Yeraltı sular
- Yazar
- 10-fev-2025, 19:36
- 115 Baxış
Yer qabığı sukeçirən və suyadavamlı (sukeçirməyən) süxurlardan təşkil edilmişdir. Sukeçirən süxurlara qum, çınqıl, tuf, çaydaşı, suyadavamlı süxurlara isə qranit, bazalt, gil və s. aiddir. Duzlar, gips, əhəngdaşı kimi suda həllolan süxurlarda mağaralar əmələ gəlir. Yer səthinə düşən yağıntı sularının bir hissəsi sukeçirən süxurlardan keçərək yerin altına hopur və yeraltı suları əmələ gətirir. Yeraltı sular süxurların çatlarında və məsamələrində toplanmış sulara deyilir. Süxurların yatım ardıcıllığından asılı olaraq yeraltı sular qrunt və layarası sulara bölünür.
Əgər Yer qabığının üst hissəsində sukeçirən, ondan aşağıda suyadavamlı lay yerləşərsə, yağıntı suları üstdəki layın boşluqlarında yığılır. Birinci suyadavamlı layın üzərində yerləşən belə sulara qrunt suları deyilir (a). Onlar quyular qazılarkən səthə çıxır. Qrunt suları çökək və meyilli ərazilərdə – çay dərələri, yamaclar, yarğanlar, dağlarla düzənliklərin qovuşduğu yerlərdə səthə çıxaraq bulaq və ya çeşmələri əmələ gətirir. Qrunt suları tərkibinə görə şirin və minerallaşmış olur. Tərkibində çoxlu duzlar və qazlar həll olmuş sular mineral sulardır. Bir çox hallarda onlardan müalicə məqsədilə istifadə edilir. Yerdə qrunt sularının paylanmasında müxtəliflik müşahidə olunur.
Dünyada ən böyük artezian hövzələri Qərbi Sibir, Böyük Artezian hövzəsi (Avstraliya), Böyük Səhra, Mərkəzi Asiya və s. ərazilərdədir. Azərbaycan ərazisində də yeraltı sular qeyri-bərabər paylanmışdır. Dağlıq və onlara yaxın yerləşən düzən ərazilərdə içməli yeraltı sular daha çoxdur. Quraq iqlimə malik olan ərazilərdə yeraltı sular azdır və ya duzludur.
Kür-Araz ovalığında qrunt suları 1–5 m dərinlikdə yerləşir. Bu sular yüksək dərəcədə minerallaşmış olduğundan istifadə üçün yararsızdır. Beton örtüksüz tikilən suvarma kanalları və su anbarlarından sızan sular ovalığın çökək ərazilərində toplanaraq qrunt sularının səviyyəsinin qalxmasına, şoranlıq və bataqlıqların yaranmasına səbəb olur. Suvarmanın düzgün aparılmaması da bu prosesi gücləndirir. Şoranlaşmanın qarşısını almaq üçün düzən ərazilərdə kollektor-drenaj şəbəkəsi qurulmuşdur.
Kollektor (с) qrunt sularının səviyyəsini aşağı salmaq üçün qazılan kanallar və ya hidrotexniki qurğulardır. Drenajlar yeraltı suları kollektora axıtmaq üçün çəkilən nisbətən kiçik hidrotexniki qurğulardır. Kür-Araz ovalığından keçən Baş Şirvan, Baş Mil-Qarabağ və Baş Mil-Muğan kollektorları vasitəsilə minerallaşmış qrunt suları Xəzər dənizinə axıdılır. Ölkəmizdə kollektor və drenaj şəbəkəsinin təkmilləşdirilməsinə və genişləndirilməsinə böyük ehtiyac var.
İstifadə üçün daha yararlı qrunt suları Qusar maili düzənliyi, Qanıx–Əyriçay, Lənkəran ovalığı və dağətəyi ərazilərdədir. Artezian suları isə daha çox Kür-Araz ovalığında yerləşir (Qafqazda ən böyük artezian hövzəsi). Bəzi düzənlik ərazilərdə qrunt sularının səthə yaxın yerləşməsi meşə landşaftının formalaşmasına səbəb olmuşdur. Qrunt və layarası sular böyük iqtisadi əhəmiyyətə malikdir. Onlar içməli su təminatı, suvarma və s. məqsədlər üçün istifadə edilir.
Maraqlı məlumat:
Britaniya alimlərinin apardıqları tədqiqatlar nəticəsində Afrikada, xüsusilə Liviya, Əlcəzair və Çadda nəhəng yeraltı su ehtiyatlarının olduğu aşkar edilmişdir. Onların həcmi səth sularından 100 dəfə çoxdur və bu ölkələrin səthini 75 m qalınlığında su layı ilə örtə biləcək miqdardadır. Afrikada tez-tez quraqlıqlar baş verir və kənd təsərrüfatında suvarma tələb olunur. Tədqiqatçılar bütün Afrikanın yeraltı su ehtiyatlarının xəritəsini tərtib etmişlər. Bu xəritə göstərir ki, suyun heç çatışmadığı bir çox Afrika ölkələri, əslində, böyük su ehtiyatlarına malikdir. Bu ehtiyatlar əhalinin suya olan tələbatını tam ödəyə bilər. Lakin alimlər tələsməməyi, yalnız kiçik quyuların qazılması ilə kifayətlənməyi tövsiyə edirlər. Əhalinin suya olan tələbatı isə getdikcə artır və proqnozlara görə, yaxın gələcəkdə böhran həddinə çata bilər.
Aygün Qurbanova
MİQ.Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə: 050-768-97-12