Göllər
- Yazar
- 10-fev-2025, 19:07
- 60 Baxış
Göl - təbii çökəklikdə yerləşən və okeanla əlaqəsi olmayan su hövzəsidir. Yer kürəsində göllərin ümumi sahəsi 2,7 mln. km2-dir. Bu da Yerin quru sahəsinin 1,8%-i deməkdir. Yer üzündə ən böyük göl Xəzər, ən dərin göl isə Baykal (dərinliyi 1620 m) gölüdür.
Göllər mənşəyinə görə tektonik, vulkanik və ya krater, buzlaq, meteorit, axmaz, uçqun və ya bənd, qalıq və ya relikt qruplara ayrılır.
Mənşəyi | Adı |
Tektonik | Xəzər, Aral, Baykal, Yuxarı, Tanqanika, Nyasa, İssık-Kul, Balxaş |
Axmaz | Hacıqabul, Sarısu, Ağgöl |
Buzlaq | Tufangöl |
Vulkanik | Yava, Yeni Zelandiya adaları və Kamçatka yarımadasındakı göllər, məs., Kamçatkada Kronotsk gölü. |
Uçqun-bənd | Göygöl və Maralgöl |
Göllər atmosfer yağıntılarının, çayların və yeraltı suların hesabına qidalanır. Su rejiminə görə göllər axarlı və axarsız olur. Şorsulu göllərdən xörək duzu və başqa qiymətli maddələr çıxarılır.
Göllər |
Sahəsi, min km2 |
Yerləşdiyi materik |
Xəzər | 376,0 | Avrasiya |
Yuxarı | 82,4 | Şimali Amerika |
Viktoriya | 68,0 | Afrika |
Huron | 59,6 | Şimali Amerika |
Miçiqan | 58,0 | Şimali Amerika |
Tanqanika | 34,0 | Afrika |
Baykal | 31,5 | Avrasiya |
Nyasa | 30,8 | Afrika |
Göl – yer səthində, təbii qapalı çökəklikdə yerləşən su hövzəsidir. Çökəkliyin mənşəyi ərazinin relyef xüsusiyyətlərindən asılıdır. Göl suyunun tərkibi isə iqlim şəraitindən, yeraltı sulardan, çaylardan və s. asılıdır.
Göllər axarlı və axarsız olur. Əgər gölə çaylar tökülür və eyni zamanda, ondan çay başlayırsa, axarlı göl hesab olunur. Axarsız göllərə isə çaylar yalnız tökülür, heç bir çay başlamır.
Axarlı göllər suyun kimyəvi tərkibinə görə axarsız göllərdən fərqlənir. Axarlı göllər şirin sulu olur. Dünyanın şirin sulu göllərinə Böyük göllər, Atabaska (Şimali Amerika), Titikaka (Cənubi Amerika), Viktoriya və Tanqanika (Afrika), Baykal (Avrasiya) və s., Azərbaycanda Göygöl, Böyük Alagöl, Candargöl, Qaragöl, Maralgöl, Batabat misal ola bilər. Yağıntıların bol olduğu ekvatorial və mülayim enliklərdə şirin sulu göllər daha çoxdur.
Axarsız göllər, adətən, şor sulu olurlar. Dünyanın ən duzlu göllərinə Ölü dəniz (Avrasiya), Assal (Afrika), Elton və Baskuncak (Avrasiya), Eyr (Avstraliya), respublikamızda isə Binəqədi, Masazır, Acınohur,Sarısu, Hacıqabul və Ağgölü nümunə göstərmək olar.
Duzlu göllər daha çox quraq iqlim şəraitində geniş yayılmışdır.
Sahəsinə görə dünyanın ən böyük gölü duzlu suyu olan Xəzər dənizidir. Böyüklüyünə görə onu dəniz adlandırsalar da, dünya okeanı ilə birbaşa əlaqəsi olmadığına görə göl hesab olunur. Xəzərə 130-a qədər çay tökülür (Volqa, Ural, Emba, Kür, Samur və s.). Onun səviyyəsi okean səviyyəsindən 27 metr aşağıda yerləşir.
Ən dərin yeri – Lənkəran çökəkliyi – 1025 metrdir. Dərinliyinə görə yalnız Baykal və Tanqanika göllərindən geri qalır.
Göllər təsərrüfat məqsədləri ilə də geniş istifadə olunur.
Ölü dəniz İsrail və İordaniya dövlətləri arasında yerləşir. O, okean səviyyəsindən təqribən 423 m aşağıdadır. Dəniz adlandırılsa da, əslində o, göldür. Onun sahəsi 810 km 2 -dir, dərinliyi isə 370 m-ə qədərdir. Ölü dənizə İordan çayı və bir neçə kiçik çaylar tökülür. Havanın temperaturunun yüksək olması dənizdə güclü buxarlanmaya səbəb olur. Göldən heç bir çayın axmaması mineral maddələrin və duzların göldə toplanmasına səbəb olur.
Ölü dənizi çoxlu sayda mineral yeraltı bulaqlar da qidalandırır. Onun suyu okean suyundan təxminən 8 dəfə duzludur. Bu da Ölü dənizi canlı varlıqlar üçün yararsız edir. Yüksək duzluluq səbəbindən Ölü dənizdə batmaq mümkün deyil. Ölü dənizin suyu və palçığı müalicəvi əhəmiyyətə malikdir. Bu da çoxlu sayda turistləri özünə cəlb edir.
Aygün Qurbanova
MİQ, Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə: 050-768-97-12