Fiziki coğrafiya

Yerin öz oxu ətrafında hərəkəti

  • Yazar
  • 20-sen-2024, 17:59
  • 20 Baxış

 

Yerin sutkalıq hərəkəti nəticəsində gecə və gündüz bir-biri ilə növbələşir. Yerin Günəşə doğru çevrilən yarımkürəsində gündüz, əks tərəfində isə gecə olur. Yer kürəsi Günəş ətrafında meyilli hərəkət etdiyi üçün gecə və gündüzün uzunluğu da coğrafi enlikdən asılı olaraq dəyişir. Ekvator üzərində ilboyu təqribən 12 saat gecə və 12 saat gündüz müşahidə edilir. Qütblərə doğru getdikcə yayda gündüzün, qışda isə gecənin uzunluğu artır.

Yerin öz oxu ətrafında hərəkəti nəticəsində həm də vaxt fərqi yaranır. Yer kürəsi qərbdən şərqə doğru hərəkət edir və tam dövrəni 24 saata başa vurur, yəni 1 saat ərzində 15° (360° : 24 saat = 15°), 4 dəqiqə ərzində isə 1° (60 dəq : 15° = 4 dəq) dönür. Odur ki, Günəş şüaları Yer səthini şərqdən qərbə doğru meridianlar üzrə ardıcıl olaraq işıqlandırır.

Bir meridian xətti üzərindəki vaxt yerli vaxt adlanır.

Məntəqələr arasında yerli vaxt fərqini təyin etmək mümkündür. Bunun üçün coğrafi uzunluq fərqi 4-ə vurulur və 60 dəqiqəyə bölünür.

Məsələn, Bakı 50° ş.u.-da Madrid isə 4°q.u.-da yerləşir. Onlar arasında 54° uzunluq fərqi var (50°+4°=54°). Vaxt fərqi isə 3 saat 36 dəqiqə (54 x 4= 216 : 60 = 3 saat 36 dəq.) olur.

İstənilən məntəqədə yerli vaxt ondan şərqdə yerləşən məntəqələrdən geri, qərbdə yerləşən məntəqələrdən isə irəli olur.

Yerin öz oxu ətrafında hərəkəti ilə bağlı olaraq bir sıra sutkalıq ritmik proseslər yaranır. Gecə və gündüzün yaranması, sutkalıq brizlər bilavasitə Yerin sutkalıq hərəkəti ilə əlaqədardır. Havanın temperaturunun sutka ərzində dəyişməsi, bütün canlıların və insanların həyat tərzi də yerin sutkalıq hərəkətindən asılı olaraq müəyyən ritmikliyə, yəni dövri olaraq təkrarlanmaya malikdir.
                       Aygün Qurbanova

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?