Fiziki coğrafiya

Azərbaycan Respublikasının torpaq, bitki örtüyü və heyvanlar aləmi

  • Yazar
  • 01-avq-2025, 15:29
  • 15 Baxış

   

Respublikamızın ərazisində düzənliklərdən dağlara doğru müxtəlif torpaq tipləri bir-birini əvəz edir.

İqlimin daha quraq keçdiyi düzənlik ərazilərdə - Kür-Araz ovalığı, Samur - Dəvəçi düzənliyi, Acınohur-Ceyrançöl alçaq dağlığı, Qobustan-Abşeron və Naxçıvanın dağətəyi, həmçinin düzən ərazilərində boz və boz-qonur torpaqlar geniş yayılmışdır. Bu torpaqların mənimsənilməsi suvarma olmadan mümkün deyil. Orada pambıq, tərəvəz, üzüm, nar kimi qiymətli bitkilərin becərilməsi üçün şərait var.

Təxminən 800 m mütləq hündürlüklərə qədər olan dağətəyi ərazilərdə şabalıdı torpaqlar yayılmışdır. Nisbətən yüksək məhsuldarlığı ilə seçilən bu ərazilər dənli bitkilərin becərilməsi üçün əlverişlidir. Lənkəran ovalığı və Talış dağlarında yayılan sarı torpaqlarda sitrus meyvələri və çay becərilir.

Alçaq və orta dağlıq ərazilərdə dağ-meşə torpaqları yayılmışdır. Bu torpaqlar çürüntü ilə zəngindir. Rütubətliliyinə görə dağ meşələrində iki torpaq tipi formalaşır: qonur torpaqlar rütubətli ərazilərdə, qəhvəyi torpaqlar isə nisbətən quraq, alçaq dağ meşələrində (əsasən palıd meşələrində altında) yayılır.

Dağ meşələrindən yuxarıda dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar yay otlaqları üçün yararlıdır. Daha hündür ərazilərdə temperaturun azalması torpaq əmələgəlmə prosesinə mənfi təsir göstərir.

Azərbaycanın bitki örtüyü digər təbii komponentlər kimi hündürlük qurşaqlığına tabedir. Düzənlikdən dağlara qalxdıqca iqlim və relyef şəraitinin dəyişməsi bitkilərin də fərqliliyinə səbəb olur. Dağ meşələrində palıd, vələs və fıstıq kimi qiymətli ağac növləri yayılmışdır. Yarımsəhralarda yovşan, gəvən, dəvətikanı, dağ çöllərində isə ağ ot, qatırquyruğu və taxıl bitkiləri üstündür. Dağ çəmənləri üçün topalotu, qırtıc və s. bitkiləri səciyyəvidir. Heyvanlar aləmi bitki örtüyünə uyğun olaraq yayılmışdır. Respublikamızın ərazisində çoxlu sayda endemik  relikt bitkiləri vardır. Endemik bitkilər müəyyən ərazi üçün səciyyəvi olan bitkilərdir. Qarabağ dağ laləsi, Xəzər zəfəranı, Lənkəran zanbağı və s. endemik bitkilərə aiddir. Relikt bitkilər isə keçmiş dövrlərdə geniş yayılan və müasir dövrdə də rast gəlinən bitkilərdir. Belə bitkilərə dəmirağacı, Eldar şamı, qaraçöhrə, saqqızağacı, azat ağacı və s. göstərmək olar. Relikt bitkilər özləri də endemik ola bilər. Torpaq və bitki örtüyünü, heyvanlar aləmini qoruyub saxlamaq məqsədilə respublikamızda milli park, qoruq və yasaqlıqlar yaradılmışdır.

Azərbaycanın düzənlik ərazilərində isti, quru iqlim şəraitində yarımsəhra və quru çöl bitkiləri bitir. Lənkəran ovalığında rütubətli həmişəyaşıl subtropik meşələr yaranır.

Böyük və Kiçik Qafqazın yamaclarında 500-600 m-dən 2000 m-ə qədər hündürlükdə meşələr yayılmışdır. Ölkəmizdəki meşələrdə enliyarpaqlı ağacların çoxu palıd, fistıq və vələs ağaclarından ibarətdir. Palıd meşələri Xəzər dənizinin səviyyəsindən başlayaraq 1200 m-dək inkişaf etmişdir. Ölkəmizin ərazisində gürcü palıdı, şabalıdyarpaq palıd, şərq palıdı, araz palıdı, uzunsaplaq palıd növləri vardır. Gürcü palıdı və araz palıdı quraqlığa davamlı olduğu üçün Həkəri, Gilgil çaylarının hövzələrində, Kiçik Qafqazın cənub-şərqində yayılmışdır. Böyük Qafqazda şabalıd ağacları yayılır.

Lənkəran ovalığında və Talış dağlarının ətəklərində şabalıdyarpaq palıd və dəmirağac bitir. Onlar Azərbaycan üçün endemik bitkilərdir, yəni təbii halda yalnız bu ərazidə bitir. Bu qrupa daxil olan ağac növlərinə Ceyrançöldə bitən Eldar şamı, Böyük Qafqazın cənub və cənub-şərq yamacında rast gəlinən qaraçöhrə də aiddir.

Zəfəran

Qarabağ dağ laləsi

Eldar şamı

Saqqızağacı meşələri Qarabağ düzündə (Sultanbud) geniş sahə tutur. Qanıxçayın Əyriçayla qovuşduğu sahədə isə ensiz zolaq əmələ gətirir. Bəsit çayın hövzəsində şərq çinarı bitir.

Qrunt sularının yer səthinə yaxın yerləşdiyi ərazilərdə, xüsusilə Kür çayının sahilləri boyu əmələ gələn meşə zolağına tuqay meşələri deyilir. Tuqay meşələri ağyarpaq qovaq, söyüd, qaraağac, başqa ağac və kollardan ibarətdir. Düzənlik meşələri Şollar düzü, Lənkəran ovalığı və Qanıx- Əyriçayda da yayılır.

Ölkədə meşələrin az bir hissəsi iynəyarpaqlı ağaclardan ibarətdir. Onlara 

Eldar şamı, qaraçöhrə, qarmaqvari şam, ardıc ağacları aiddir. Qanıx-Əyriçay vadisinin qrunt sularının təsiri ilə yüksək rütubətli sahələrində qızılağac, yalanqoz, söyüd, qovaq və cökə ağaclarından ibarət sarmaşıqlı meşələr inkişaf etmişdir. Yüksək dağlıq zonalar üçün subalp və alp çəmənlikləri* səciyyəvidir.

Azərbaycanda heyvanlar aləminin yayılması relyef şəraitindən, bitki örtüyündən və su obyektlərinin yerləşməsindən asılıdır. Ölkəmizdə 12 mindən çox heyvan növü vardır. Heyvanların 97 növünü məməlilər, 360 növünü quşlar, 58 növünü sürünənlər, 11 növünü suda-quruda yaşayanlar təşkil edir.

Yarımsəhra və quru çöl ərazilərində sürünənlər, gəmiricilər, dovşan, tülkü yaşayır. Xəzərboyu qumluqlarda qırmızı quyruq qum siçanı, cəld kərtənkələ, gürzə və başqa heyvanlara rast gəlinir. Qamışlıq bataqlıqlarda və su hövzələrinin ətrafında çöldonuzu, qamışlıq pişiyi, çaqqal, vağ, soltan toyuğu, anqut, cüllüt və başqa heyvanlar vardır. Çay və göllərdə çapaq, çəki və s. balıq növləri yaşayır.

Dağ meşələrində Qafqaz maralı, cüyür, qarapaça, çöldonuzu, ayı, meşə pişiyi vardır. Yüksək dağ çəmənləri və qayalıqları üçün dağ keçisi, bəbir, qarsiçanı, canavar, quzuqapan kərkəz və s. səciyyəvidir. Ölkəmizdə nəsli kəsilmək təhlükəsi olan heyvan növlərinin qorunub saxlanılması məqsədi ilə milli parklar, qoruqlar, yasaqlıqlar yaradılmışdır.

                                                                                                                                          Aygün Qurbanova

MİQ,Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.

Əlaqə; 050-768-97-12

                                                                                                                           

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 9 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?