Dünya okeanı və onun hissələri
- Yazar
- 02-fev-2025, 14:11
- 267 Baxış
Dünya okeanı hidrosferin əsas hissəsidir. Onu təşkil edən sular Yerin ¾ hissəsini örtür. Dünya okeanı vahiddir, heç yerdə kəsilmir, sərbəst olaraq bir okeandan digərinə keçmək mümkündür. Ona görə quruya rast gəlmədən Yerin ətrafına dolanmaq mümkündür.
Dünya okeanı materiklər vasitəsilə okeanlara bölünür. Hidrosferin əsas hissəsini, yəni 96,5%-ni okeanlar və dənizlər təşkil edir. Okeanlar materikləri və adaları əhatə edir. Planetimizdə 4 okean var: Sakit okean, Atlantik okeanı, Hind okeanı, Şimal Buzlu okeanı.
Hind okeanı sahəsinə görə üçüncü yeri tutur. Hind okeanının çox hissəsi Cənub yarımkürəsində yerləşir. Okean 4 materiklə - şimalda Avrasiya, qərbdə Afrika, şərqdə Avstraliya, cənubda Antarktida ilə əhatə olunur. Sahəsi 76,3 mln. km2, suyunun həcmi 282 mln. km3, ən dərin yeri Zond (Yava) çökəkliyində 7729 m-dir.
Hind okeanında dənizlər və körfəzlər digər okeanlara nisbətən azdır. Okeanda Ərəbistan və Qırmızı ən böyük dənizlər, Benqal, Böyük Avstraliya ən böyük körfəzlərdir.
Hind okeanının dibində dağlar, təpələr, çatlar və çökəkliklər var. Okean suyunun orta temperaturu 20°C-dir. Antarktidaya yaxın ərazilərdə isə bu göstərici 0°C və daha aşağı olur. Buna baxmayaraq, Hind okeanı kifayət qədər istidir. Okeanın faunası bir çox əlamətlərinə görə Sakit okeana bənzəyir. Hind okeanı həm də minerallarla zəngindir. İran körfəzində ən böyük neft yataqları yerləşir.
Hind okeanı
Şimal Buzlu okeanı-sahəsinə görə ən kiçik okeandır. Onun çox hissəsi buzla örtülmüşdür. Şimal Buzlu okeanı Avrasiya və Şimali Amerika materiklərinin sahilləri ilə əhatə olunur. Sahəsi 14,0 mln. km2, ən dərin yeri Qrenlandiya dənizində 5527 m-dir..Şimal Buzlu okeanında böyük körfəzlər azdır.
Şimal Buzlu okeanı
2021-ci il iyunun 8-də Ümumdünya okeanlar günündə Beynəlxalq Coğrafiya Cəmiyyəti Cənub okeanının mövcud olmasını rəsmən tanımışdır. Cənub okeanı Antarktida materikinin sahilləri boyu olan suları 60° cənub enliyinə qədər əhatə edir. Bu sərhədlər daxilində onun sahəsi 20,3 mln. km2, ən dərin yeri Cənubi Sandviç çökəkliyində 8425 m-dir.
Cənub okeanı
Dənizlər quru və sualtı maneələr vasitəsilə okeandan ayrılan su sahəsidir. Okeandan təcrid olunmasına görə dənizlər bir-birindən fərqlənir. Qurunun içərisinə daha çox daxil olan dənizlər daxili dənizlərdir. Qara, Azov, Aralıq, Qırmızı, Baltik, Mərmərə və s. dənizlər okeanla boğazlarla birləşir. Materikin sahilində yerləşən kənar dənizlər okeandan adalar vasitəsi ilə ayrılır. Onlar şelf və materik yamacında yerləşir. Berinq, Oxot, Karib, Norveç, Sarı və s. belə dənizlərdir.
Adalararası dənizlər materik sahillərindən kənarda, adalar arasında yerləşir, məsələn: Fillipin, Sulavesi, Yava, Fici və s. Okean və dəniz sularının quruya daha çox daxil olan hissələri körfəz adlanır. Körfəzlərin okeanla təbii sərhədləri olmur. Bəzi dənizlərin adı səhvən körfəz (Meksika, Hudzon), körfəzlərin adı isə dəniz (Ərəbistan) adlandırılmışdır.
Dünya okeanının bir hissəsi boğazlardır. Boğazlar dəniz və okeanları birləşdirməklə su yollarını xeyli qısaldır. Berinq, Zond, Dreyk, Devis boğazları isə okeanları əlaqələndirir.
Bəzən insanlar okean və dənizləri süni yollarla – kanallarla birləşdirirlər. Bunun üçün ən əlverişli yerlər bərzəxlərdir. Bərzəx iki böyük quru sahəsini birləşdirən ensiz quru zolaqlardır (Panama, Süveyş).
Süveyş bərzəxi. Bərzəxdə (Misir dövlətinin ərazisində) Aralıq və Qırmızı dənizləri birləşdirən Süveyş kanalı çəkilib.