Azərbaycanın landşaftları
- Yazar
- 02-avq-2025, 19:37
- 7 Baxış
Təbii komponentlərin qarşılıqlı təsirindən yaranan eynicinsi sahələr təbii ərazi kompleksi yaradır ki, bu, landşaft adlanır (almanca “land” – torpaq + “schaft” – əlaqə). Landşaftların ölçüləri (bir neçə km2-dən, bir neçə yüz km2-ə qədər) müxtəlif olur. Lakin əsas odur ki, eyni landşaftın mövcud olduğu ərazi daxilində geoloji bünövrə, relyef, iqlim, torpaq örtüyü, bitki və heyvanlar aləmi bir-birinə oxşar olsun. Landşaft daxilində komponentlərin yaranması və onların inkişaf tarixi, adətən, eyni olur. Azərbaycan ərazisində bir-birindən kəskin fərqlənən landşaftlar mövcuddur.
Bu, ərazinin relyefinın müxtəlif olması ilə əlaqədardır. İqlimin fərqliliyi bilavasitə torpaq, bitki və heyvanlar aləmini formalaşdırır.
Landşaftlar tәbii və antropogen ola bilər.
Tәbii landşaftlar – insanın iştirakı olmadan yaranan komplekslərdir.
Antropogen landşaftlar – insanların yaratdığı landşaflardır: su anbarları, əkin sahələri, salınma meşələr, yaşayış məntəqələri, parklar və s.
Hər hansı ərazidə təbii və antropogen landşaftların bir-birinə olan nisbəti ərazinin relyef və iqlim şəraitindən asılıdır. Məsələn, Böyük və Kiçik Qafqazın, Talış və Naxçıvanın yüksək dağlıq ərazilərində təbii landşaftlar, dağətəyi ərazilərdə isə antropogen landşaftlar üstünlük təşkil edir. Düzənlik olmasına baxmayaraq, Acınohur-Ceyrançöl, Cənub-Şərqi Şirvan zəif, Samur-Dəvəçi, Qazax-Qarabağ, Lənkəran ovalıqları isə güclü mənimsənilmişdir. Bu, düzənliklərin iqlimi, yeraltı suların səthə yaxınlığı ilə əlaqədardır.
Oxşar əlamətlər landşaftları sistemləşdirməyə və onları təsnif etməyə imkan verir. Landşaftların təsnifatı sinif, yarımsinif, tip, yarımtip, növ ardıcıllığı ilə aparılır. Azərbaycanda landşaftlar iki sinfə – dağ və düzәnlik landşaftlarına bölünür. Onları fərqləndirən əsas əlamət relyefidir. Dağlıq ərazilərdə yaranan landşaftlar alçaq, orta və yüksək dağ landşaftları yarımsiniflərinə ayrılır. Daha kiçik landşaft vahidləri rütubət və istiliyin nisbətinə, süxurların tərkibinə, torpaq və bitki örtüyünün müxtəlifliyinə görə landşaft tiplərinə və yarımtiplərinə bölünür. Ən kiçik landşaft vahidi növdür. Landşaft növləri ərazidə süxurun tərkibi, torpaq-bitki örtüyünün müxtəlifliyi və s. ilə fərqlənən sahələrdir.
Relyef və iqlim göstəricilərinin müxtəlifliyinə görə landşaftlar zonal, azonal və intrazonal qruplara bölünür. Eyni iqlim və relyef göstəricilərinin olduğu ərazidə bir landşaftın daxilində tamamilə fərqli landşaft yarana bilir. Məsələn, Kür-Araz və Samur-Dəvəçi ovalıqlarının yarımsəhraları daxilində daha kiçik əraziyə malik olan düzənlik-meşə landşaftları yaranmışdır: Nabran-Yalama, Şollar meşələri, Kür çayı boyunca isə Tuqay meşələri və s. Belə landşaftlara intrazonal landşaftlar (“intra” - “daxili” mənasındadır) deyilir. Onlar yerli amillərin, şirin yeraltı suların səthə yaxın olması və cay sularının təsiri ilə formalaşmışdır.
Dağlarda azonal landşaftlar yaranır. Onlar şaquli zonallıq nəticəsində əmələ gəlir. Azonal landşaftları yaradan amil - relyefdir. Dağlıq ərazilər üfüqi zonallığı pozur və azonallıq yaradır.
Məsələn, Böyük Qafqaz (a), Kiçik Qafqaz (b), Naxçıvanın dağlıq əraziləri (c), Talış dağları (d) və s. azonal landşaftlara aiddir.
Landşaft tiplərinin hündürlüyə doğru dəyişməsi