Fiziki coğrafiya

Avropanın relyefi

  • Yazar
  • 17-okt-2024, 00:20
  • 7 Baxış

 

Şimali Avropada yerləşən qədim Skandinaviya dağları bütün Skandinaviya yarımadası boyunca uzanır. Bu dağlar yüksək deyil, onların ən hündür zirvəsi – Qalxepiggen dağıdır (2469 m).

Skandinaviya yarımadası 20 min il əvvələ qədər buzlaqlarla örtülü olmuşdur. Hazırda bu ərazilərdə belə buzlaqlar yoxdur, lakin buzlaqların fəaliyyəti nəticəsində yaranan relyef formaları geniş yayılmışdır. Bunlar moren tirәlәri, tәpәlәritroq dәrәlәridir. Buz örtüyü əridikdən sonra okeanda suyun səviyyəsi qalxmış, sahilboyu dərələr su altında qalmışdır. Dərələr körfəzlərə çevrilmişdir. Quruya daxil olmuş bu ensiz və dərin körfəzlər fyordlar adlanır.
Orta Avropanın relyefi üçün düzənliklər səciyyəvidir. Onlardan ən böyüyü Almaniya-Polşa ovalığıdır. Orta Avropanın Atlantik okeanı sahillərində qurunun tektonik әyilmәsi baş verir. Tədrici enmələr sahilboyu ərazilərin su altında qalması ilə nəticələnir. Subasmaların qarşısını almaq üçün bəndlər tikilir, dəniz qurudulur və antropogen mәnşәli düzәnliklәr yaradılır.
Orta Avropada - cavan, qövsvarı formaya malik Alp dağları yerləşir. Bu dağlar Afrika və Avrasiya litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir.

Alp dağları Şimali Avropanın qədim dağlarından yüksək, şişuclu (pikşəkilli) zirvələri və yamaclarının dik olmaları ilə fərqlənir.

Hündürlüyü 3500 m-dən yüksək zirvələr, o cümlədən Alp dağlarının hündürlüyü 4807 m olan ən yüksək zirvəsi Monblan (fr. “Mont Blanc” – ağ dağ deməkdir) dağ buzlaqları ilə örtülüdür. Alp dağlarının yerləşdiyi Fransa, İsveçrə, Avstriya, İtaliya kimi ölkələrdə həm qışda, həm də yayda fəaliyyət göstərən dağ kurortları yaradılmışdır. Bu kurortlar qış idman növləri həvəskarları arasında çox məşhurdur. Onlar ölkənin iqtisadiyyatına xeyli gəlir gətirməyə imkan verir. Lakin seysmik cəhətdən aktiv ərazilərdə zəlzələlər təsərrüfata, əhaliyə və səyahətə gəlmiş turistlərə ziyan vurur.

Cәnubi Avropa Aralıq dənizinin şimal sahillərini əhatə edir. Orta Avropa ilə müqayisədə sahil xətləri çox parçalanmışdır. Yarımada və adaların relyefi, əsasən, dağlıqdır. Pireney, Apennin, Balkan yarımadalarındakı dağlar intensiv tektonik və seysmik proseslərlə səciyyələnir. Etna, Vezuvi kimi fəaliyyətdə olan vulkanlar da burada yerləşir.

Balkan yarımadasında Karst platosu vardır. O, əsasən əhəngdaşı süxurları ilə örtülüdür. Bu süxurlar intensiv yuyulmaya məruz qalır. Onlarda karst relyef formaları, o cümlədən, mağaralar yaranır.

Şərqi Avropada yerləşən eyni adlı düzənlik Karpat dağlarından Ural dağlarınadək uzanır. Orta Rusiya, Volqaboyu, Valday yüksəklikləri bu ərazidədir. Düzənliyin şimalında buzlaq relyef formaları geniş yayılmışdır. Şərqi Avropa düzənliyi Ukrayna, Belarus ölkələrinə və Rusiyanın Avropa hissəsinə uyğun gəlir. Şərqi Avropa düzənliyi əhalinin ən çox məskunlaşmış ərazilərindən biridir. Burada Moskva, Sankt- Peterburq, Kiyev və başqa nəhəng sənaye şəhərləri yerləşir.

Şərqi Avropa düzənliyinin cənubunda, Asiya və Avropanın sərhədində cavan dağ sistemləri olan Krım və Qafqaz dağları uzanır.

Aygün Qurbanova

Coğrafiyadan MİQ,Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz

Əlaqə: 0507689712

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?