Fiziki coğrafiya

Tektonik proseslər, zəlzələ ,vulkan və qeyzerlər

  • Yazar
  • 13-okt-2024, 22:55
  • 46 Baxış

 

Yerin daxilində yüksək temperatur və təzyiq müxtəlif proseslərin baş verməsinə səbəb olur. Bu proseslər endogen proseslər adlanır. Endogen proseslərin təsiri ilə Yerin litosfer təbəqəsində şaquli və üfüqi hərəkətlər baş verir. Onlara tektonik hərəkətlər deyilir. Tektonik hərəkətlər nəticəsində litosfer dərin çatlarla iri hissələrə ayrılmışdır.

Onlar daim hərəkətdə olub, bir-biri ilə toqquşur və ya aralanır. Bu hərəkətlər zəlzələ və vulkanlarla müşayiət olunur. Yerin inkişafının ilk dövrlərində vahid okean – Pantalass və vahid quru – Pangeya mövcud idi. Sonrakı dövrlərdə endogen proseslərin təsiri ilə həmin qurular parçalanaraq, mərhələlərlə müasir materik və okeanları əmələ gətirmişdir.

Hələ qədimdən insanların qorxduğu təbiət hadisələrindən biri vulkan püskürmələridir. Vulkanus - latın dilində Qədim Romada od və dəmirçilik Tanrısının adıdır. Yerin dərin qatlarında yüksək temperatur nəticəsində ərimiş maddələrin səthə çıxması vulkanizm adlanır. Bu zaman konus formasında yaranan dağ vulkanı əmələ gətirir.

Mantiyada yüksək temperatur şəraitində maddələr əriyir və maqma ocağı əmələ gəlir. Əgər yer

qabığında maqma ocağına qədər çatlar yerləşirsə, qazlarla zəngin olan ərimiş kütlə səthə çıxır. Yer səthinə gələn yüksək temperaturlu ərimiş maddəmaqma (yunan sözü olub, qatı kütlə deməkdir) adlanır. Yer səthinə çıxdıqdan sonra maqma müəyyən qədər soyuyur, tərkibində olan su buxarı və qazlar uçur. Maqmanın Yer səthinə çıxdığı kanal vulkanın boğazı, səthə çıxmış maqma isə lava adlanır. Onun temperaturu 1000°C-dən yüksək olur. Maqmanın çıxdığı yerdə əmələ gəlmiş qıf formasında çökək sahə vulkanın krateri adlanır.
Vulkanın kəsilişi

Püskürmə zamanı lava ilə birlikdə qazlar, su buxarı, vulkan külü səthə çıxır. Səthə çıxan vulkan külləri ətraf ərazilərə çökür, bir hissəsi küləklə onlarla, yüzlərlə km məsafəyə aparılır.

Vulkanların fəaliyyətdə olan və sönmüş növü var. Sönmüş vulkanların püskürməsi haqqında heç bir məlumat yoxdur. Qafqaz dağlarında Elbrus və Kazbek, Cənubi Amerikada Çimboraso (6310 m), Afrikada Keniya sönmüş vulkanlardır.

Fəaliyyətdə olan vulkanların çoxu Sakit okean sahillərində yerləşir. Ona görə də Sakit okeanın sahillərindəki ərazilər Sakit okean “Odlu qurşağı” adlanır. Avrasiyada Alp dağlarından Himalay dağlarına qədər uzanan qurşaqda da çoxlu sayda fəaliyyətdə olan vulkan yerləşir. Onların arasında İtaliyada Vezuvi və Etna fəallığı ilə daha çox fərqlənir. Afrikada Kilimancaro vulkanı, Rusiyada Klyuçi Sopkası, Sakit okeanda yerləşən Havay adalarında Mauna – Loa vulkanları fəaliyyət göstərir.

Palçıq vulkanları. Yerin dərin qatlarından yer səthinə su və neftlə birlikdə palçıq və müxtəlif qazların püskürməsinə palçıq vulkanı deyilir. Onlar neftliqazlı sahələrdə fəaliyyət göstərir. Palçıq vulkanlarının püskürməsindən əvvəl yerin dərin qatlarından güclü uğultu səsi eşidilir, sonra partlayışla palçıq, qaz, müxtəlif süxur qırıntıları havaya atılır. Bəzən onların hündürlüyü 400-500 m-ə çatır. Palçıq vulkanlarının müasir relyefi, adətən, az və ya çox dərəcədə iri yüksəklik, əsasən də yastı konus formasında olur. Palçıq vulkanları Azərbaycan, Çin, Misir, ABŞ, İtaliya, Türkmənistan, Rusiya, Pakistan, İran, Venesuela və s. ölkələrdə geniş yayılmışdır. Azərbaycanda Abşeron yarımadasında, Cənub-Şərqi Şirvan düzənliyində, Qobustanda və Xəzər dənizində palçıq vulkanlarına rast gəlinir. Onlardan ən böyüklərinə Torağay, Böyük Kənzə, Güzdək, Axtarma-Paşalı aiddir.
Zəlzələlər. Vulkanların püskürdüyü zonalar zəlzələlər baş verən ərazilərlə üst-üstə düşür. Zəlzələ Yerin daxilində baş verən proseslər nəticəsində Yer səthinin ani vaxt ərzində yerdəyişməsi və titrəməsidir. Zəlzələnin baş verdiyi yerlər seysmik ərazilər adlanır. Bu ərazilərə Sakit okean “Odlu qurşağı” və Alp-Himalay seysmik zonalarını misal göstərmək olar. Zəlzələləri öyrənmək üçün seysmologiya (yunan sözü olub, seysmos-titrəyiş, loqos-elm) elmi yarandı, lakin hələ də zəlzələni qabaqcadan proqnozlaşdırmaq mümkün olmamışdır.
Zəlzələ ocağı və dalğalarının yayılması

Zəlzələnin baş verdiyi, Yerin daxilində olan mərkəzə zəlzələ ocağı deyilir. Bu ocaq hiposentr adlanır. Hiposentr və ya zəlzələ ocağının Yer səthindəki proyeksiyasına isə episentr deyilir. Episentrə bəzən zəlzələ mərkəzi də deyilir. Hiposentrin müxtəlif dərinliklərdə yerləşməsindən asılı olaraq, zəlzələnin dağıdıcı gücü və əhatə dairəsi müxtəlif ola bilər. Hiposentr Yerin səthinə nə qədər yaxın yerləşərsə, zəlzələnin yer səthində dağıdıcı gücü daha böyük olur. Nəticədə Yer səthində relyef tamamilə dəyişir, yeni relyef formaları yaranır, dağlar, çökəkliklər, göllər əmələ gəlir. 1139-cu ildə Gəncədəki zəlzələ zamanı Kəpəz dağı uçmuş və Ağsu çayının qarşısını kəsmiş, Göygöl yaranmışdır.

Sakit okean sahili
Orta okean dağları
Alp-Himalay qurşağı
Şərqi Afrika
Dünyada zəlzələlərin baş verdiyi ərazilər
Türkiyənin İzmir şəhərində 2020-ci il zəlzələsi nəticəsində olan dağıntılar

Zəlzələnin təsiri və dağıdıcı gücünü Rixter şkalası üzrə 12 balla ölçülür. Zəlzələni qeydə alan cihaz seysmoqrafadlanır və seysmik stansiyalarda quraşdırılır. Zəlzələ baş verərkən əmələ gələn dağıntıları azaltmaq üçün binaların bünövrəsi möhkəm qurulur, əlavə texniki tədbirlər görülür. Zəlzələlərin baş verməsini heyvanlar daha tez hiss edirlər. Bu təbii fəlakətin baş verməsindən bir neçə saat əvvəl ev heyvanları, akvariumda olan balıqlar çox narahat olurlar. Ona görə Yaponiyada əksər evlərdə akvariumda balıqlar saxlayırlar.

İlk qeydə alınan zəlzələ tarixi b.e.ə. 2050-ci ilə aiddir. Hər il Yer üzərində təqribən 150 dağıdıcı, 7 min güclü, 19 min mülayim, 156 min zəif, bir neçə milyon çox zəif zəlzələ qeydə alınır. XX əsrdə hər biri 1000 nəfərdən çox insan ölümünə səbəb olar 80-dən çox zəlzələ baş vermişdir. Dünyada ən çox zəlzələ baş verən ərazi Çili hesab olunur. Burada hər il mindən çox zəlzələ baş verir. Dünyada 7 baldan güclü zəlzələ baş verməsi ehtimalı olan ərazilərdə ümumi əhalinin yarısı yaşayır. Bu ərazilərdə mövcud şəhərlərin 70%-i yerləşir.

Qeyzerlər və isti bulaqlar. Vulkan və zəlzələlər baş verən ərazilərdə Yerin daxilinə doğru temperatur daha sürətlə artır. Ona görə bu ərazilərdə yeraltı suların temperaturu çox yüksək olur və 100°C-yə çatır. Bu sular seysmik cəhətdən fəal olan ərazilərdə əmələ gəlmiş çatlardan yer səthinə yüksək təzyiqlə su buxarı və ya fəvvarə şəklində püskürür.

Yerin dərin qatlarından fasilələrlə fəvvarələr şəklində səthə çıxan qaynar su və buxara qeyzerlərdeyilir. Qeyzerlər İslandiyada, Yeni Zelandiyada, Şimali Amerikada, Kamçatkada, İtaliyada daha çoxdur. Ən böyük qeyzerlər isə ABŞ-ın Yelloustoun Milli parkında yerləşir. Kamçatkada yerləşən Velikan qeyzeri diametri 3 m olan su şırnağını 5-6 saatdan bir 40-50 m hündürlüyə püskürür. İslandiyada, Rusiyada, ABŞ-da, Kanadada qeyzerlərdən enerji alınmasında, evlərin, ofislərin, istixanaların qızdırılmasında istifadə olunur.

Qeyzerlər və onların en kəsiyi

Tektonik cəhətdən fəal ərazilərdə temperaturu 37°C-dən yüksək olan yeraltı sular səthə çıxaraq isti bulaqlar əmələ gətirir. Bu sular da isti su mənbəyi kimi və müalicə üçün istifadə olunur. Kəlbəcərdəki İstisu mineral bulağını buna misal göstərmək olar.

    Aygün Qurbanova

Miq,sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz

Əlaqə:0507689712


img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?