Bulud və yağıntı
- Yazar
- 22-dek-2024, 00:09
- 28 Baxış
Atmosferdə daim müəyyən miqdarda su buxarı olur. Su buxarı havaya okean və dənizlərin, göllərin, çayların, bataqlıqların və buzlaqların səthindən buxarlanma nəticəsində qarışır. Torpağın səthindən, bitkilərdən də müəyyən miqdarda su buxarlanır. Yağış yağarkən suyun bir hissəsi çaylara, göllərə axır, bir hissəsi torpağa hopur, qalan hissəsi yenidən buxarlanaraq yuxarı qalxır. Buxarlanan suyun miqdarı havanın temperaturundan, ərazinin sahəsindən, küləyin sürətindən, havada toplanan suyun miqdarından asılıdır. |
Hava müəyyən miqdarda su buxarını özündə saxlaya bilir. Atmosferdə olan su buxarının miqdarı havanın rütubətliliyi adlanır. O, mütləq və nisbi rütubətlilik göstəriciləri ilə müəyyən edilir. 1m3havada olan suyun miqdarı mütləq rütubətlilik adlanır. İsti hava soyuq havaya nisbətən daha çox su buxarını saxlaya bilir. Ona görə mütləq rütubətlilik temperaturdan asılıdır, havanın temperaturu yüksəldikcə, 1m3 havada toplanan suyun miqdarı da artır.
Nisbi rütubətlilik havanın nə qədər su buxarı ilə doymasını göstərir və faizlə ölçülür. Havanın soyuması zamanı buxarlanan suyun maye hala keçməsinə kondensasiya deyilir. Hava qızaraq yuxarı qalxarkən, isti və soyuq hava qarşılaşdığı zaman soyuyur. İsti hava axını soyuq əraziyə gedərkən və ya soyuq hava isti sahəyə daxil olarkən də onun soyuması və kondensasiyası müşahidə olunur.
Formasına görə buludlar 3 əsas qrupda birləşir. Onlara laylı, topa və lələkli buludlar aiddir. Buludların hər birinin müxtəlif növlərə ayrılır. Onlar yer səthindən 2-3 km-dən 6 km-ə qədər və daha yuxarı qatlarda toplanır.
İsti hava tədricən soyuq havanın üzərinə hərəkət edir, yavaş-yavaş yuxarı qalxır. Bu zaman, laylı buludlar əmələ gəlir. Alçaq, boza çalan laylı buludlar səmanı örtərkən hava tutqun olur. Onların hündürlüyü 2 km-ə qədər qalxır, laylı-topa və laylı-yağış formaları ayrılır. Laylı- yağış buludlardan uzunmüddətli yağışlar və ya qar yağır. Bəzən geniş ərazilərdə laylı buludlar səmanı tamamilə örtür, Günəş görünmür. Ona görə belə vəziyyətdə qışda hava mülayim, yayda sərin keçir. Bəzən buludlarda laylar boz kölgəsi olan iri təpələr formasında görünür. Onlar laylı-topabuludlar adlanır. Həmişə rəngsiz olur, ağ rəngdə görünür, günəş şüaları keçə bilmədiyinə görə aşağı hissəsi sıx və tünd rəngli olur. |
Yazda, yayda və payızda yer səthi çox qızır və buxarlanan suyun miqdarı artır. Qızmış yer səthindən yuxarı qalxan güclü hava axını ilə birlikdə su buxarı 2-3 km və daha yuxarı qalxır. Nəticədə topa buludlar əmələ gəlir. Hava axını sürətlə yuxarı qalxarkən topa buludlar 10 km-ə qədər yüksələ bilir. Əmələ gələn buludlar tünd rəngdə olub, səmanı tamamilə örtür. Onlar topa-yağış buludları adlanır, leysan yağışlarının və dolunun yağmasına səbəb olur. |
Lələkli buludlar 6000 m-dən yüksəkdə əmələ gəlir. Hava soyuq olduğu üçün lələkli buludlar kiçik buz kristallarından ibarətdir. Troposferin yuxarı qatlarında əmələ gəlir, nazik təbəqələr formasında olur. Günəşli günlərdə səmada səpələnmiş halda, göz qamaşdıran ağ liflər və ya lələklər formasında görünür. Lələkli buludlar yağıntı vermir, bəzən havanın soyuqlaşmasının əlamətlərini göstərir. |
Səmanın buludlarla örtülmə dərəcəsi buludluq adlanır. Buludluq 10 bal və ya faizlə ölçülür (1 bal = 10%). Nefoskop adlanan cihazla buludların sürəti və hərəkət istiqaməti müəyyən edilir. Buludlar yağıntıların növünü, havanın qızıb-soyumasını müəyyən edir. Yer səthinin geniş ərazilərində buludlar üzərində müşahidələr kosmik gəmilərdən və meteoroloji peyklərdən aparılır. Alınmış məlumatlar hava proqnozu üçün istifadə olunur.
Hava istənilən qədər su buxarını, buludlar su damcılarını və buz kristallarını özündə saxlaya bilməz. Yuxarı qalxan və kondensasiya olunaraq suya çevrilən damcıların, bəzən buz kimi yığılan kristalların ölçüləri böyüyür. Müəyyən vaxtdan sonra onlar Yer səthinə düşür və atmosfer yağıntılarını əmələ gətirir. Əraziyə kənardan rütubətli hava axınlarının daxil olması və ya isti havada buxarlanan suyun çoxalması buludlarda rütubətin artmasına və yağıntıların düşməsinə səbəb olur.
Buludlardan yer səthinə yağıntılar yağış, qar və dolu formalarında düşür. Onlara atmosfer yağıntıları deyilir.
Şeh
|
Duman
|
Qar
|
Buxar
|
Dolu
|
|
Qırov
|
Yağış
|
Buz
|
Qütblərə yaxın yağan qar bir neçə ay yerdə qalır. Azərbaycanda yağan qar bir neçə günə əriyir və daimi örtük əmələ gətirmir. Böyük Səhrada isə, demək olar ki, qar yağmır. |
Qar qışda torpağı donmağa qoymur, burada olan həşəratları və digər canlı orqanizmləri şaxtadan qoruyur. Qar tədricən əridiyinə görə çox hissəsi torpağa hopur, onun rütubət ehtiyatını artırır. Ona görə yazda torpağın məhsuldarlığı yüksək olur. Dağlarda yağan qar çayları qidalandıran əsas su mənbələrindən biridir.
Dolu yağması dağlarda və dağətəyi ərazilərdə müşahidə olunur. Onun yaranması yazda və yayın əvvəllərində tez-tez müşahidə olunur. Dolu kənd təsərrüfatı əkinlərinə ciddi ziyan vurur. Bu zaman əsən güclü külək və leysan yağışları da dağıntılara səbəb olur. Ona görə dolunun qabaqcadan xəbər verilməsi ilə onu əmələ gətirən buludların dağıdılması mümkündür.
Axşamüstü və gecələr yer səthinə yaxın havanın temperaturu aşağı düşür. Ona görə də yuxarı qalxan hava axınları yaranmır. Belə vəziyyətdə su hövzələrindən, torpaq səthindən və bitkilərdən buxarlanan su aşağı qatlarda toplanır. Bu zaman havanın temperaturunun azalması nəticəsində su buxarının kondensasiyası baş verir və şeh əmələ gəlir. Bu proses nəticəsində yaranan su damcıları yağıntı formasında Yer səthinə, əşyalara, bitkilərin üzərinə çökür. Şeh, əsasən, yazın sonu və payızın əvvəllərində müşahidə olunur, çünki bu vaxtlarda gecə ilə gündüz arasında temperatur fərqi böyük qiymətlər alır.
Şeh
|
Gündüz havanın temperaturu müsbət, gecə mənfi olduqda, buludsuz, küləksiz şəraitdə havadakı su buxarı soyuq səthə təmas etdikdə su buxarı maye hala keçmədən birbaşa buz kristallarına çevrilir. Bu zaman qırov əmələ gəlir. Qırov payızın axırı, qışda və yazın əvvəllərində, havanın temperaturu 0°C-dən aşağı olduğu zaman yaranır. Əmələ gələn buz kristalları otlar, budaqlar, gölməçələrdə olan buz qatının üzərində toplanır.
Qırov
|
Sırsıra
|
Qışda havanın temperaturu 0°C-dən aşağı olduqda budaqlar, məftillər, sütunlar üzərində qalın buz qatının çökməsi nəticəsində sırsıra yaranır. Sırsıra Yer səthinə yaxın havanın temperaturu 0°C-dən -3°C-yə qədər (bəzən daha aşağı) olarkən, soyumuş yağış və ya duman damcılarının donması zamanı əmələ gələn bərk yağıntıdır. Sırsıra yüksək intensivliyə malik olan zaman təhlükəli olur, məftillər qırılır, budaqlar sınır, rabitə xətlərinin dirəkləri aşır.
Aygün Qurbanova
Miq, sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə: 0507689712