Günəş sistemi
- Yazar
- 14-sen-2024, 21:44
- 83 Baxış
Bütün səma cisimləri bir-biri ilə qarşılıqlı əlaqədədir. Ümumdünya cazibə qüvvəsinin təsiri nəticəsində səma cisimləri nizamlı şəkildə kainatda dövrə vurur. Kainatda 2 trilyonadək qalaktikanın olduğu bildirilir. Hər bir qalaktikada milyardlarla səma cismi vardır. Onlar özündən işıq və istilik saçan ulduzlardan və bu işığı əks etdirən digər obyektlərdən ibarətdir. Ulduzlar ölçü və parlaqlığına görə bir-birindən fərqlənir. Qədim zamanlardan ulduzlar bürclər şəklində də qruplaşdırılmışdır. Məsələn, Böyük Ayı, Kiçik Ayı, Oxatan, Şir və s. Kiçik Ayı bürcünün ən parlaq ulduzu daima Şimal qütbü üzərində müşahidə edilən Şimal Qütb ulduzudur (Polaris). Yerdən Şimal Qütb ulduzuna qədər olan məsafə 434 işıq ilidir. Günəş və planetlər illik hərəkət yolunda 12 bürcdən keçir.
İşıq 1 saniyədə 300000 km məsafə qət edir. Bir işıq ili bir ildə olan saniyələrin sayını 300000 km-ə vurmaqla hesablanır.
Merkuri - öz oxu ətrafında həddindən artıq yavaş fırlanır. Planetin gündüz Günəşə tərəf olan hissəsi +430°C-dək qızır, əks tərəfdə isə temperatur -180°C olur. Zəif atmosferə malikdir. Bir ilinin uzunluğu 88 gündür. Səthi nəhəng çökəkliklərdən və kraterlərdən təşkil olunmuşdur. Burada N.Gəncəvi adına da krater var.
Venera – Roma mifologiyasına görə, Venera məhəbbət və gözəllik tanrısıdır. Günəş və Aydan sonra səmada müşahidə olunan ən parlaq göy cismidir. Şərqdə Dan və ya Zöhrə ulduzu adlandırılır. 225 günə Günəş ətrafında dövr edir. Karbon qazından ibarət atmosferi vardır. Planetin gündüz Günəşə tərəf olan hissəsi +475 °C qızır, əks tərəfi isə -105 °C soyuyur.
Yer - Günəş sistemində həyatın, atmosferin və suyun mövcud olduğu yeganə planetdir.
Müxtəlif informasiya mənbələrində tez- tez yadplanetlilər haqqında xəbərlər verilir. Lakin Günəş sisteminin digər planetlərində həyatın olmasına dair axtarışlar hələ də nəticəsiz qalır. Həyat üçün əlverişli şərait yalnız Yerdə mövcuddur. Bunun ilkin səbəbi Yer və Günəş arasında olan məsafənin münasib olmasıdır. Yerin Günəşdən olan məsafəsi planetdə əlverişli temperatur şəraiti yaradır. Nəticədə canlı aləmin mövcudluğu üçün ən vacib şərt olan su maye halında olur
Yerdə həyatın mövcud olması üçün ikinci şərt Yerin ölçüləri və onun cazibə qüvvəsidir. Atmosferin Yer tərəfindən cəzb edilərək onu əhatə etməsi planetin mütənasib ölçüləri ilə əlaqədardır. Atmosfer isə canlı aləm üçün tənəffüs mənbəyi olmaqla yanaşı, Yeri onun səthinə düşə bilən meteoritlərdən də qoruyur.
Yerdə həyatın mövcud olmasına imkan verən digər şərt Yerin öz xəyali fırlanma oxu ətrafında dövretmə müddətidir. 24 saat ərzində Yerin Günəşə tərəf olan hissəsi müəyyən qədər qızır, əks tərəf isə soyuyur. Əgər sutkanın uzunluğu indikindən fərqli olsa idi, onda temperatur fərqlərinin kəskin dəyişməsi baş verərdi.
Mars - səmada qırmızı rəngdə görünən planetdir. Marsın atmosferi karbon qazından ibarətdir. Gündüz Günəşə çevrilən tərəfində isti, əks tərəfdə isə -153°C soyuq olur. 687 günə Günəş ətrafında dövr edir. Marsın iki peyki var. Marsda tanınmış astronom Nadir İbrahimov adına krater vardır. Burada ən böyük dağ olan Olimpin hündürlüyü 25 km-ə çatır. ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) Marsı gələcəkdə insanlar üçün əlavə yaşayış məskəni hesab edir.
Yupiter – Günəş sisteminin ən böyük planetidir, qaz tərkiblidir. Səthdə temperatur -110°C olur. Güclü küləklərin sürəti saatda 600 km-ə çatır. Ona görə də, zolaqlı kimi görünür. 60-dan çox peykinin olduğu qəbul edilir. Geanymede peyki böyüklüyünə görə fərqlənir.
Saturn – ətrafındakı halqalar qaz, buz və daş parçalarından ibarətdir. Səmada asanlıqla seçilir. Səthin temperaturu -178°C-dir. Məlum olan 82 peykindən ən böyüyü Titandır. Bu planetdə bir ilin uzunluğu təqribən 29 Yer ilidir. Saturnda günün uzunluğu 10 saat 42 dəqiqədir.
Uran – səthinin temperaturu -224 °C-yə çatır. 84 Yer ilinə Günəş ətrafında dövr edir. Səmada göy rəngdə görünür. Bu, planetin metan qazı ilə əhatə olunması ilə əlaqələndirilir. Məlum olan 27 peykindən biri Titaniadır.
Neptun – səthinin temperaturu -235 °C-yə qədər enir. Qazlardan təşkil olunmuşdur. Günəş ətrafında tam dövrəni 165 Yer ilinə başa vurur. 14 peykinin olduğu məlumdur. Onlardan ən böyüyü Tritondur.
Günəş sisteminə daxil olan planetlər (yunan dilində planasthai, “gəzişmək" sözündəndir) Günəş ilə müqayisədə çox kiçikdirlər. 12 756 km diametrə malik olan Yer kürəsi Günəşdən 109 dəfə kiçikdir. Hətta ən böyük planet olan Yupiterin də diametri Günəşin diametrinin 1/10 hissəsini təşkil edir. Yer kürəsindən Günəşə olan məsafə təxminən 150 milyon km-ə bərabərdir.
Planetləri Günəşdən uzaqlığına, böyüklüyünə, kimyəvi tərkiblərinə, sıxlığına və fırlanma müddətinəgörə 2 qrupa ayırırlar: daxili və xarici planetlər. Daxili planetlərə – Yer tipli planetlər də deyilir. Bu qrup planetlərə Merkuri, Venera, Yer və Mars daxildir. Onlar bərk maddələrdən, metallardan, su və qazlardan ibarətdir. Bu planetlər Günəşə yaxın yerləşir.
Planetin adı | Günəşlə planetlər arasındakı məsafə (AV) |
Mekuri | 0,38 |
Venera | 0,72 |
Yer kürəsi | 1,00 |
Mars | 1,52 |
Yupiter | 5,20 |
Saturn | 9,50 |
Uran | 19,80 |
Neptun | 30,00 |
Aygün Qurbanova
Fərdi və ya qrup şəklində olan Miq , sertifikasiya və abituriyent hazırlıqlarımıza müraciət edə bilərsiniz
Əlaqə:0507689712