Fiziki coğrafiya

Yerin günəş ətrafında hərəkəti və onun coğrafi nəticələri

  • Yazar
  • 20-sen-2024, 15:04
  • 490 Baxış

 

Yerin günəş ətrafındakı hərəkət xəttinin – orbitinin uzunluğu təqribən 940 mln. km-dir. Bu məsafəni Yer kürəsi 29,8 km/san sürətlə 365 gün 5 saat 48 dəqiqə 46 saniyəyə tam başa vurur. Yerin xəyali oxu onun orbit müstəvisinə 66,5° bucaq altında meyillidir. Bu meyillilik fəsillərin, qütb gecə və gündüzlərinin yaranmasına, yayda gündüzün, qışda isə gecələrin uzunluğunun artmasına səbəb olur.

Yerin Günəşə tərəf meyilliliyi onun orbital hərəkətindən asılı olaraq dəyişir (c). 21 mart və 23 sentyabrda Yerin xəyali oxu Günəşə nisbətən perpendikulyar olur. Bu zaman Günəş şüalan günorta vaxtı ekvator xətti üzərində düzbucaq altında düşür. Bu, zenit vəziyyəti adlanır.



Yəni Günəş şüaları enlik üzərində 90° düşür. Bu vaxt Yer kürəsində gecə və gündüzün uzunluqları bir-birinə bərabər olur, hər iki yarımkürə eyni miqdarda Günəş istiliyi və işığı alır.

Həmin günlərdə hər hansı məntəqədə Günəş şüalarının düşmə bucağını təyin etmək üçün məntəqənin yerləşdiyi coğrafi enliklə Günəşin zenitdə olduğu enlik arasındakı dərəcə fərqi 90°-dən çıxılır. Məsələn: Bakının yerləşdiyi 40° şimal enliyində bu göstərici 90 – 40=50° olacaqdır.

Yerin meyilli hərəkətindən asılı olaraq zenit, vəziyyəti 22 iyunda – yay gündönümündə 23,5° şimal enliyində – şimal tropikində, 22 dekabrda – qış gündönümündə 23,5° cənub enliyində – cənub tropikində olur (d).

Qütb gecə və gündüzləri.Bizim hər gün adət etdiyimiz və həyat tərzimizi müəyyən edən hadisə gecə-gündüzlərin bir-birini əvəz etməsidir. Bu hadisə dünyanın yalnız müəyyən hissələrində baş verir. Yer il ərzində Günəş ətrafında meyilli hərəkət edir. Bu zaman coğrafi qütblərə yaxın ərazilərdə Günəş bir gündən bir neçə aya qədər üfüqdə batmır və ya görünmür.

Şimal yarımkürəsində yay olarkən Yerin şimal hissəsi Günəşə tərəf çevrilmiş olur. Burada, 22 iyunda gecə-gündüzlərin növbələşməsi 66°33’ şimal enliyinə qədər davam edir. Bu paralel Şimal qütb dairəsi* adlanır. 22 iyunda Şimal qütb dairəsində Günəş üfüqdə dairəvi olaraq dövr edir

 

və 24 saat batmır. Buna qütb gündüzü deyilir.

Həmin vaxtda Yerin Cənub yarımkürəsi Günəşdən əks tərəfə çevrilmişdir. Ona görə də qütbrətrafı ərazilər işıqlanmır. Nəticədə 66°33’ cənub enliyində Günəş 24 saat üfüqdə görünmür. Bu hadisə qütb gecəsi adlanır. 66°33’ c.e. Cənub qütb dairəsi*adlanır.

Qütb gecə və gündüzlərinin uzunluğu Şimal və Cənub qütb dairələrindən coğrafi qütblərə qədər artır. Şimal yarımkürəsində yay olarkən qütb gündüzləri Şimal qütb dairəsində bir sutka, Şimal coğrafi qütbündə 6 aya qədər davam edir. Bu hadisə martın 21-dən sentyabrın 23-ü aralığında baş verir. Cənub yarımkürəsində isə bu dövrdə qütb gecələrinin uzunluğu Cənub coğrafi qütbünə qədər artır. Burada gecələr 6 aya qədər davam edir.

Altı aydan sonra yarımkürələrdə olan qütblərdə fəsillərin yeri dəyişir.
Bununla əlaqədar qütb gecə-gündüzlərinin yeri də dəyişir. 22 dekabrda Şimal qütb dairəsində

qütb gecələri bir sutka davam edir. Şimal coğrafi qütbündə gecələrin uzunluğu 6 aya qədər (23 sentyabrdan 21 marta qədər) olur. Bu vaxt Cənub qütb dairəsindən Cənub coğrafi qütbünə qədər qütb gündüzləri əmələ gəlir. Qütbdə gündüzlər 6 aya qədər davam edir.
Tropiklər və Qütb dairələrinin qiymətləri hesablama aparılması üçün yuvarlaq şəkildə yazılır. 1°=60 / olduğuna görə tropiklərin qiyməti aşağıdakı kimi qəbul edilir: 23° 27 /=23,5°. Bunu nəzərə alaraq Qütb dairələri üçün də: 66°33 /=66,5° yazıla bilər.
            Aygün Qurbanova


img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?