Təbii zonalar
- Yazar
- 01-avq-2025, 15:12
- 14 Baxış
Yer səthində günəş istiliyinin və rütubətin qeyri-bərabər paylanması nəticəsində bitki və heyvanlar aləmi müxtəlif olur. İstilik və rütubətin daha çox
olduğu ərazilərdə sıx bitki örtüyü və zəngin heyvan növləri yaşayır. İstiliyin çox, rütubətin çatışmadığı ərazilərdə isə bitki və heyvanlar aləmi zəif inkişaf edir, susuzluğa davamlı olurlar. İllik orta temperaturu aşağı olan ərazilərdə də bitki və heyvanlar aləmi yaxşı inkişaf etmir.
Coğrafi qurşaqlar* – Yer səthinin enlik zonallığı üzrə ən böyük fizikicoğrafi bölgüsüdür. Coğrafi qurşaqların adları və sərhədləri iqlim qurşaqları ilə
təxminən üst-üstə düşür. Onların daxilində temperatur fərqi böyük deyildir, lakin rütubətlənmə şəraiti fərqlidir. Ona görə coğrafi qurşaqlar daxilində təbii zonalar əmələ gəlir.
Təbii zonalar* oxşar temperatur və rütubətlənmə şəraitinə, eyni növ torpaq örtüyünə, bitki və heyvanlar aləminə malikdir. Ekvatordan qütbə doğru
istilik və rütubətlənmə şəraitinin dəyişməsi təbii zonaların da dəyişməsinə səbəb olur. Onlar arasında keçid zonalar əmələ gəlir. Bu zonalarda iqlim
şəraiti il ərzində xeyli dəyişir. Buna görə bitki və heyvanlar aləmi də əsas təbii zonalardan fərqlənir. Arktika və Antarktika səhraları qütblərə yaxın ərazilərdə formalaşır. Sərt təbii şəraitdə seyrək bitki örtüyü yaranır. Yayda buzdan azad olan ərazilərdə mamır, şibyə və yosuna rast gəlinir. Antarktidada bu ərazilər vahəadlanır. Şimalda ağ ayı, morj, suiti, cənubda pinqvinlər əsas heyvanlardır. Yayda quşlar (fırtına quşu, qağayı, albatros) məskən salır. Sahil sularında balina, suiti, dəniz fili və dəniz bəbiri yaşayır. Avrasiya və Şimali Amerikanın şimalında tundra və meşə-tundra zonaları ayrılır. Qısa və sərin yay dövründə otlar və alçaq kollar bitir, şimal maralı, şimal tülküsü, canavar, quşlar yaşayır. Şam, küknar və tozağacından
ibarət seyrək meşələr vardır. Mülayim enliklərdə meşələr Avropanın orta enlikləri, Sibiri, Sakit okeanın sahillərini, ABŞ-ın şimal-şərqi və Kanadanın cənubunu örtür. Şimalda soyuğa davamlı iynəyarpaqlı ağaclardan ibarət tayqa meşələri yayılmışdır. Meşələrdə iynəyarpaqlı şam, küknar, qara şam və ağ şam ağacları, xırdayarpaqlı tozağacı, ağcaqovaq və qızılağac ilə birlikdə bitir. Burada qonur ayı, canavar, vaşaq, sığın kimi iri heyvanlar yaşayır. Xəzdərili heyvanlar olan su samuru, dələ, qunduz, sincab, quşlardan tetraquşu, ağacdələn, bayquş, qarabağır yayılmışdır. Sahilboyu yağıntıların çox olduğu ərazilərdə tayqa heyvanları ilə yanaşı, yenot, skuns, porsuq, zebu, Şimali Amerikada qrizli ayısı, Virciniya maralı yaşayır, çoxlu quş növləri vardır. Cənubda istiliksevən enliyarpaqlı ağaclar (palıd, cökə, fıstıq, ağcaqayın) çoxdur. Onlar arasında qarışıq meşələr keçid zonası təşkil edir. Belarus və Polşada zebular qorunur. Meşələrdən cənubda əvvəlcə ağac və kollardan ibarət meşə-çöllər, sonra isə ot örtüyünün üstünlük təşkil etdiyi çöllər yayılır. Tropiklər, subtropik və mülayim qurşaqların daxili rayonlarında isti və quru iqlimə malik səhralar, yarımsəhralar geniş əraziləri tutur. İsti və quru
iqlim şəraitində bitki örtüyü kasıbdır. Onlar arasında tikanlı kollar, cod otlar, yovşan, şoran, dəvətikanı, saksaul çoxdur. Tropiklərdə heyvanlar aləmi
nisbətən kasıbdır, əksəriyyətini sürünənlər təşkil edir. Mülayim və subtropik enliklərin quru çölləri, səhraları və yarımsəhralarında yaşayan əsas heyvan
növlərinə dəvə, sürünənlərdən kərtənkələ, ilan, həşəratlardan əqrəb aiddir. Yazda yarımsəhraların birillik quraqlığa davamlı efemerlər ilə yaşıl libasa bürünməsi heyvanlar aləminə də öz təsirini göstərir. Səhralarda yeraltı suların səthə çıxdığı ərazilərdə palma ağacları bitir və xüsusi təbii mühit yaranır. Onlara vahələr deyilir. Subtropiklərin qərbində codyarpaqlı meşələr* və kolluqlar zonası, subtropik və tropiklərin şərqində həmişəyaşıl rütubətli meşələr yaranır. Subekvatorial enliklərdə rütubətli yay dövründə təbiət canlanır, seyrək bitən ağaclar yaşıllaşır, sıx ot örtüyü əmələ gəlir. Qışın quraq dövründə otlar quruyur, ağacların bir qismi yarpağını tökür. Bura savanna və seyrək meşə zonasıdır.
Ekvatorial enliklərdə rütubətli ekvatorial meşələr əmələ gəlir. Buranın sıx bitki örtüyü zəngin və müxtəlif növ heyvanat aləminin yaranmasına imkan verir. Ekvatorial meşələrdə çörək ağacı, palma, banan, qırmızı ağac, heveya (kauçuk) ağacı bitir. Ağaclara sarmaşan lianalar meşələri keçilməz edir. Bitkilər bir neçə mərtəbədən ibarətdir. Amazon ovalığında hündürlüyü 80 metrə çatan seyba ağacı bitir. Onlar ən yüksək yaruslara qalxır. Heyvanlar aləminə müxtəlif meymun növləri aiddir. Su hövzələrində timsah, ilan, həşəratlar yaşayır. Cənubi Amerika meşələrində yaquar, opossum, ən böyük gəmirici olan kapibarı (50 kq), quşlardan ən kiçik quş olan kalibri, tutuquşu, tukan məskən salır. Materikdə uzunluğu 10 metrə çatan anakonda ilanı, timsah və piranya balığı vardır.
Bitki və heyvanların yaşayış mühiti.
Yerin quru sahələrində yayılan bitki və heyvanların sayı daha çoxdur. Okeanlarda günəş işığının kifayət qədər olduğu şelf zonasında (200 m-ə qədər) həyat zəngindir. Mikroorqanizmlərin yayılma sahələri daha genişdir.
Biomüxtəliflik (bioloji müxtəliflik) - canlı orqanizmlərin növ müxtəlifliyi və dəyişməsini göstərir. Biomüxtəliflik ekoloji şəraitin müxtəlifliyini, onun daxilində müxtəlif bitki və heyvanların olmasını ifadə edir. Azərbaycanda 2006-cı ildə “Biomüxtəlifliyin qorunması üçün fəaliyyət planı” qəbul edilmişdir.
İlboyu istilik və rütubətin kifayət qədər olduğu ekvatorial enliklərdə bitki və heyvanat aləmi çox zəngindir. Amazon və Konqo çaylarının hövzələrində, Böyük Zond adalarında havanın orta illik temperaturu 25-28°C-dir, ilboyu 2000-3000 mm və daha çox yağıntı düşür.
Ekvotorial enlikdə - istilik və rütubət kifayət qədər olduğuna görə bitkilərin növ tərkibi, qidalanma şəraiti və həyat tərzi də müxtəlifdir. Meşələrdə heyvanlar aləmi zəngin və müxtəlifdir (yırtıcılar, quşlar, ilanlar, həşəratlar). Yer səthi bataqlıq olduğuna görə və yırtıcı heyvanlardan qorunmaq üçün onların bir qrupu ağaclarda yaşayır və ya gecə həyatı sürür. İlboyu şərait eyni olduğuna görə bitkilərin əksəriyyəti həmişəyaşıldır, heyvanların qidalanması üçün əlverişli şərait vardır.
Subekvatorial enliklərin savanna və seyrək meşə zonalarında yay isti və yağıntılı, qış isti və quru keçir. Bu ərazilərdə illik orta temperatur 20-30°C-dir. İl ərzində 1000-2000 mm yağıntı düşür. Savannalarda ot örtüyünün çox olması ilə əlaqədar otyeyən heyvanlar və onlarla qidalanan yırtıcı heyvanlar var.
Tropiklər, mülayim və subtropik qurşaqların daxili rayonlarında yerləşən səhra və yarımsəhralarda istilik kifayət qədər olsa da, rütubət çatışmır. Bu ərazilərdə illik yağıntıların miqdarı 150-170 mm-dən az olur. Bəzi yerlərə illərlə yağıntı düşmür.Səhralarda qısa müddət axan çaylar olur və ya yoxdur. Yeraltı sular əsasən şorsuludur.
Buz səhralarının yayıldığı Antarktida və Şimal Buzlu okeanı sahilləri bitki örtüyündən demək olar ki, məhrumdur. Sahilboyu buzdan azad olan yerlərdə yayda mamır və şibyə bitir, mikroorqanizmlərə rast gəlmək olur.
Şimal yarımkürəsində mülayim enliklərin şimalında yanvarın orta aylıq temperaturu -20 - 25°C olur, cənuba doğru artır, iyulda 10-20°C-yə çatır, 300-600 mm yağıntı düşür. Mülayim enliklərin meşələri bitki və heyvanlarla zəngindir. Geniş ərazini əhatə etməsi, okeanlardan uzaqlaşdıqca və cənuba doğru yağıntıların azalması, temperaturun artması təbii-coğrafi şəraitin də dəyişməsinə səbəb olur.
Şimalda, nisbətən soyuq ərazilərdə həmişəyaşıl və soyuğa davamlı iynəyarpaqlı ağaclar bitir. Onlara tayqa meşələri də deyilir. Həddən artıq nəmlənmə şəraitində bataqlıqlar geniş ərazilərdə yayılır. Meşələrdə iri yırtıcı heyvanlarla yanaşı, xəz dərili heyvanlar, quşlar çoxdur. Heyvanların bir hissəsi ağaclarda yaşayır. Cənuba doğru getdikcə temperatur artır, yanvarın orta temperaturu -5°C-dən -15°C-yə qədər yüksəlir. Sahilboyu ərazilərdə mülayim iqlim şəraiti, yağıntıların artması enliyarpaqlı ağacların yayılmasına səbəb olur. Meşələrdə tayqa heyvanları ilə yanaşı, onun özünəməxsus heyvanları da vardır.
Meşələrdən cənubda yağıntıların azalması istiqamətində meşələr tədricən meşə-çöllərə, sonra isə çöllərə keçir. Çöllərdə ot örtüyü, onlar arasında dənli bitkilər çox olduğuna görə otyeyən heyvanlar, gəmiricilər, dırnaqlılar sürünənlər çoxdur. Meşə-çöl və çöllər Şimal yarımkürəsinin mülayim, hər iki yarımkürənin isə subtropik enliklərində geniş ərazilər tutur
Aygün Qurbanova
MİQ, Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə; 050-768-97-12