Fiziki coğrafiya

Havanın temperaturu

  • Yazar
  • 30-noy-2024, 14:57
  • 16 Baxış

 

Günəş Yerdə istilik və işığın əsas mənbəyidir. Yer səthinə düşən istiliyin miqdarı ərazilər üzrə və ilin müxtəlif vaxtlarında qeyri-bərabər paylanır. Yerin qəbul etdiyi günəş istiliyinin miqdarı şüaların düşmə bucağından asılıdır. Buna Yerin kürə şəklində olması, ilin fəsilləri, buludluq, mütləq hündürlük və havanın şəffaflığı da təsir göstərir.

Günəş şüalarının yer səthini çox qızdırdığı ərazilər
Günəş şüalarının yer səthini zəif qızdırdığı ərazilər
Günəş şüalarının yer səthini az qızdırdığı ərazilər
Günəş şüalarının düşmə bucağının dəyişməsi

Yerin kürə şəklində olduğuna görə ekvatordan qütblərə doğru günəş şüalarının düşmə bucağı azalır, yer səthinin qəbul etdiyi istiliyin miqdarı aşağı düşür. Düşmə bucağı azaldıqca günəş şüaları daha geniş əraziləri əhatə edir, istilik çox sahəyə paylanır. Şüalar buludlardan keçərkən səpələnir. Ona görə buludlu havada temperatur aşağı düşür.

Hava şəffaf olduğuna görə Günəş şüaları onu birbaşa qızdırmır. Günəş şüaları Yer səthini qızdırır və hava Yer səthindən istilik alır. Səthdən uzaqlaşdıqca havanın temperaturu azalır.

Temperaturun ölçülməsi.

Hava üzərində daimi olaraq müşahidələr aparılır. Bunun üçün xüsusi olaraq müşahidə məntəqələri yaradılır. Havanın temperaturunu ölçmək üçüntermometrdən istifadə olunur. Termometr xüsusi hazırlanmış, havanın sərbəst dövr edə bildiyi qutuda yerləşdirilir. O, Yer səthindən 2 m yuxarıda qurulur, qapısı şimala tərəf açılır.

Yüksəkliyə doğru temperaturun azalması
Termometr
Havanın temperaturunun ölçülməsi
üçün istifadə edilən qurğu

Termometrin yuxarıda və kölgədə yerləşdirilməsinə səbəb onun birbaşa düşən günəş şüalarından, digər kənar təsirlərdən qorunmasıdır. Açıq havada yerləşdirilərsə, günəş şüaları birbaşa termometri qızdırmış olar, bu halda termometrin öz temperaturu göstərilər.

Sutkalıq temperaturun hesablanması. Müşahidə meydançalarında qurulan ölçmə cihazlarının, o cümlədən, termometrin göstəricisi hər 3 saatdan bir qeydə alınır. Beləliklə, sutka ərzində 8 dəfə havanın temperaturu ölçülür. Alınmış kəmiyyətlər toplanır və ədədi orta qiymət sutkalıq orta temperatur kimi qəbul edilir.
Sutka ərzində ən yüksək temperatur gündüz saat 14:00-15:00 radələrində, ən aşağı temperatur Günəş çıxmazdan 15 dəqiqə əvvəl qeydə alınır. Sutkalıq orta temperaturlar əsasında aylıq orta temperaturlar, onların əsasında da illik orta temperaturlar təyin olunur. Onlar da ədədi orta kəmiyyətin təyin edilməsi üsulu ilə hesablanır.

Günəş şüaları Yer səthinə düşür, səth örtüyü qızır. Səthdən ayrılan istilik ilə havanın aşağı qatları isinir. Yer səthindən uzaqlaşdıqca hava tədricən soyuyur. Temperatur hər 100 m-də təqribən 0,6°C aşağı düşür, bu, atmosferə xas olan mühüm coğrafi qanunauyğunluqlardan biridir.

Havanın temperaturu ekvatordan qütblərə doğru, yəni üfüqi istiqamətdə də dəyişir. Bunun səbəbi Günəş şüalarının Yer səthinə müxtəlif bucaq altında düşməsi və Yer səthinin qeyri-bərabər qızmasıdır. Günəş şüalarının böyük bucaq altında düşdüyü tropik enliklərdə Yer səthi daha çox, kiçik bucaq altında düşdüyü qütbyanı enliklərdə isə az qızır.

Havanın temperaturu il ərzində dəyişir. Şimal yarımkürəsində ən yüksək temperatur iyul ayında, ən aşağı temperatur yanvarda, Cənub yarımkürəsində isə əksinə müşahidə olunur. İqlim xəritələrində eyni temperaturları birləşdirən xətlər izotermlər adlanır.

Yer üzərində uzun illər ərzində müşahidə edilən ən yüksək temperatur mütləq maksimum, ən aşağı temperatur isə mütləq minimum adlanır. Dünyada mütləq maksimum temperatur Liviyanın Tripoli şəhəri yaxınlığında +58,1°C, Qərb yarımkürəsində isə ABŞ-ın Ölüm Dərəsində +56,7°C qeydə alınmışdır.

Mütləq minimum temperatur 2013-cü ildə Antarktidada Yaponiya mütəxəssisləri tərəfindən -91,2°C qeydə alınmışdır (Fudzi gümbəzi stansiyası). Şimal yarımkürəsində isə ən aşağı temperatur Rusiya Federasiyasının Oymyakon şəhərində -72°C müşahidə olunmuşdur.

Sutka ərzində maksimum və minimum temperaturlar arasındakı fərq sutkalıq temperatur amplituduadlanır. Günün ən aşağı temperaturu Günəş çıxmazdan bir qədər əvvəl, ən yuxarı temperaturu isə günortadan 2-3 saat sonra müşahidə olunur.

Bu, maraqlıdır. Bəzi ölkələrdə havanın temperaturu Farengeyt şkalasına əsasən ölçülür. Faringeyt şkalasına görə, suyun donma temperaturu +32°F, qaynama temperaturu isə +212°F-dir. Selsi şkalasındakı 0° Farengeytə görə (F) +32°-yə bərabərdir. Donma və qaynama arasındakı göstərici 180°-yə bərabərdir.

               Aygün Qurbanova

Miq,sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz

Əlaqə:0507689712

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?