə məxsusdur. Onlar uzun illər ərzində Nil çayının yuxarı axını, Qırmızı və Aralıq dənizlərinin sahilboyu ərazilərində üzmüş və ticarət aparmışlar. İlkin coğrafi təsəvvürlərin və biliklərin yarandığı ərazilərdən biri də Mesopotamiyadır.Çində kompasdan istifadə edilməsi haqqında məlumatlar var, Avrasiyanın mərkəzi hissəsinin öyrənilməsində qədim türklərin rolu böyükdür. Onlar Böyük göl (Baykal), Altay və Sayan dağları, Yenisey çayının yuxarı axarlarını və s. ilk kəşf edənlər olmuşlar. Türklərin əcdadları sayılan hunlar Asiyanın mərkəzi çöllərindən qərbə doğru, Avropada Dunay çayına qədər irəliləmişlər.

İndiki Dəclə və Fərat çayları arasındakı əlverişli təbii şəraiti və məhsuldar torpaqları olan ərazilərdə məskunlaşan şumerlərin gil lövhələr üzərində olan yazıları dövrümüzə qədər gəlib çatmışdır. Qədim Babilistana aid olan (b.e.ə V əsr) xəritələrdə şəhərlərin təsvirində görünür ki, dünya yastı və dairəvi formadadır.

Yer haqqında ilk təsəvvürlər babillərə məxsusdur. Onlar dünyanın bir neçə qatdan ibarət olduğunu, özlərinin mərkəzdə, başqalarının isə göyün üst və ya yerin alt qatlarında yaşadıqlarını deyirdilər. Bizim e.ə. VI əsrdə şumerlər dünyanın dörd cəhətdən ibarət olduğunu və hər cəhətdə bir dünyanın olduğunu bildirirdilər. Onlar Kiçik Asiya yarımadasını mərkəzdə, onun ətrafında isə Qara dəniz, Egey və Aralıq dənizlərinin yerləşdiyini təsəvvür edirdilər. 

Pifaqor (e.ə VI-V əsr) ilk dəfə yerin kürə formasında  olması fikrini irəli sürmüşdür , lakin iddiasını əsaslandıra bilməmişdir.

Qədim dövrdə yunan alimləri aparılan müşahidələr əsasında yerin kürə formasında olması qənaətinə gəldilər (Aristotel, Strabon). Bu ideyanı qəbul edən yunan alimi Eratosfen ilk dəfə Yerin ölçülərini hesablamışdır. Eratosfen öz dövrün- də məlum olan ərazilərin (İspaniyadan Çinə kimi) xəritəsini tərtib etmişdir. Bu ərazilər Köhnə dünya hesab olunur.

                     

Erotosfenin xəritəsi

Bizim eranın II əsrində yaşamış yunan alimi Klavdi Ptolomey də “Coğrafiya” adlı kitab yazmışdır.Bu kitabda Yerin coğrafi təsvirini vermiş, məlum məntəqələrin coğrafi koordinatlarını təyin etmiş, xəritə çəkilməsi üsullarını göstərmişdir. K.Ptolomey tərtib etdiyi xəritədə, Eratosfendən fərqli olaraq, daha geniş əraziləri vermiş, onun üzərində paralel və meridianları (dərəcə toru) təsvir etmişdir. 


      Klavdi Ptolomeyin tərtib etdiyi xəritə

Onun irəli sürdüyü fikirlərə görə, Yer kainatın mərkəzində dayanır, Günəş və digər planetlər isə onun ətrafında hərəkət edir. Bu nəzəriyyə “geosentrik nəzəriyyə” adlanır.

 

K.Ptolomeyin “ geosentik nəzəriyyəsi”

Qədim Yunanıstanda təbiətşünaslığın əsasını Miletli Fales (b.e.ə. VII-VI əsrlər) qoymuşdur. O, “üfüqün cəhətləri“ (şimal, cənub, şərq, qərb) sözlərini işlətmişdir. Miletli coğrafiyaçılar “qitələr” terminindən istifadə edərək Asiya və Avropanı ayırmağa başladılar. Bu gün həmin adların Assuriya dilindəki “asu” - “günçıxan” və “ereb” - “günbatan” sözlərindən alınması qəbul edilir.

Fales “ Yeri nəhəng okeanda üzən ağac parçası “ adlandırıb.

Homer (e.ə VIII əsr) Yeri hamar təsvir etmişdir.

Hipparx yerin öz oxu və günəş ətrafında fırlanması , iqlim dəyişməsi, Günəşin üfüqdə hündürlükdən asılı olaraq dəyişməsini söyləmişdir.

2)Orta əsrlər dövrü (V-XV əsrlər)

Coğrafiyanın inkişafında və bu sahədə biliklərin toplanmasında V əsrdən Böyük coğrafi kəşflərə (XV-XVII əsrlər) qədər olan vaxt Orta əsrlər dövrü kimi ayrılır. Bu dövrdə Avropada elmin inkişafında maneələr yaranmış və geriləmələr olmuşdur. VII əsrdə İrlandiya sakinləri İslandiya adasını kəşf etdilər və burada yaşayış məskənləri yaratdılar.


X əsrin ikinci yarısında Skandinaviyadan olan dənizçilər İslandiya adasının cənub-qərbində sıx əhali yaşayan ərazilərə köçmüşlər. Lakin yerli əhali ilə münaqişə nəticəsində onlar qərbdə yeni torpaqlar tapmaq üçün yenə səfərə çıxmışlar. Müəyyən qədər üzdükdən sonra onlar sahilləri yaşıl otlar və kollarla örtülü olan əraziyə yaxınlaşırlar və buranı Qrenlandiya (Yaşıl torpaq) adlandırırlar. Bu ərazilərdə məskən salan dənizçilər təxminən 1000-ci ildə Qrenlandiyadan qərbə tərəf üzərək, Şimali Amerikanın şərq sahillərinə çatdılar.

Bu dövrdə Şərq ölkələri sayılan Ərəbistan yarımadası və ətraf ölkələr, Çin, Hindistan və Mərkəzi Asiya ölkələrində zəngin elmi biliklər toplanmışdır. Həmin məlumatlar ölkələr arasında əlaqələrin qurulması və ticarət üçün böyük əhəmiyyət kəsb etmişdir.

İlkin orta əsrlərdə Ərəbistan yarımadası və Şimali Afrikanı əhatə edən Ərəb xilafəti mövcud olmuşdur. Ərəb səyyahları, coğrafiyaşünasları ölkələri gəzərək zəngin məlumatlar toplayırdılar. Günəş sisteminə daxil olan planetlər və digər səma cisimlərinin öyrənilməsi üçün böyük işlər görülmüşdür.
Orta əsrlərdə Nikolay Kopernik Yerin və digər planetlərin Günəş ətrafında fırlanmasına əsaslanan heliosentrik sistem nəzəriyyəsini irəli sürmüşdür (1543).

Nikolay Kopemikin "Heliosentrik sistem nəzəriyyəsinin sxematik təsviri

XI əsrdə Mərkəzi Asiyada yaşayan Mahmud Qaşqarlı türk xalqlarının məskunlaşdığı əraziləri gəzmiş, onların dilini, ədəbiyyatını və folklorunu öyrənmişdir. Bu məlumatlar əsasında türk xalqlarının yaşadığı ərazilərin xəritəsi verilmiş, xalqların dilinə aid lüğət tərtib edilmişdir.

XV-XVI əsrlərdə Osmanlı İmperiyası Aralıq dənizində çox güclü donanmaya malik idi. XVI əsrdə məşhur türk dənizçisi Piri Rəis Atlantik okeanının Afrika sahillərində üzmüş, Atlantik okeanının xəritəsini tərtib etmişdir.


Orta əsrlərdə yerinə yetirilən və coğrafiyanın inkişafına təkan verən hadisələrdən biri də italyan taciri Marko Polonun səyahəti olmuşdur. O, XIII əsrdə Çin və Hindistana səyahəti nəticəsində bu ərazilər haqqında Avropaya zəngin məlumatlar gətirmişdir.

Marko Polonun səyahəti (XIII əsr)

 Əbu Reyhan Biruni (973-1048) X-XI əsrlərdə Səmərqənddə yaşamış türk dünyasının görkəmli alimlərindən biridir.O, Şərqdə ilk dəfə gildən Yerin kiçildilmiş modelini-qlobusu düzəltmiş , Yerin ölçülərini daha dəqiqliklə vermişdir.


Nəsirəddin Tusi  1259-cu ildə İranın Marağa şəhərində rəsədxana qurmuşdur. Burada o, məlum olan məntəqələrin koordinatlarını müəyyən etmiş,astronomik hesablamalar aparmış, Yerin fırlanmasını sübut etmişdir.


XV əsrin 60-70-ci illərində rus taciri Afanasi Nikitin Rusiyadan Hindistana səyahəti zamanı Qafqazda olmuş, Bakı,Şamaxı və digər yaşayış məntəqələri haqqında məlumatlar toplamışdır. Onun “Üç dəniz arxasına səyahət” əsərinin əlyazmaları ölümündən sonra yoldaşları tərəfindən Moskvaya çatdırılmışdır.

Orta əsrlər dövrünün ərəb səyyahları:Həməvi,İdrisi,İbn Bəttutə,İbn Şəriyyə,İbn Rüşt,Məsudi

Orta əsrlər dövrünün türk səyyyahları:Əl-Biruni, M.Qaşqari,Ə.Bakuvi,İbn Sina,Fərabi,N.Tusi

3) Böyük coğrafi kəşflər dövrü

 XV əsrin sonlarına yaxın Avropa ölkələrində yeni inkişaf dövrü başlandı. Ona görə digər ölkələrlə ticarət əlaqələrini genişləndirmək tələb olunurdu. Bu işdə dəniz ticarəti əsas rol oynamalı idi. Avropada olan ölkələr arasında İspaniya və Portuqaliya dənizçiliyin inkişafına görə fərqlənirdi. Onlar güclü donanmaya, mahir dənizçilərə malik idilər. Bunu nəzərə alaraq İspaniya və Portuqaliya dənizçiləri əsas ticarət mərkəzi hesab edilən, qızıl və ədviyyatın çox olduğu Hindistana dəniz yolunu axtarmağa çıxdılar. Bununla da Böyük coğrafi kəşflər dövrü başlandı. Bu dövr XVII əsrin ortalarına qədər davam etmişdi.


Yerin kürə şəklində olmasına əsaslanan Xristofor Kolumb hesab edirdi ki, Avropadan qərbə üzməklə Hindistana çata bilər və bu yol daha qısadır. İspan dənizçiləri X.Kolumbun başçılığı altında 1492-ci ildə Hindistana getmək üçün qərbə tərəf yola düşürlər. İki aydan sonra, üfüqdə torpaq göründü. Bura indiki Baham adaları idi.X.Kolumb sonradan yeni torpaqlara 3 dəfə səyahət etmişdir. O, ömrünün sonuna qədər əmin idi ki, Hindistana çatmışdır. Ona görə də burada yaşayan yerli əhalini hindular,torpaqları isə Vest-Hind adlandırdı.

 

X.Kolumbdan sonra bura gələn Ameriqo Vespuççi bu ərazilərin Hindistan deyil, tamamilə yeni torpaqlar olduğunu iddia edir. Sonradan yeni tapılan ərazilər onun şərəfinə Amerika adlandırdı.

Hindistana dəniz yolunu portuqallar şərq istiqamətdən axtarırdılar. Bu ölkəyə aid X.Kolumb ekspedisiyanın üzvləri 1498-ci ildə Vasko da Qamanın başçılığı ilə Afrikanın cənubundan dolanaraq Hindistana çatdılar. Bununla da ilk dəfə avropalılar Afrikanın cənubundan keçərək Hind okeanına çıxdılar və Afrikanın ölçülərini müəyyən etdilər.

Vasqo da Qamanın səyahət marşurutu 


İspaniyadan Hindistana dəniz yolunu tapmaq bu dövrdə hələ də vacib hesab edilirdi. 1519-cu ildən 1521-ci ilə qədər Fernan Magellan bu yolu açmaq üçün dünya səyahəti etmişdir. Onun başçılığı ilə 5 gəmidə 265 nəfərdən ibarət heyət İspaniyadan indiki Cənubi Amerikaya tərəf yola düşdü. Magellan hesab edirdi ki, materikin cənubundan o vaxtlar Böyük adlanan okeana su yolu olmalıdır. Ekspedisiya bu okeana çıxdıqda suyun sakit olmasına əsasən Magellan onu Sakit okean adlandırdı. Bir neçə aydan sonra Magellanın heyəti Asiya sahillərinə yaxınlaşdı. O, Filippin adalarında yerli əhali ilə olan toqquşmada həlak oldu. Sağ qalan 18 nəfər Xuan Elkanonun başçılığı altında 1522-ci ildə vətənə qayıtdı. Səyahət nəticəsində qərbə yola düşən gəmilər şərqdən geri döndü. Bununla da Yerin kürə şəklində olması və Dünya okeanının vahidliyi sübut olundu. Onun səyahəti sonrakı dövrlərdə Yer kürəsinin öyrənilməsi və coğrafi biliklərin inkişafı üçün böyük rol oynamışdı.

Fernand Magellanın ekspedisiyasının dünya səyahəti

XVII ərsin əvvəlində holland səyyahı Villem Yanszon Arafur dənizini keçərək Keyp-York yarımadasının qərb
sahillərinə çatdı. Bu avropalıların Avstraliyaya ilk gəlişi hesab olunur. 


V.Yansonun səyahət marşurutu


 Cənub yarımkürəsində mövcud olması fərz edilən quru sahəsini (Avstraliyanı) XVII əsrin 40-cı illərində digər holland səyyahı Abel Tasman öyrənmişdi.

Abel Tasmanın səyahət marşurutu

Frensis Dreyk XVI əsrdə Magellandan sonra ikinci dəfə dünya səyahətinə çıxmışdır
Avropalılar qərbdə kəşf edilmiş böyük bir qurunu - Amerikanı “Yeni Dünya” adlandırdılar. Yeni Dünyanı X.Kolumb kəşf etsə də, qitənin adı Ameriqo Vespuççinin şərəfinə qoyulmuşdur. Çünki səyyah bu ərazilərin yeni bir quru olduğunu əsaslandırmışdı.Onlara əvvəldən məlum olan ərazilər isə - Avropa, Asiya və Şimali Afrika Köhnə Dünya kimi tanındı.
İspanlar və portuqaliyalılar Amerikanın mərkəzi və cənub hissələrini, ingilis və fransızlar isə şimal hissələrini öyrənərək mənimsəməyə başladılar.

Yeni Dünyanın kəşf edilməsi Avropa ölkələrinin iqtisadi və siyasi həyatına böyük təsir etdi. Ticarət yolları tədricən Aralıq dənizi hüdudlarından çıxaraq daha geniş əraziləri əhatə etməyə başladı. Bu isə bəzi ölkələrin coğrafi mövqelərinin yaxşılaşmasına səbəb oldu.

Yeni torpaqları müstəmləkələrə çevirən avropalılar bu əraziləri istismar etməklə təbii sərvətləri daşımağa başladılar. Bu, Avropa ölkələrinin gələcək iqtisadi inkişafının əsasını qoymuş oldu.

X.Kolumb Amerikaya dörd dəfə səyahət etmişdir. İlk səyahətindən sonra onu İspaniyada qəhrəman kimi qarşılamışdılar. Lakin sonuncu səyahətdən qayıdanda Kolumb həbsxanaya salındı və hamı tərəfindən unuduldu. Çünki Kolumbun kəşfləri ona edilən ümidləri doğrultmamış, yəni gözlənilən gəlir əldə edilməmişdi.

Ümumiyyətlə, uzaq səfərlərin məqsədi heç də yeni coğrafi adları xəritəyə qeyd etmək, ölkələri, xalqları tanımaq deyildi. Əsas məqsəd yeni torpaqları zəbt etmək, daha çox gəlir əldə etməkdən ibarət idi. Bu məqsədlə yeni ərazilərdə güc tətbiq edilirdi.

Avropalıların Amerika qitəsinə səyahətləri də yerli sərvətləri əldə etməyə xidmət etmişdir. Onlar burada məskunlaşaraq əraziləri mənimsəməyə başlamışlar. İşləmək üçün Afrikadan çoxlu qaradərili qullar gətirilirdi.Avropalılar yerli xalqları öz məhsuldar torpaqlarından qovaraq, onları xüsusi ayrılmış, təbii şəraiti əlverişsiz ərazilərdə- rezervasiyalarda yaşamağa məcbur etmişlər.Avropa dövlətlərinin iqtisadi inkişafı digər materiklərdən daşınan təbii sərvətlər hesabına daha da güclənmişdi.Avropalılar da yeni torpaqlara öz mədəniyyətlərini, elmi-texniki nailiyyətlərini, adət-ənənələrini və s. gətirmişlər. Köçüb gələnlər sonradan burada müstəqil dövlətlər yaratmış və regionun inkişafına nail olmuşlar.

4) Coğrafiya elmi yeni dövrdə

XVII əsrin ortalarında Böyük Coğrafi kəşflər başa çatdı. Sonrakı dövrlərdə materiklərin daxili rayonları ilə yanaşı, okeanlarda suyun temperaturu, duzluluğu, axını, dib relyefi, qütbətrafı ərazilər öyrənilməyə başlandı. Avropalılara artıq Köhnə Dünya ilə yanaşı, Amerika və Avstraliya da məlum olmuş, materiklərin daxili hissələrinin öyrənilməsinə başlanılmışdı. Səyahətlər Sakit, Atlantik və Hind okeanlarının mərkəzindən üzüb keçməyə, onların ölçülərini müəyyən etməyə imkan vermişdi. Bununla yanaşı, dünyada kəşf olunmayan, insan ayağı dəyməmiş ərazilər, “ağ ləkələr” qalırdı.

 XVII-XVIII əsrlərin ən mühüm coğrafi kəşflərinə Avrasiyanın şərq hissəsinin, Amerikanın Sakit okean sahillərinin öyrənilməsi, fransızların Sakit okeanda apardığı tədqiqatları aid etmək olar. Semyon Dejnyov Avrasiyanın ucqar şərq nöqtəsinə hələ XVII əsrin ortalarında çatmışdır və buranı fəth etmişdir.
 İki materik arasında olan Berinq boğazı XVIII əsrin əvvəlində kəşf edilmişdir. Az sonra Asiyadan Amerika sahillərinə Vitus Berinqin başçılığı ilə çatmaq mümkün olmuşdu.

         

Vitus Berinqin səyahəti

Cənub yarımkürəsindəki ərazilərin öyrənilməsində ingilis səyyahı Ceyms Kukun xüsusi rolu olmuşdur. O, XVIII əsrin 60-70-ci illərində üç dəfə dünya səyahəti etmiş, Məşhur dəniz səyyahı Ceyms Kuk naməlum Cənub torpaqlarını axtarmaq və xəritəyə köçürmək üçün səyahət etmiş, bu zaman Sakit okeanın mərkəzi və qərb hissələrində yerləşən adaları öyrənmiş, Havay adalarını kəşf etmişdir. Yeni Zelandiyanın müstəqil iki adadan ibarət olması onun səyahətinin əsas nəticələrinə aiddir.Havay adalarında yerli əhali ilə toqquşmada həlak olmuşdu. C.Kuk bir neçə dəfə cəhd göstərsə də, Antarktidaya yaxınlaşa bilməmişdi.
 

Uzun illər cənubda olması güman edilən Antarktida materiki rusdənizçiləri Faddey Bellinshauzen və Mixail Lazarev tərəfindən XIX əsrin əvvəllərində (1820-ci il) kəşf edilmişdir.

 İ.Kruzenşteyn və F.Lisyanski 1803-1806-cı illərdə Dünya səyahətini başa vurmuşlar.

 Təbiətşünas Aleksandr Humboldt 1799-1804-cü illərdə And dağlarını, Orinoko, Amazon çaylarını, Kotopaxi, Çimboraso və Meksikada olan vulkanları, Mərkəzi Amerika adalarını öyrənmişdir. O, materikdə iqlimin formalaşmasını, daxili və sahilboyu ərazilərdə iqlim şəraitində olan fərqləri göstərmişdir. Aleksandr Humboldt bitkilərin coğrafi enliklər və şaquli zonallıq üzrə yayılmasını öyrənmiş, materikin geoloji xəritəsini tərtib etmiş, okean cərəyanlarının materikin təbiətinə təsirini müəyyən etmişdir.

 

A.Humboltun səyahət marşurutu

 XIX əsrin ikinci yarısında David Livinqston Afrikanın mərkəzi və şərq rayonlarını öyrənmişdir. Səyyah ilk dəfə olaraq Afrikanın qərb sahillərindən şərq sahillərinə qədər keçmişdir. O, Konqo, Zambezi çaylarının yuxarı axınlarını, Nyasa və Tanqanika göllərini, Viktoriya şəlaləsini kəşf etmişdir. Bu ərazilər XIX əsrin 70-ci illərində Henri Stenlinin başçılığı ilə öyrənilmişdir.


  İlk dəfə Şimal qütbünə 1909-cu ildə amerikalı Robert Piri, Cənub qütbünə 1911-ci ildə norveçli Rual Amundsen, 1912-ci ildə ingilis Robert Skott gəlmişdir.


 Norveç səyyahı Tur Heyerdal Sakit okean adalarında yaşayan insanların Cənubi Amerikadan üzərək buraya gəldiyini fərz etmişdir.Bu fikrini sübut etmək üçün, o, 1947-ci ildə qədim dövrdəkilərə oxşar Kon-Tiki adlı gəmi hazırlamış və onun köməyi ilə okeanda, sahildən xeyli uzaqda yerləşən adalara üzüb çata bilmişdir.

           

Tərtib etdi:  Aygün Qurbanova

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?