Fiziki coğrafiya

Kainat və günəş sisteminin yaranması haqqında fərziyyələr

  • Yazar
  • 14-sen-2024, 23:41
  • 128 Baxış

 Qədim dövrlərdən şumerlər, mayyalar, çinlilər, skandinaviyalılar, slavyan və digər xalqlar kainat, Günəş sistemi və Yerin əmələ gəlməsi barədə müxtəlif əfsanələr yaratmışlar.

 
Kainatın yaranması haqqında dini təsəvvürlər də geniş yayılmışdır. Qurani-Kərim, İncil, Tövrat kimi dini kitablarda Günəş sistemi və Yerin ilahi qüvvə tərəfindən yaradıldığı qeyd olunur. Məsələn, Qurani-Kərimdə göyün (kainatın) nəhəng enerjidən 6 gün ərzində yaranması və onun getdikcə genişlənməsi təsvir edilmişdir.

Kainatın inkişafı filosof və alimləri əsrlər boyu düşündürmüşdür. Bu barədə müxtəlif elmi fikirlər irəli sürülmüşdür. Həmin fikirlər kosmoqonik nəzəriyyələr adlanır. “Kosmoqoniya” – kosmik cisim və sistemlərin mənşə və inkişafını öyrənən elmdir.

Müasir dövrdə alim və kosmoloqların əksəriyyəti hesab edir ki, kainat “Böyük partlayış” (“Big Bang”) nəticəsində yaranmışdır. “Böyük partlayış” nəzəriyyəsinə görə, kainat 13,8 milyard il əvvəl meydana gəlmişdir (a). Bu zaman bütün materiya sonsuz sıxlığa və temperatura malik bir nöqtə şəklində mövcud olmuşdur. Kainatın bu başlanğıc vəziyyətinə sinqulyarlıq deyilir. Sonra böyük partlayış baş vermiş və bizim kainat formalaşmağa başlamışdır. Kainat inkişafının başlanğıc mərhələsində çox sadə quruluşa malik olmuşdur. Tədricən mürəkkəb strukturlar – atomlar, molekullar, kimyəvi birləşmələr, zülallar, nəhayət, insan yaranmışdır.

Kainatın inkişafı haqqında nəzəriyyələrdə “qara dəliklər” böyük əhəmiyyət kəsb edir. “Qara dəlik” anlayışını ilk dəfə 1967-ci ildə fizik C.Uiler işlətmişdir. Qara dəlik kainatın çox güclü qravitasiya sahəsinə malik olan xüsusi hissəsidir. Burada qravitasiya cazibəsi o qədər güclüdür ki, işıq sürəti ilə hərəkət edən kosmik obyektlər belə qara dəliyi tərk edə bilmir.

Əgər kainat başlanğıc nöqtəyə malikdirsə, deməli, onun son
nöqtəsi də olmalıdır. Bu, müasir dövrdə alimləri ən çox düşündürən
məsələlərdən biridir. Hazırda kainatın inkişafı haqqında geniş yayılmış iki
yanaşma mövcuddur. “Böyük sıxılma” adlanan birinci yanaşmaya görə, kainat 

getdikcə sıxılır, müəyyən zaman keçdikdən sonra o öz minimal ölçüsünə çataraq məhv olmağa başlayacaq. İkinci yanaşmanın tərəfdarları isə kainatın genişlənməsini iddia edirlər. Bu nəzəriyyənin tərəfdarlarından biri məşhur alim S.Hokinq olmuşdur.
 
S.Hokinq, əsasən, qara dəliklər, kainatın inkişafının başlanğıcı – sinqulyarlıq, zaman-məkan anlayışlarına dair geniş elmi tədqiqatlar aparmış, “Böyük partlayış” nəzəriyyəsini daha da inkişaf etdirmişdir.

S.Hokinqin fikrinə görə, dəliklər əbədi deyil və onlar “buxarlanma” qabiliyyətinə malikdir. Özündən əvvəlki bir çox kosmoloqlar
kimi o da iddia edirdi ki, digər qalaktikalar
bizdən uzaqlaşır və kainat genişlənir.

Günəş sisteminin yaranması haqqında ilkin
fərziyyələrdən biri İ.Kant və P.Laplasın fərziyyəsi
olmuşdur (XVIII əsr).

İ.Kant və P.Laplasa görə, Günəş sisteminin planetləri 4–5 milyard il əvvəl qızmar günəşəbənzər cismin parçalanmasından yaranmışdır (b).
(b) Günəş sistemi planetlərinin yaranması
(İ.Kant və P.Laplasa görə).

Bu fərziyyəyə görə, nəhəng günəşəbənzər cismin səthindən və onun atmosferindən ayrılan qaz və toz hissəcikləri nəhəng “həlqələr” yaratmışdır. Qravitasiya sahəsinin təsiri ilə bu həlqələrdə kosmik qaz və toz dumanlıqları kütlə şəklində cəmlənmişdir. Bu həlqələrdə maddələrin sıxlaşması planetlərin, asteroidlərin və digər səma cisimlərinin yaranmasına səbəb olmuşdur. Alimlər belə hesab edirdilər ki, Yer kürəsi əvvəlcə qızmar halda olmuş, onun üst hissəsi tədricən soyumuş, daxili hissələri isə ərinti şəklində qalmışdır. Onlar Yerdə baş verən müasir vulkanizm proseslərini bununla əlaqələndirirdilər. Bu fərziyyə Yer elmləri sistemində uzun müddət hökmranlıq etmişdir.

XX əsrdə Yerin daxili quruluşunun daha dəqiq öyrənilməsi sayəsində məlum olmuşdur ki, onun daxili təbəqələri, xüsusilə daxili nüvəsi bərk haldadır. Bu, Yerin daxilində ərinti kütləsinin üstün olduğunu iddia edən İ.Kant və P.Laplas fərziyyəsinin həqiqətə uyğun gəlmədiyini sübut etdi və yeni kosmoqonik fərziyyələr yarandı.

O.Şmidt və V.Fesenkovun fərziyyəsinə görə, Günəş sisteminə daxil olan planetlər təqribən 6–7 milyard il əvvəl qaz və tozdan ibarət soyuq diskşəkilli kosmik

buluddan yaranmışdır. Buludun sıxılması nəticəsində kiçik kosmik qaz və toz hissəciklərinin hərəkətindən əvvəlcə çoxsaylı asteroidlər meydana gəlmiş, sonra asteroidlər də birləşərək ilkin soyuq Yer və digər planetləri yaratmışdır (c).
(c) Günəş sisteminin yaranması (O.Şmidt və V.Fesenkova görə)

Yer kürəsinin kütləsi, ölçüləri, hərəkəti ilə yanaşı, onun daxili quruluşu da planetimizdə həyatın mövcud olmasına şərait yaradır. Yer kürəsi maqnit sahəsinə malikdir və bu maqnit sahəsinin əhatə etdiyi bütün Yerətrafi sahələr maqnitosfer adlanır.

Yerin maqnetizmi onun nüvəsinin quruluşu ilə bilavasitə əlaqədardır. Nüvənin daxili və xarici təbəqələri hərəkət edir. Onların sürtünməsindən ağır metallar maqnitlənərək Yerin maqnit sahəsini əmələ gətirir. Yeri əhatə edən maqnit təbəqəsi onu Günəş və digər ulduzlardan gələn öldürücü kosmik şüalardan qoruyur.


Maqnit sahəsinin köməyi ilə üfüqün cəhətləri təyin edilir. Bu isə dəniz və hava nəqliyyatı vasitələrinin idarə olunmasında mühüm əhəmiyyət kəsb edir. Yerin maqnit oxunun Yer səthi ilə kəsişdiyi nöqtələrə maqnit qütbləri deyilir. Kompasın əqrəbi Yerin maqnit qütblərinə tərəf istiqamətlənir. Şimal maqnit qütbü Kanada Arktikasında 86° şm.e., 151° q.u.-da, cənub maqnit qütbü isə Antarktidanın Hind okeanı sahillərində 64° c.e., 135° ş.u.-da yerləşir (2022).
Əslində, şimal maqnit və şimal coğrafi qütblərinin eyni yarımkürədə olması fikri coğrafiyada şərti olaraq qəbul edilmişdir. Çünki fizika qanunlarına görə, şimal maqnit qütbü 

Cənub yarımkürəsində, cənub maqnit qütbü isə Şimal yarımkürəsində yerləşir. Bunun səbəbi maqnit qüvvə xətlərinin Arktikada Yerin daxilinə yönəlməsi, Antarktidada isə bu xətlərin Yer səthinə çıxmasıdır. Həm də eyniadlı qütblər bir-birini itələdiyindən yanaşı yerləşə bilməz. Bu səbəbdən şimal maqnit qütbünün Cənub yarımkürəsində olduğu güman edilir.

Şimal və cənub maqnit qütblərini birləşdirən xətlər maqnit meridianları adlanır.

Maqnit meridianı coğrafi meridianla üst-üstə düşmür. Onlar bir-biri ilə kəsişərək maqnit meyil bucağını əmələ gətirir. Yer qabığını təşkil edən süxurlardan bəziləri cəzbetmə, yəni maqnitlik xassəsinə malikdir. Belə metallara ferromaqnit metallar (dəmir, nikel, titan, kobalt və s.) deyilir. Maqnit qütblərində və ferromaqnit filizlərin olduğu ərazilərdə kompasın əqrəbi işləmir. Bu hadisə maqnit anomaliyası adlanır.

Bizim planet sistemində yeganə ulduz sayılan Günəş Yerdə canlı və cansız təbiətin mövcud olmasına şərait yaradır. Günəşdə baş verən bütün fiziki dəyişikliklərin məcmusuna Günəş fəallığı deyilir.

Günəşdən kosmik fəzaya fasiləsiz olaraq gələn ionlaşmış hissəciklərin axını günəş küləyiadlanır. Günəş küləyi 3–4 gün müddətinə, bəzən də daha tez Yer səthinə çatır.

Günəş küləyinin qasırğa şəklində Yer atmosferinə daxil olması və Yerin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində maqnit qasırğaları yaranır. Maqnit qasırğaları bir neçə saatdan bir neçə gün müddətinə qədər davam edir. Bəşəriyyət tarixində indiyə qədər müşahidə olunan ən güclü maqnit qasırğası 1859-cu ildə baş vermişdir. Alimlər maqnit qasırğalarını proqnozlaşdırır, meteoroloqlar isə müntəzəm olaraq maqnit qasırğalarının baş verəcəyi haqqında əhaliyə xəbərdarlıq edirlər.


 

Günəşin Yerə təsiri nəticəsində qütb parıltısı hadisəsi də meydana gəlir. Qütb parıltısı günəş küləyinin elektrik yüklü hissəciklərinin Yerin atmosferinin yuxarı hissəsi ilə toqquşması nəticəsində əmələ gəlir. Bu hadisə, əsasən, maqnit qütblərı və onların ətrafında müşahidə edilir.


Aygün Qurbanova

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?