Fiziki coğrafiya

Azərbaycanda coğrafiya elminin inkişafı

  • Yazar
  • 14-avq-2024, 23:11
  • 19 Baxış

 

Azərbaycan insanların qədimdən məskunlaşdığı ərazilərdən biridir. Onun ərazisində tarixən mövcud olmuş dövlətlərdə elmin, sənətin, təsərrüfatın inkişafına, ətraf ölkələrlə ticarət əlaqələrinin qurulmasına mühüm əhəmiyyət verilmişdir. Bunlar isə ölkənin və qonşuların daim öyrənilməsi ilə mümkün ola bilərdi.


Azərbaycan haqqında ilk yazılı məlumat verən qədim yunan alimi Strabon olmuşdur. Eramızın əvvəllərində yaşamış alimin “Coğrafiya” adlı kitabında Azərbaycanın təbiəti, təsərrüfatı və əhalisi haqqında yazılı məlumatlara rast gəlinir. Strabonun verdiyi məlumatlara görə Kür-Araz ovalığının məhsuldar torpaqlarından istifadə etmək üçün suvarma kanalları çəkilmişdir.


AZƏRBAYCAN - "şəhərlər və qalalar" ölkəsidir. Burada təsərrüfat sahələri, ticarət və sənətkarlıq yaxşı inkişaf etmişdir. İpəkçilik geniş yayılmış, onun emalının iri mərkəzləri vardır. İpəklə yanaşı ölkədə müxtəlif növ parçalar toxunur, zərxanalar fəaliyyət göstərir.

Marko Polo

Eratosfenin xəritəsində Xəzər dənizi, Qafqaz dağları, Kür çayı təsvir olunur. K.Ptolomeyin xəritəsində isə bu obyektlərlə yanaşı, mövcud olan şəhərlər də göstərilir. Burada Xəzər dənizi qapalı su hövzəsi kimi verildiyindən dəqiq xəritə hesab oluna bilər.Ərəb səyyahları və coğrafiyaşünaslarının əsərlərində də Azərbaycan ərazisi, əhalisi, təsərrüfatı və şəhərləri haqqında zəngin məlumatlar vardır.

Azərbaycan alimləri coğrafiya elminin inkişafına mühüm töhfələr vermişlər. Nəsirəddin Tusi 1259-cu ildə Marağa şəhərində qurduğu rəsədxanada astronomik hesablamalar aparmış, Yerin fırlanması və ölçülərini müəyyən etmiş, coğrafi məntəqələrin koordinatlarını vermişdir.

Məşhur coğrafiyaçı Əbdürrəşid Bakuvi XIV-XV əsrlərdə yaşamışdır. Onun bizə gəlib çatan yeganə kitabı (“Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri”) Paris Milli Kitabxanasında saxlanılır.

XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda elmin ayrı-ayrı sahələri, o cümlədən təbiətşünaslıq inkişaf etmişdir. Bu dövrdə əhalinin, şəhərlərin, təbii şəraitin və təbii ehtiyatların öyrənilməsinə başlanmışdır.

XIX əsrdə yaşayan Hacı Zeynalabdin Şirvani Azərbaycanın məşhur tarixi simalarından biri, səyyah və coğrafiyaşünasdır. O, ömrünün 40 ilini səyahətdə keçirmiş, bu dövrdə 60 min km yol getmişdir. Şirvani Mərkəsi Asiyada, Hindistanda, İndoneziyada, Ərəbistanda və Şimali Afrikada olmuşdur. Səyyah gəzdiyi ərazilər haqqında bir neçə əsər yazmışdı.


         

 H.Z.Şirvaninin səyahət marşurutu

XIX əsrdə Abbasqulu ağa Bakıxanov Azərbaycanın tarixi, ictimai-iqtisadi inkişafı haqqında “Gülüstani- İrəm”, Xristofor Kolumbun Amerikanı kəşf etməsi haqqında “Qəribə kəşflər”, Kainatın heliosentrik sistemi haqqında “Kainatın sirləri” əsərlərini yazmışdır. Azərbaycanın təbiəti haqqında Həsən bəy Zərdabinin əsərlərində zəngin məlumatlar vardır. Qafur Rəşad Mirzəzadə XX əsrin əvvəllərində coğrafiya sahəsində ana dilində yazılmış bir neçə kitabın müəllifidir (“Qafqaz coğrafiyası”, “Ümumi coğrafiya”). 1921-ci ildə Məhəmmədhəsən Vəliyevin (Baharlının) məşhur “Azərbaycan” kitabı nəşr edilsə də, uzun illər istifadə edilməsi yasaq olunmuşdur.

Ölkəmizdə coğrafiya elminin formalaşması XX əsrin 30-cu illərində başlansa da, 50-60-cı illərdən sonra sürətlə inkişaf etmişdir. Bu dövrdə ölkənin fiziki və iqtisadi coğrafiyası geniş şəkildə öyrənilmiş, kitablar yazılmış, çoxsaylı xəritələr hazırlanmışdır. Azərbaycanın relyefi Budaq Budaqov və Müseyib Müseyibov, iqlimi Ənvər Şıxlinski və Əliabbas Mədətzadə, çayları Saleh Rüstəmov tərəfindən öyrənilmişdir. Xəzər dənizini uzun müddət Qasım Gül, Azərbaycanın torpaq örtüyünü Həsən Əliyev, Məmmədəmin Salayev, iqtisadi coğrafiyasını Hadı Əliyev, Əbdürrəhim Hacızadə, Asəf Nadirov tədqiq etmişlər. Müasir dövrdə iqlimşünaslıq, hidrologiya, landşaftşünaslıq, turizm coğrafiyası, siyasi coğrafiya, əhali coğrafiyası, ekoloji coğrafiya sahələrində tədqiqatlar daha da genişlənir.

Coğrafiya elminin inkişafı və onun əldə etdiyi nəticələr ölkənin təsərrüfatının ərazi təşkilində əhəmiyyətli rol oynamışdır. Sumqayıt, Mingəçevir, Şirvan, Daşkəsən kimi şəhərlərdə sənaye obyektlərinin yaradılması zamanı coğrafiya elminin topladığı məlumatlardan istifadə edilmişdir.

Hazırda ölkənin regionlarının inkişaf etdirilməsi üçün Dövlət Proqramları yerinə yetirilir. Bu zaman regionların inkişafı və təsərrüfat obyektlərinin yaradılması üçün coğrafiya elminin topladığı məlumatlardan istifadə edilməsi zəruridir. Bu halda ölkənin paytaxtı Bakı şəhəri ilə yanaşı,regionlarda əhalinin həyat səviyyəsinin yüksəldilməsi və təsərrüfatın inkişafına nail olmaq olar.

Aygün Qurbanova

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?