Afrikanın iqlimi
- Yazar
- 15-yan-2025, 00:13
- 41 Baxış
Afrika materikinin əsas hissəsi tropik xətlər arasında yerləşdiyinə görə o, Yer kürəsində ən isti materik hesab edilir. Materik üzərində günəş radiasiyasının illik kəmiyyəti 160-220 kkal sm2 arasında dəyişir. Əksər ərazilərdə il ərzində Günəş iki dəfə zenitdə olur. Ona görə də ilboyu temperatur 20°C-dən aşağı düşmür.
Alçaq təzyiq qurşağında yerləşən Mərkəzi Afrikaya daha çox yağıntı düşür və yağıntılar ilboyu bərabər paylanır. Bu ərazilərdə səpələnən günəş radiasiyası üstündür.
Afrika sahillərini yuyan Kanar, Bengel, Somali soyuq cərəyanları sahilboyu ərazilərdə quru iqlimin formalaşmasına səbəb olur. Materikin cənub-şərq sahilləri boyunca axan isti Mozambik və İynə burnu cərəyanları isə yağıntının miqdarını artırır.
İqlimdə kəskin dəyişmələrin səbəblərindən biri də relyefdir. Məsələn, Kilimancaronun zirvəsində il ərzində temperatur 0°C-dən aşağıdır. Ekvator yaxınlığında yerləşməsinə baxmayaraq yamacların ekspozisiyası, hakim küləklər düşən yağıntıların miqdarına təsir edir. Madaqaskar adasının və Draqon dağlarının şərq yamaclarına çoxlu miqdarda yağıntı düşür. Buna səbəb onların Hind okeanından gələn passat küləklərinin yolu üzərində yerləşməsidir.
Ekvatorial iqlimin əsas xüsusiyyəti il ərzində hər gün təkrarlanan hava şəraitinin olmasıdır. Səhər hava aydın olur, gündüz güclü qızan Yer səthindən isinən hava yuxarı qalxır, tez-tez şimşək və ildırımla müşayiət olunan leysan yağışlar yağır. Yağışdan sonra hava açılır. Axşam hava yenidən sakit, buludsuz olur.
Subekvatorial iqlim qurşağının xüsusiyyəti temperatur və yağıntının fəsillər üzrə dəyişməsidir. Mövcud olan hava şəraiti və yağıntının rejimi ərazinin bitki və heyvanlar aləminə, eləcə də kənd təsərrüfatına təsir edir.
Tropik iqlim qurşağında yağıntılar az düşür. Sutkalıq temperatur amplitudu 40°C-yə çatır və illik amplituddan çox olur. Tropik qurşaq daxilində suvarma tətbiq etmədən əkinçiliyi inkişaf etdirmək qeyri-mümkündür. Ona görə də bu ərazilər zəif məskunlaşmışdır.
Subtropik qurşaq Afrikanın şimalında Aralıq dənizi sahillərini və materikin cənub hissəsini əhatə edir. Bu qurşaqda fəsillər daha aydın nəzərə çarpır.
Aygün Qurbanova
MİQ, Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə : 050-768-97-12