Fiziki coğrafiya

Dünya okeanından istifadə

  • Yazar
  • 02-fev-2025, 13:37
  • 44 Baxış

 

Yer kürəsinin quru hissəsində əlverişli təbii şəraitə malik ərazilər insanlar tərəfindən mənimsənilmişdir.

İnsanlar bu ərazilərdəki təbii sərvətlərdən yüz illərdir ki, istifadə edir. Hazırda onların çoxu tükənmiş və ya tükənmək dərəcəsinə çatmışdır. Lakin Yer kürəsinin əhalisi artmaqda davam edir, sərvətlər isə daha çox azalır.

Quruda təbii ehtiyatların azalması insanların Dünya okeanının resurslarından istifadəyə daha çox diqqət yetirməsi ilə nəticələnmişdir. Yeni sərvətlərin aşkar edilməsi və istifadə olunması üçün okeanların xüsusiyyətləri öyrənilməlidir. Onların əldə edilməsi üçün uyğun texnologiya və texniki avadanlıq tələb olunur. Lakin Dünya okeanı müxtəlif təbii ehtiyatlarla zəngindir və onlar quruda tükənməkdə olan təbii sərvətləri əvəz edə bilər.

Dünya okeanının ən qiymətli sərvətlərindən biri dəniz sularıdır. Okean suyunda həll olmuş halda 70-dən çox kimyəvi element var: xörək duzu, xlor, maqnezium, kalium, brom, uran, qızıl və s. Dünyada adambaşına 270 mln m3 su düşür. Lakin dünya əhalisinin şirin suya oaln tələbatı ödənilmir.

Dünyada 80-dən çox ölkə şirin su çatışmazlığından əziyyət çəkir. Şirin su ilə təmin olunmağın ən perspektivli yollarından biri Dünya okeanının duzlu sularının şirinləşdirilməsidir. Dəniz sularının şirinləşdirilməsi texnologiyası hazırda 100-dən çox ölkədə tətbiq edilir.

Ən güclü suşirinləşdirici qurğular Cənub-Qərbi Asiyanın varlı ölkələrindədir. Şirinləşdirilmiş sular əhalinin içməsi üçün yararlı deyil, məişətdə və sənayedə (maşınqayırma zavodlarında, elektrik stansiyalarında) istifadə olunur.

                                                      Su şirinləşdirici qurğu

Dünya okeanı qiymətli xammal  yanacaq mənbəyidir. Okean və dənizlərin şelf zonalarından çıxarılan qiymətli yanacaq - neft və təbii qaz daha böyük əhəmiyyət kəsb edir. İran körfəzi, Şimal dənizi, Meksika körfəzi, Kaliforniya sahilləri, Cənubi Çin və Xəzər dənizlərindən kifayət qədər neft və təbii qaz çıxarılır. Dənizlərin şelfində dəmir filizi, mis, nikel və civə yataqları kəşf edilmişdir.

Okeanların dibində toplanmış, səthə qaldırılması mümkün olan zəngin filiz ehtiyatları var. Onlar Sakit okeanın mərkəzi və şərq hissəsində daha çoxdur (16 mln. km2). Bu filizlərin çıxarılmasına ilk cəhdi Havay adaları rayonunda ABŞ göstərmişdir. Böyük Britaniya, Kanada, Yaponiya və Çində sualtı daş-kömür mədənləri var. İndoneziya, Tailand, Malayziya sahillərində qalay, Namibiya sahillərində isə almaz çıxarırlır.

Əhalinin və iqtisadiyyatın müxtəlif sahələrində enerjiyә olan tələbatın ödənilməsində Dünya okeanı mühüm rola malikdir. Dünya okeanından enerji almaq üçün ilk növbədə, qabarma-çəkilmədən istifadə edilir.

Açıq dəniz və okeanlara çıxışı olan Fransa, Kanada, Böyük Britaniya, Avstraliya, Argentina, ABŞ və Rusiyada qabarmanın gücündən enerji alınır. Bu məqsədlə artıq xeyli sayda qabarma elektrik stansiyaları tikilmişdir.

Bir sıra ölkələrdə dalğa və cərəyanların enerjisindən istifadə olunması layihələri işlənilir. Belə bir elektrik stansiyası fransızlar tərəfindən Afrika sahillərində quraşdırılmışdır.

Dünya okeanında bioloji resurslar – bitkilər (yosunlar) və heyvanlar (balıqlar, məməlilər, molyusklar, xərçəngkimilər) da çoxdur. Okeanın bütün biokütləsi 35 mlrd. ton təşkil edir ki, onun da 0,5 mlrd. tonu balıqların payına düşür. Dünya okeanından ovlanan balıq, molyusk, xərçəngkimilər insanların zülala olan tələbatının 20%-nı ödəyir. Okean canlılarından heyvandarlıq üçün yüksək kalorili yem unu almaq məqsədilə istifadə edilir. Hazırda ABŞ, Fransa, Yaponiya, Çin, Filippin, Niderland, İtaliya və s. ölkələr sahilboyu ərazilərində dəniz plantasiyaları yaradaraq marikültür təsərrüfatını (lat. dəniz mədəniyyəti) inkişaf etdirir, yəni, dəniz canlılarını süni şəkildə yetişdirir və çoxaldırlar.

Okeanın hər tərəfi məhsuldar deyil. Təbii sərvətlərlə daha zəngin ərazilər, əsasən, sahilboyu şelf zonalarıdır. Norveç, Berinq, Oxot, Yapon dənizləri bioloji ehtiyatına görə daha məhsuldar ərazilər hesab olunur.

Okean və dənizlərdən nәqliyyat mәqsәdilә istifadə edilməsinin tarixi daha qədimdir. Bu sahədə inkişaf etmiş sahilboyu və ada dövlətləri daha çox fərqlənir. Böyük Britaniya və Yaponiyada dəniz nəqliyyatı xarici daşımaların 98%-ni, ABŞ-da isə 90%-nı təşkil edir.

Dəniz yükdaşınmalarında yükün tərkibi

  1     maye yüklər (neft və neft məhsulları,
mayeləşdirilmiş qaz və s
    2   əsas yüklər (ərzaq, yarımfabrikat, hazır
məhsullar)
     3  xammal (dəmir filizi, daş kömür,
boksit, fosforit və s)
      4 digər yüklər


Böyük coğrafi kəşflər dövründən başlayaraq Atlantik okeanı gəmiçilikdə əsas yer tuturdu. Asiya - Avropa, ABŞ - Avropa, Afrika - ABŞ, Afrika - Latın Amerikası və s. ticarət yolları Atlantik okeanından keçir.

Hazırda dəniz yükdaşımasında Sakit okean ilkin yer tutur. Burada əsas yüklər Şərqi Asiyanın “yeni sənayeləşmiş ölkələri” ilə Amerikanın qərb sahilləri boyunca aparılır. Hind okeanında ən çox yükdaşıma İran körfəzi zonasındadır. Dəniz nəqliyyatının coğrafiyasına beynəlxalq kanallar, xüsusilə Süveyş  Panama kanalları mühüm təsir göstərir. Onlar gəmilərin yolunu xeyli (müvafiq olaraq 30 və 18 min km) qısaldır.

Dəniz nəqliyyatının coğrafiyasına konteynerləşdirmə, yəni yüklərin konteynerlərlə daşınması ciddi təsir göstərmişdir. Su nəqliyyatının inkişafı Sinqapur, Rotterdam, Honkonq, Şanxay, Kobe, Pusan, Los-Anceles, Nyu-York, Hamburq, İokoqama, Tokio kimi nəhəng dəniz limanlarının yaranmasına səbəb olmuşdur.

Son zamanlar Dünya okeanı sahillərindən istirahət və turizm məqsədləri üçün istifadə edilməsi imkanları artır.

                                                 Aygün Qurbanova

MİQ,Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.

Əlaqə: 050-768-97-12






img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?