Okean suyunun fiziki-kimyəvi xüsusiyyətləri
- Yazar
- 02-fev-2025, 13:21
- 146 Baxış
Suyun fiziki-kimyəvi xassələrinə onun temperaturu, duzluluğu, şəffaflığı və səs dalğalarının suda yayılması aiddir. Okean səthində suyun temperaturu coğrafi enlikdən, qurunun, okean cərəyanlarının və daxili küləklərin təsirindən, suyun dərinliyindən və ilin fəslindən asılıdır.
5-10° şimal enlikləri arasında okeanlar az sahə tutur və sular çox qızır. Burada okean suyunun orta illik temperaturu 27,4°C-dir. Tropik enliklərə çox günəş işığı düşsə də, onun əsas hissəsi buxarlanmaya sərf olunur. Ekvatordan şimala və cənuba doğru okean suyunun orta illik temperaturu azalır. Qütblərdə -1-2°C temperaturda okean suyu donur.
Suyun 20 m dərinliyinə qədər olan hissəsində temperatur eynidir. Mövsümi dəyişmə 100 m dərinliyə qədər sahəni əhatə edir. Suyun qarışması nəticəsində onun aşağı hissələri də qızır. İl ərzində okeanın 1000 m-ə qədər olan üst hissəsi qızır. Okeanın dərinliyinə doğru temperatur aşağı düşür.
3000-4000 m-dən dərində okean suyunun temperaturu 2-3°C-dən çox olmur.
Dünya okeanında suyun temperaturunun paylanması
Bir litr suda həll olan duzların miqdarına duzluluq* deyilir. Duzluluq promille ilə (‰) ölçülür və o, tamın 1/1000 hissəsini göstərir. Xəritədə duzluluğu eyni olan nöqtələri birləşdirən xətlər izoqalin adlanır. Okean suyunda həll olmuş elementlərin 80%-ni duzlar təşkil edir. Onlar arasında natrium-xlor birinci yeri tutur. Ona görə okean suyu acı-şordur. Maqnezium suya acılıq dadı verir.
Dünya okeanında orta duzluluq 35‰-dir, yəni 1 litr okean suyunda 35 qram duz həll olmuşdur (1 tonda 35 kq). Okean suyunun duzluluğuna yağıntılar və buxarlanmanın miqdarı, çay və buzlaq suları, okean cərəyanları təsir edir. Suyun səthindən şirin su buxarlanır. Ona görə buxarlanma nəticəsində suyun duzluluğu artır. Aysberqlər* yüksək coğrafi enliklərdə duzluluğu azaldır. İsti okean cərəyanlarının duzluluğu çox olur. Soyuq cərəyanların duzluluğu azdır. Ona görə ki, onların üzərində buxarlanma az olur, gələn suların duzluluğu ətraf sulardan aşağıdır.
Suyun səthində duzluluq 36‰-dirsə, 2000 m dərinlikdə bu göstərici 34,6-35‰-dir. Atlantik okeanı ensiz olduğuna görə buxarlanan suyun əsas hissəsi yağıntı şəklində materiklərə düşür və suyun duzluluğu yüksəlir. Xəzər dənizinin cənubunda suyun orta duzluluğu 12- 13‰-ə yaxındır.
Okean suyunun orta duzluluğu
Okean suyunda şəffaflıq diametri 30 sm olan gümüşü rəngli lövhənin göründüyü məsafəyə əsasən təyin edilir. Sakit okeanın tropik və subtropik enliklərində suyun şəffaflığı daha yüksəkdir.
Okean suyunun şəffaflığının təyin edilməsi
Aygün Qurbanova
MİQ,Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə: 050--768-97-12