Fiziki coğrafiya

Xəzər dənizi

  • Yazar
  • 09-iyl-2025, 19:21
  • 0 Baxış

 

Xəzər gölünü böyüklüyünə və hidroloji xüsusiyyətlərinə görə dəniz adlandırırlar. Xəzər dənizinin sahəsi 380 min km²-dir (sahəsi dəyişkəndir). Orta dərinliyi 184 m, maksimum dərinliyi 1025 m-dir (Lənkəran çökəkliyi). Tarixi mənbələrdə Xəzərin 70-ə qədər adı olmuşdur (Xvalın, Bakı, Gürgan, Dərbənd, Ağ dəniz, Lənkəran dənizi, Mazandaran və s.). Avropa və Şərq ölkələrində onu Kaspi, Azərbaycanda isə Xəzər adlandırırlar. Adların əksəriyyəti qədim zamanlarda dənizin sahillərində yaşamış tayfaların adları ilə bağlıdır.

Xəzər dənizi qədim Lavrasiya və Qondvana arasında yerləşən Tetis okeanının qalığıdır. 10 mln. il əvvələ qədər Qara və Xəzər dənizlərinin yerində nəhəng Sarmat dənizi mövcud idi. Sonralar Böyük və Kiçik Qafqaz dağlarının qalxması nəticəsində Xəzər qapalı su hövzəsinə çevrildi. Xəzər dənizi meridian boyunca S hərfi formasında uzanaraq təqribən 47° şm.e. və 36° şm.e. arasında yerləşir. Onun suları 5 dövlətin sahillərini yuyur. Azərbaycanda Xəzərin sahil xəttinin uzunluğu 825 km-dir. Ən uzun sahil xətti Qazaxıstana məxsusdur.

Təbiətinin müxtəlifliyinə görə Xəzər üç hissəyə bölünür: 1. Şimal – 44° şm.e.-nə qədər. 2. Mərkəz – 44° şm.e. ilə 40° şm.e.-nin arası. 3. Cənub – 40° şm.e.-dən cənuba.

Bu hissələr dənizin dib relyefinə və suyunun fiziki-kimyəvi xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Gölün təbiətinə təsir edən ən mühüm amil onun mülayim və subtropik qurşaqlarda yerləşməsidir. Xəzərə daxil olan arktik, mülayim, tropik hava kütlələri suyun temperaturunun, duzluluğunun qeyri-bərabər paylanmasına səbəb olur.

Suyun temperaturu qış aylarında şimalda 0°C–5°C, mərkəzdə 5°C–10°C, cənubda 10°C–12°C olur. Yay temperaturu isə şimalda 20°C–25°C, mərkəzdə 23°C–26°C, cənubda isə 25°C–28°C arasında dəyişir. Şimal hissə qışda buz bağlayır. Xəzərdə duzluluq şimalda 1–2‰, mərkəzdə 5–10‰, cənubda isə 10–13,5‰-yə qədər artır.

Xəzərə tökülən çaylar, xüsusilə də Volqa gölün duzluluğuna, üzvi aləminə, su axınlarına güclü göstərir. Gölün qərb sahili boyunca axınlar şimaldan cənuba, şərqdə isə cənubdan şimala hərəkət edərək qapalı dövran yaradır. Xəzərdə güclü dalğalar müşahidə olunur. Xəzri küləkləri zamanı onların hündürlüyü 10–12 m-ə çatır.

Xəzər dənizi sahilyanı ölkələrin təbiətinə, eyni zamanda iqtisadiyyatına da güclü təsir edir.

Xəzər dənizinin səviyyə tərəddüdü qrafiki

 

Təbii amillər və sahilyanı ölkələrdə təsərrüfatın inkişafı Xəzər dənizində problemlərin yaranmasına səbəb olur:

1. Səviyyə tərəddüdü. Xəzər dənizinin səviyyəsi sabit deyil və dövri olaraq dəyişir. Bu səbəbdən onun səthinin sahəsi və həcmi də artıb-azalır. Xəzər dənizinin səviyyəsi Dünya okeanı səviyyəsindən təqribən -27 m aşağıdır. 2005-ci ildən Xəzər dənizinin səviyyəsində enmə müşahidə edilir. Səviyyə tərəddüdünün səbəbi hələ də tam dəqiqləşdirilməmişdir. Bu, çoxillik iqlim dəyişmələri, dənizin dibində baş verən tektonik hərəkətlər və antropogen amillərlə izah olunur.

2. Ekoloji problem şelf zonasında neft-qaz hasilatı, neft daşınmaları, sənaye və məişət tullantılarının axıdılması ilə əlaqədardır.

3. Bioloji problem – dənizdəki canlı aləmin azalması və dəyişməsidir. Bu, əsasən, antropogen təsir nəticəsində baş verir.

Xəzər dənizi zəngin mineral, bioloji və rekreasiya ehtiyatları ilə zəngindir. Xəzərin neft və təbii qaz ehtiyatları sahilyanı ölkələr, xüsusilə Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Azərbaycandakı yataqların əksəriyyəti dənizin şelf zonasında yerləşir. Qazaxıstan və Türkmənistandakı ehtiyatların çox hissəsi isə qurudadır, lakin onların istismarı və daşınması bilavasitə Xəzərlə bağlıdır.

Xəzərin şelf zonasının neft-qaz ehtiyatları
Ölkələr Xam neft (milyon barrel) Təbii qaz (trilyon m3)
Azərbaycan 6,8 51
İran 0,5 2
Qazaxıstan 15,7 36
Rusiya 1,6 14
Türkmənistan 1,1 9
Cəmi: 25,7 112
Mənbə: ABŞ Enerji Məlumatları Administrasiyası (EİA), 2012-ci il

Dünyada ilk dəfə dənizdə neft 1949-cu ildə Xəzərdə Neft Daşlarında çıxarılmışdır. Xəzəryanı türk dövlətləri 1991-ci ildə yenidən müstəqillik qazandıqdan sonra dənizin neft-qaz ehtiyatlarının istismarı ilə əlaqədar xarici şirkətlərlə sıx əməkdaşlıq yarandı. Bununla əlaqədar regionda iri layihələr həyata keçirilməyə başlandı. Neft-qaz sənayesi və onunla bağlı olan təsərrüfat sahələri inkişaf etdirildi, yeni müəssisələr tikildi, neft və qazın hasilatı və emalında yeni texnologiyalar tətbiq olundu. Yanacağın daşınması üçün yeni nəqliyyat yolları çəkildi və layihələşdirildi. Bu nəqliyyat layihələri materikdaxili mövqeyə malik türkdilli dövlətlərin iqtisadi-coğrafi mövqeyinin yaxşılaşmasına səbəb oldu.

Florasının zənginliyi və özünəməxsusluğu ilə Xəzər dünyanın digər sututarlarından fərqlənir. Burada 111 balıq növünə rast gəlinir. Onların içərisində əsas yeri nərə balıqları tutur. Burada nərə balıqlarından Xəzər qızılbalığı, uzunburun, ağ qızılbalıq, digər balıq növlərindən isə kütüm, şamayı, kilkə, siyənək, çəki, xəşəm, naxa və s. vardır. Balıqlar iri çayların mənsəblərində daha çoxdur.
Şərq-Qərb
nəqliyyat
dəhlizi

Xəzərdə daxili hövzələrin heç birində olmayan suiti yaşayır. Sahilboyu qamışlıqlara vağ, qu quşu, flaminqo, sultantoyuğu, ördək, qaşqaldaq və s. su quşları qışlamağa gəlir. Xəzərin flora və faunasını qorumaq üçün sahilboyunda qoruq və milli parklar yaradılmışdır. Bunlara Qızılağac, Şirvan, Abşeron, Samur–Yalama milli parkları daxildir.

Xəzərin sahilboyu zonaları rekreasiya ehtiyatları ilə zəngindir. Abşeron yarımadası sahilləri, Giləzi–Zarat, Nabran–Yalama və Lənkəran, Rusiyanın Dağıstan sahillərində bu ehtiyatlardan geniş istifadə edilir.

Şimal-Cənub nəqliyyat dəhlizi

Xəzərin ehtiyatlarının mənimsənilməsi sahilboyu regionlarda bir çox iqtisadi, sosial və ekoloji problemlərin həllinə kömək edə bilər. Xəzərin suyunun şirinləşdirilməsi, külək enerjisindən istifadə böyük iqtisadi əhəmiyyətə malikdir. Xəzər sahillərində iqtisadiyyatın inkişafı ciddi ekoloji problemlərin də meydana çıxmasına səbəb olur. Bu problemlərin həlli yalnız Xəzərsahili dövlətlərin birgə səyi nəticəsində mümkündür.

                                                                                                                                                            Aygün Qurbanova

MİQ, Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.

Əlaqə: 050-768-97-12

 

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?