Fiziki coğrafiya

Atmosferin quruluşu və hava şəraiti

  • Yazar
  • 24-noy-2024, 01:52
  • 47 Baxış

 

Atmosferin əhəmiyyəti və tərkibi. Atmosfer Yerin ən üst qatı olmaqla, hava təbəqəsini əmələ gətirir. Yeri əhatə edən hava onunla birlikdə fırlanır və mühüm əhəmiyyətə malikdir. Atmosferdə baş verən proseslər canlı aləmin burada yaşamasına şərait yaradır. Onu təşkil edən havanın 78%-niazot, 21%-ni oksigen təşkil edir, qalan hissəsi karbon(0,03%) və digər qazlardan ibarətdir.

Havanın əsas hissəsi Yerə yaxın qatlarda toplanır. Onun tərkibində olan oksigen canlıların yaşaması üçün əsas elementdir. İnsanlar və heyvanlar aləmi oksigenlə nəfəs almadan yaşaya bilməz.

Atmosferdə havanın sıxlığı Yer səthinə yaxınlaşdıqca artır. Ona görə kosmosdan gələn meteoritlər alışıb yanır və çoxu Yerə gəlib çata bilmir. Atmosfer günəş şüalarının canlılar üçün zərərli olan hissəsinin qarşısını alır.

Atmosferin qaz tərkibi
İsti havada səsin sürəti soyuq havaya nisbətən daha çoxdur. Bu da səsin yayılma istiqamətinin dəyişməsinə təsir edir.

Atmosferdə olan havanın şaquli və üfüqi hərəkətləri su buxarının da yerdəyişməsinə səbəb olur. Bu zaman yağıntılar düşür, onların gətirdiyi sular yer üzərində çayları, gölləri, buzlaqları qidalandırır, torpaq və bitki örtüyünün əmələ gəlməsinə şərait yaradır.

Atmosferin təbəqələri. Yer səthindən yuxarıya doğru atmosfer təbəqələrə ayrılır. Yerə yaxın olan aşağı təbəqə troposfer adlanır. Onun hündürlüyü ekvatorda 18 km, orta enliklərdə 10-11 km, qütblərdə 8-9 km yüksəkliyə qədər qalxır. Yerə yaxın olduğuna görə havanın ümumi kütləsinin 80%-ə qədəri troposferdə toplanır.

Troposfer istiliyi Yer səthindən alır. Bu səbəbdən yuxarı qalxdıqca havanın temperaturu azalır. Troposferin aşağı qatlardan qızması nəticəsində yuxarıya doğru hava axını əmələ gəlir. Bu zaman, su buxarı da yuxarı qalxır və buludlar əmələ gəlir. Atmosferdə olan su buxarının demək olar ki, hamısı troposferdə toplanır.

Atmosferin təbəqələri
Havanın qızması və yuxarı qalxması
Müxtəlif səth örtüyünün qızması

Bu təbəqədə müxtəlif qaz qarışıqları, tozlar, vulkan püskürmələri və yanğınlar nəticəsində əmələ gələn his, kül, karbon qazı da vardır.

Troposferdən yuxarıda yerləşən stratosfer qatı 50-55 km hündürlüyə qədər qalxır. Stratosferdə havanın qalan hissəsi (20%) toplanır, lakin hava çox seyrək olur. Stratosferin aşağı qatlarında havanın temperaturu aşağıdır, 20-22 km-dən sonra havanın istiliyi artır. Burada su buxarı demək olar ki, yoxdur, nadir hallarda kiçik buz kristallarından ibarət buludlar (gümüşü buludlar) əmələ gəlir. Stratosferdə Yerdə yaşayan canlıları zərərli şüalardan qoruyan ozon qazları toplanır.

Stratosferdən yuxarıda 80 km hündürlüyə qədər mezosfer təbəqəsi yerləşir. Onun aşağı qatlarında temperatur 20°-30°C olsa da, yuxarı sərhədlərdə -90°C-yə qədər dəyişir.

Termosfer təbəqəsi 80 km-dən 800 km-ə qədər hündürlükdə yerləşir. Burada günəş şüaları havanın temperaturunu 1000°-1500°C-yə qədər qızdırır. Termosferdə Günəşdən gələn zərərli şüalar udulur və Yerə çatmır.

Atmosferin yuxarı sərhədi 2000-3000 km yüksəkliyə qədər qalxır. Burada ekzosfer təbəqəsi yerləşir, qazlar çox seyrək olur, günəş şüaları səpələnmir.

               Aygün Qurbanova

Miq,sertifikasiya və abituriyent hazırlığı üçün müraciət edə bilərsiniz

əlaqə:050 768 97 12

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?