Buzlaqlar
- Yazar
- 10-fev-2025, 19:17
- 29 Baxış
Buzlaqlar quru üzərində hərəkət edən buzların toplanmasıdır və qurunun 11%-ni və ya 16,3 mln. km2-ə malik olan ərazisini tutur. Onlar qar xəttindən yuxarıda yaranır. Qar xətti bütün ilboyu, hətta yay aylarında belə temperaturun 0°C-dən aşağı olduğu hündürlüyə deyilir.
Qar xəttindən yuxarıda quru səthinə düşən qar əriməyə macal tapmadan toplanır. Tədricən sıxılaraq qar dənəvər formada və tutqun rəngli firn (alm. – “köhnə qar” ) buzuna çevrilir. Sonrakı mərhələdə qar daha da bərkiyərək südrəngli şəffaf qletçer (alm. – “buzlaq”) buzunu əmələ gətirir. Coğrafiyanın buzlaqları öyrənən qolu qlyasiologiya (lat. – “buz; elm” ) adlanır.
Qar xətti ərazinin iqlim xüsusiyyətlərindən asılıdır. Yerin iqlimi coğrafi enlikdən asılı olaraq dəyişdiyi üçün qar xəttinin hündürlüyü də dəyişir. Yamacların istiqaməti də qar xəttinin hündürlüyünə təsir edir. Dağların ekvatora baxan yamaclarında qar xətti hündür, əks yamaclarında isə nisbətən aşağı olur.
Azərbaycanda buzlaqlar hündürlüyü 3900 m-dən hündür olan Bazardüzü, Şahdağ, Tufandağ, Bazaryurd zirvələrində, az miqdarda Qapıcıq dağında yayılmışdır.
Quruda buzlaqlar dağ və materik (örtük) buzlaqlarına bölünür. Dağ buzlaqları qar xəttindən yuxarıda yerləşən zirvələrdə, yamaclarda və dağarası çökəkliklərdə yaranır. Ən böyük dağ buzlaqları Alyaskada, Himalay, Hindiquş, Pamir və Tyan-Şan dağlarındadır.
Dağ buzlaqları yamacboyu hərəkət edərək müxtəlif relyef formaları yaradır.
Materik (örtük) buzlaqları böyük əraziləri əhatə edir və daha qalın olması ilə fərqlənir. Bu buzlaqlar qar xəttinin 0 m-ə yaxın olduğu ərazilərdə – Antarktida, Qrenlandiya və bəzi qütbətrafı adalarda yayılmışdır. Antarktidada buz örtüyünün orta qalınlığı 2000 m-ə çatır. Materik (örtük) buzlaqları günbəzvarı və ya qalxanvarı formaya malik olur. Toplanan buz qatı öz ağırlığı nəticəsində kənarlara doğru hərəkət edir və qırılaraq dənizə düşür. Nəticədə üzən buz dağları – aysberqlər yaranır. Aysberqlərin uzunluğu 100 km və ondan da çox ola bilər. Onların hündürlüyü, adətən, 35– 50 m olur.
uzlaqların böyük iqtisadi əhəmiyyəti vardır. Dağ buzlaqları müxtəlif çayları qidalandırır. Bir çox ölkələrdə su qıtlığı probleminin həll olunmasında buzlaqlardan istifadə edilir. Aysberqlərin yedək gəmiləri vasitəsilə isti ölkələrə gətirilməsi layihələri mövcuddur. Hesablamalara görə, bu layihə dəniz suyunun şirinləşdirilməsindən xeyli ucuz başa gəlir. Qrenlandiyada buzlaq suları ilə işləyən elektrik stansiyaları fəaliyyət göstərir.
Buzlaqlar müxtəlif səbəblərdən, xüsusilə iqlimin təsiri ilə dövri olaraq irəliyə və geriyə doğru hərəkət edir. İslandiya və Qrenlandiya buzlaqlarının geriyə çəkilməsi nəticəsində vikinqlərin X–XI əsrlərdə saldıqları məskənlər buzun altından üzə çıxmışdır.
Aygün Qurbanova
MİQ, Sertifikasiya və abituriyent hazırlığı üçün müraciət edə bilərsiniz.
Əlaqə: 050-768-97-12