Günəş radiasiyası
- Yazar
- 30-noy-2024, 14:34
- 21 Baxış
Havanın temperaturu iqlim göstəricilərindən biri olub, ilk növbədə günəş enerjisindən asılıdır. Yer kürəsində baş verən əksər proseslərin (meteoroloji, hidroloji, bioloji və s.) mənbəyi günəş enerjisidir. Günəşdən Yer atmosferinə qədər gəlib çatan günəş enerjisinin bir hissəsi (34%-i) əks olunaraq kosmosa qayıdır, qalanları isə atmosferə daxil olur. Onların bir hissəsi (təqribən 19%) atmosferdə udulur və səpələnir, qalan hissəsi Yer səthinə çatır. Səthə düşən enerjinin müəyyən qədəri onun qızmasına və buxarlanmaya sərf olunur. Günəşin şüalandırdığı enerji günəş radiasiyası adlanır (lat. “radiatio” - şüalanma, işıq).
Yer səthinə birbaşa çatan şüalar düz radiasiya adlanır. Onlar səthdə kölgə yaradır. Tropik və qütb səhralarında düz radiasiya hakimdir. Radiasiyanın bir hissəsi atmosferdən keçərkən su buxarı, bulud, aerozollar tərəfindən səpələnərək Yer səthinə müxtəlif istiqamətlərdən daxil olur ki, belə radiasiya sәpәlәnәn radiasiya adlanır. O, havanın çox rütubətli və buludlu olduğu ərazilər üçün səciyyəvidir. Düz və səpələnən radiasiyanın cəmi ümumi radiasiya adlanır.
Günəş radiasiyasının miqdarı kalori ilə (kkal/sm²/dəq) ölçülür. Ümumi radiasiyanın illik kəmiyyəti ekvatorboyu ərazilərdə 140–145, tropiklərdə 200–220, mülayim enliklərdə 100–140, qütblərdə 50–60 kkal/sm2 il.-ə bərabərdir.
Günəş radiasiyasının illik miqdarı əksər hallarda düzənlikdən orta dağlığa doğru azalır. Bunun səbəbi buludluluğun artmasıdır. Lakin orta dağlıqdan yüksək dağlığa doğru yenidən artır. Çünki yüksək dağlıqlarda buludluq azdır.
Düz və səpələnən radiasiyanın kəmiyyəti və il ərzində dəyişməsi iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə əkinçiliyin yerləşdirilməsində nəzərə alınır. Günəşin düz radiasiyası insan orqanizmində D vitamininin yaradıcısıdır. Bitkilərin məhsuldarlığı bilavasitə Günəş enerjisindən asılıdır.
Günəş radiasiyasının çox qəbul olunması mənfi fəsadlar da törədə bilir. Açıq havada işləyənlər arasında tez-tez günvurma hadisələri baş verir. Buna görə də yoltikinti işləri, əkinçilik fəaliyyəti ilə məşğul olanların iş qrafikində dəyişiklik edilir.
Yer səthinə çatan ümumi günəş radiasiyasının müəyyən miqdarı əks olunur, qalanı isə səthin rəngindən, istilik tutumundan asılı olaraq səthin qızmasına, buxarlanmaya sərf olunur. Suyun istilik tutumu çox yüksəkdir. O, radiasiyanın 95%-ni udur, 5%-ni isə əks etdirir.