Aşınma və dağ süxurlarının dəyişməsi
- Yazar
- 17-okt-2024, 00:13
- 22 Baxış
Yer səthində və ya ona yaxın sahələrdə temperaturun dəyişməsi, atmosferin, suyun və orqanizmlərin kimyəvi təsiri ilə dağ süxurlarının parçalanması, xırdalanması və kimyəvi dəyişməsi aşınma adlanır. Yer səthində relyef formalarının əmələ gəlməsində, torpaq örtüyünün formalaşmasında aşınma mühüm rol oynayır. O, möhkəm süxurların parçalanmasına və daşınma üçün hazır olmasına şərait yaradır. Onlar daşınıb çökdürüldükdən sonra müxtəlif relyef formaları əmələ gəlir. Temperatur və rütubətlənmənin müxtəlifliyi, bitki örtüyünün yayılma şəraitindən asılı olaraq, aşınma fiziki, kimyəvi və üzvi formalara ayrılır.
Fiziki (mexaniki) aşınma. Süxurlar uzun müddət fasiləsiz olaraq istidən genişlənir, soyuqdan isə sıxılır. Bu proses nəticəsində kövrək süxurların səthində çatlar əmələ gəlir və xırdalanır. Fiziki aşınma zamanı süxurlar isti və quru iqlim şəraitində temperaturun dəyişməsi və küləyin təsiri ilə kimyəvi tərkibi dəyişmədən mexaniki yolla parçalanır və kiçik hissələrə bölünür. Fiziki aşınma səhralarda, yarımsəhralarda və quraq ərazilərdə daha intensiv gedir.
Kimyəvi aşınma prosesində süxurların tərkibi dəyişərək, yeni süxurlar və minerallar əmələ gəlir. Kimyəvi aşınma isti və rütubətli ərazilərdə daha intensiv gedir. Mineral və üzvi mənşəli maddələr kimyəvi aşınmada iştirak edir.
Üzvi aşınma.Canlı orqanizmlər olan bitkilər və heyvanlar da süxurların mexaniki olaraq dağılması və ya kimyəvi dəyişməsinə təsir edir. Süxurlarda yaranmış çatlara bitki toxumları düşərək inkişaf edir. Bu bitkilərin kökləri süxurların çatlarını genişləndirir və onu parçalayır. Bununla yanaşı, bitki və heyvan qalıqlarının çürüməsi, bəzi bitki növlərinin vegetasiyası zamanı ayrılan məhlullar da süxurları dağıdır. Mamır və şibyələrin bitdiyi süxurlara onlardan ayrılan maddələr təsir edir. Mikroorqanizmlər də kimyəvi aşınmada xüsusi rol oynayır.
Üzvi aşınma isti və rütubətli rayonlarda sürətlə gedir. Ona bioloji aşınma da deyilir.
|
Səhralarda “güllə atan daşlar” hadisəsini müşahidə etmək olar. Gündüz güclü qızan daşlar gecələr soyuyur. Həcmin tez-tez dəyişməsi onların səthində çatların əmələ gəlməsinə səbəb olur. Ona görə güllə açılmasına oxşar səslər eşidilir. Böyük Səhranın daxili rayonlarında yaşayan, yerli əhali olan tuareqlər bu səsləri “Günəşin səsi” adlandırırlar.
|
Üzvi aşınmanın nəticələri
Aşınmanın növü | Səbəbləri |
1. Fiziki (mexaniki) | 1. Temperaturun kəskin dəyişməsi 2. Buzlaqların təsiri 3. Küləyin təsiri 4. Süxur qatlarında suyun donması |
2. Kimyəvi | 1. Havanın təsiri 2. Suyun təsiri 3. Üzvi qalıqların təsiri |
3. Üzvi (bioloji) | 1. Bitki qalıqlarının toplanması 2. Heyvan orqanizmlərinin təsiri |
Aşınma uzun müddət ərzindən relyef formalarını dəyişməklə yenilərinin əmələ gəlməsinə təsir göstərir
Aygün Qurbanova
Coğrafiyadan MİQ,Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz
Əlaqə: 0507689712