Fiziki coğrafiya

Coğrafi təbəqənin inkişaf mərhələləri və qanunauyğunluqları

  • Yazar
  • 21-iyl-2025, 18:52
  • 31 Baxış

  Coğrafi təbəqənin inkişafının sonunda biosfer – həyat təbəqəsi yaranmışdır. Yerdə həyatın yaranması haqqında dini və elmi fərziyyələr mövcuddur. Ç.Darvinin məşhur təkamül nəzəriyyəsindən başqa, həyatın Yerə kənardan gəldiyini, canlıların sərbəst olaraq formalaşdığını, vulkanlardan yarandığını
və s. iddia edənlər vardır. Lakin bunun dəqiq cavabı hələ ki, elmə tam məlum deyildir.

Alimlərin çoxu hesab edir ki, Yerdə həyat okeanda birhüceyrəli orqanizmlərin yaranması ilə başlamış, sonra quruya keçmişdir. Tədricən birhüceyrəlilərdən çoxhüceyrəli orqanizmlər, sonra daha mürəkkəb quruluşa malik bitkilər və heyvanlar yaranmışdır.

Antropogen (müasir) mərhələ – 40 min il
əvvəldən indiyə qədər
Biogen mərhələ –
580 mln. il
Biogenəqədərki
mərhələ (geoloji) –
3 mlrd. il
Coğrafi təbəqə Yer qabığının üst hissəsini,  atmosferin aşağı qatlarını, bütün hidrosferi və biosferi özündə birləşdirir. Bu sərhədlər daxilində onun orta qalınlığı 50–55 km təşkil edir. Coğrafi təbəqənin inkişafında 3 mərhələ ayrılır:
1. Biogenəqədərki mərhələ – coğrafi təbəqənin inkişafında ən uzun mərhələ olub (3 mlrd. il davam etmişdir) Kriptozoy eonunu əhatə etmişdir. Bu mərhələdə atmosferin tərkibində sərbəst oksigen az, karbon qazı isə çox olmuşdur. Canlılar öz inkişafının ilkin mərhələsində olduğu üçün coğrafi təbəqənin formalaşmasında onlar az əhəmiyyət daşımışdır. Ən qədim platformalar yaranmışdır; üzvi mənşəli süxurlar və torpaq örtüyü isə yenicə əmələ gəlməyə başlayırdı.

2. Biogen mərhələ – 580 mln. il davam etmişdir. Bu mərhələ Fanerozoy eonunu əhatə edir. Bitki örtüyünün inkişafı atmosferin qaz tərkibinin dəyişməsinə səbəb olmuşdur. Balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, məməlilər, quşlar bu mərhələdə yaranmışlar. Canlılar tədricən Yerin bütün təbəqələrinə yayılmışdır. Üzvi süxurların toplanması və torpaq örtüyünün yaranması baş vermişdir. Bu mərhələnin sonunda insan yaranmışdır.

3. Müasir (antropogen) mərhələ – 40 min il bundan əvvəl – “ağıllı insan”ın (homo sapiens) yaranması və onun təbii mühitə təsirinin artması ilə başlanmışdır. Bu mərhələdə coğrafi təbəqə insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmiş, ekoloji problemlər yaranmışdır.

 Coğrafi təbəqənin fasiləsiz inkişafının 2 ən mühüm xüsusiyyəti vardır

a) coğrafi təbəqədə inkişafın mənbəyi Günəş enerjisi və Yerin daxili enerjisidir;
b) coğrafi təbəqədə maddələrin ümumi dövranı prosesi baş verir.

Təbiətdə suyun, havanın, üzvi maddələrin, süxurların, qazların və s. maddələrin dövranı baş verir. Məhz bunun nəticəsində coğrafi təbəqənin fasiləsiz inkişafı və yenilənməsi təmin olunur.

Coğrafi təbəqənin quruluşunun və inkişafının özünəməxsus ümumi qanunauyğunluqları var. Bu qanunauyğunluqlar bütün təbii komplekslərə xasdır. Bunlara coğrafi təbəqənin bütövlüyü, ritmikliyi və zonallığı aiddir.

Coğrafi təbəqənin bütövlüyü dedikdə ona daxil olan komponentlərin qarşılıqlı təsiri və bir-birindən asılılığı nəzərdə tutulur. Hər bir komponent digər komponentlərə təsir edir və özü də onların təsirinə məruz qalır. Komponentlər arasında qarşılıqlı asılılıq maddələr dövranının nəticəsində yaranır. Bir komponent ayrı-ayrılıqda mövcud ola və inkişaf edə bilməz. Onların arasındakı əlaqə o qədər möhkəm və davamlıdır ki, komponentlərin birində baş verən dəyişiklik digərlərinin də dəyişməsinə səbəb olur. Bütövlük qanunu təbiətdən istifadənin əsasını təşkil edir.

Bütövlüyə hər bir təbii zona daxilində bitki və heyvanlar arasında baş verən qida zəncirini misal göstərmək olar. Qida zənciri bitki və heyvanların üzvi maddələri qida vasitəsilə bir-birinə ötürməsi prosesidir. Bu zaman üzvi maddələrin dövranı – bioloji dövran baş verir.

Qida zəncirinin sxemi: bitkilər  otyeyən heyvanlar  otyeyən heyvanlarla qidalanan heyvanlar  yırtıcılar  göbələklər və bakteriyalar.

Ritmiklik hadisə və proseslərin nizamlı olaraq müəyyən zaman daxilində təkrarlanmasına deyilir. Ritmikliyin sutkalıq, illik və çoxillik növləri vardır. Sutkalıq ritmlər Yerin öz oxu ətrafında, illik ritmlər isə Yerin Günəş ətrafında hərəkəti nəticəsində yaranan proseslərə uyğun gəlir. Çoxillik ritmlər coğrafi təbəqədə bir neçə illik, yüzillik, min və milyon illik ritmlər şəklində özünü göstərir; məsələn, Yer kürəsində iqlim dəyişiklikləri (istiləşmə və soyuma), buzlaşmalar, dağəmələgəlmə və platforma mərhələləri və s. çoxillik ritmlərə nümunə ola bilər.

Coğrafi təbəqədə baş verən inkişafın səbəbi onda olan əksliklərin – zonal və azonal amillərin vəhdəti və mübarizəsidir.

Zonal (xarici) amillər coğrafi enlikdən asılı olaraq dəyişən amillərdir. İqlim, torpaq, bitki, heyvanlar aləmi və səth suları zonal amillərə aiddir. Təbii komponentlərin 

ekvatordan qütblərə doğru dəyişməsi enlik zonallığı adlanır. Coğrafi təbəqədə zonallığın əsas səbəbləri Yerin forması, onun xəyali oxunun orbit müstəvisinə meyilli olması və nəticədə Günəş istiliyinin və rütubətin qeyri-bərabər, lakin qanunauyğun paylanmasıdır. Enlik zonallığı düzənliklərdə, yüksəklik qurşaqlığı və ya azonallıq isə dağlıq ərazilərdə özünü göstərir.

Azonal amillər, əsasən, daxili qüvvələrin təsiri ilə formalaşır və coğrafi enlikdən asılı deyil. Onlara relyef formaları, süxurların tərkibi və yaşı, qismən yeraltı sular aiddir.

Beləliklə, coğrafi təbəqə bütövlük, ritmiklik və zonallıq qanunauyğunluqlarına əsasən formalaşır və inkişaf edir. Müasir dövrdə coğrafi təbəqəyə antropogen təsir güclənsə də, insanın təsərrüfat fəaliyyəti bu qanunauyğunluqlardan xeyli dərəcədə asılı olaraq qalmaqdadır.

                                                                                                                                                                             Aygün Qurbanova

MİQ,Sertifikasiya və abituriyent hazırlığı üçün müraciət edə bilərsiniz.

Əlaqə: 050-768-97-12

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?